Xəyalə Məmmədova

Köşə yazarı

21:03 23 Sentyabr 2018 2350
A- A+

Ona aşiq olmamaq mümkünsüzdür...

Payız...

Yerə baxanda torpaqla qovuşan sarı yarpaqları, göyə baxanda illərlə qəlbində yığılan ağırlığı, çevrilib özünə baxanda isə yerlə göydən heç də fərqinin olmadığını gördüyün fəsil. "Anlamağın, ağlamağın, ayrılmağın zamanıdır"- deyənlərin, fikrə gedən baxışların fəsli.

Yaz fəslini sevmək gözəl bir qadını sevməyə bənzəyir. İlk baxışda həyəcanlandırır insanı, gözünü qamaşdırır. Hər şeyi unudub, onunla sonsuza getmək hissi yaranır, amma bir yerə qədər. Bir gün o parlaqlığın yerini xəyal qırıqlığı alan zaman insan hər şeyin fərqinə varır. Payızı isə sevmək kifayət etmir. Ona ya aşiq olursan, ya da olmursan. Bu qədər bəsit. Əslində, romantiksənsə, ona aşiq olmamaq mümkünsüzdür. Bir dəfə aşiq olsan, əsla ayrılmaq istəməzsən.

“Biri var idi, biri yox idi” sözləriylə başlayır payız xəyalları. Sarı küləyi ilə birlikdə aparır insanı hüzünlə dolu dərinliyinə. Uşaqlıq xatirələrini pıçıldayır hərdən. Hanı o çirklənməmiş yuxularımız, üstündə uçduğumuz dənizlər? Hanı o mahnı oxuyaraq qaçdığımız əlvan yamaclar, qəhqəhə səsi gələn dar küçələr? Hanı o anlıq qəlbimizi titrədən baxışlar, sevgi qoxulu sevgililər? Üşüyür indi quruyan əllərim...

Xəzan dolu sinənə qoydum başımı. Susduq. Səssizliklə danışdıq. Nə çox sözüm varmış sənə, payız!

Xəyalə Məmmədova / METBUAT.AZ

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI