Tural İsmayılov

Köşə yazarı

15:00 23 Aprel 2019 2213
A- A+

Kültürün "bağıran uşaqları" yaxud necə ruhu dincəldirlər?/ Baş Redaktordan

Musiqi kültürün fəlsəfəsini ən aydın izah edən formadır. İnsanların illlərlə içində saxladığı və söyləyə bilmədiklərinin ən rahat ifadə üsuludur. Və yaradıcılığın hər bir forması kimi musiqinin də müxtəlif romaları tarix keçdikcə dəyişməyə və yenilənməyə məruz qaldı.

Rokun Qərbdə yarandığı çağlarda da bu janr sevilmir və dışlanırdı. Dünya musiqi tarixinə adını qızıl hərflərlə daxil etdirən bir çox rok ifaçısı və qruplar ilk çıxdığı illərdə çox basqılara məruz qalmış və çətinliklər üzərində bu musiqini yaşatmışdı. Etirazın himni olan, küçə hərəkatlarının əsas təhrik edicisi, aqressiya, çılğınlıq və eşqin pik halının “hayqırtısı” olan rokun üzərində illər boyu yanlış anlaşılmalar mövcud oldu. Bunların çox səbəbləri var. Ancaq rokun həmişə dışlanmağının məğzində heç də “üsyan musiqisi” olmağı dayanmır. İnsan şüurunun bir yanlı olmağı və hadsələrə yanaşmada dəqiq olmamağı nəticədə yanlış dəyərləndirmələrə səbəb olur. Üstəlik bu, təkcə rok musiqi ilə bağlı yaşanan çətinlik deyildi. Həm fəlsəfə, həm elm, həm də ədəbiyyat tarixində bütün yeni olan hər şey, hər yerdə basqılara məruz qaldı. Burda nə Şərq, nə də Qərb bölgüsü aparmaq da doğru deyil, məncə. Filosof Fərman İsmayılov kimi düşünürəm mən. “Tarixə işıq verən” fərdlərdir, axı. Bu gün Qərb bir çox yeniliyə imza atıb, Şərq önündə görünsə də, Qərb sahibləndiyi indiki bütün hər şeyinin yenilik çağında toplumda dəstək qazana bilmirdi. Renessans öncəsi ədəbiyyat, maarif yazılarına baxanda bunu aydın görürük. Ötən yazıda qeyd etdiyim axsaq şərq rok kültürü qərbin musiqi tarixinin ilk illərində yaşananlarla eynidir. Və şübhə yoxdur ki, illər sonra rok musiqisi Hindistanda qəribə geyimli gənclərin, Əfqanıstanda müharibədən və təhdidlərdən bezmiş yeni nəsillərin zövqü olmaqdan “qurtularaq”, aparıcı janrlardan biri olacaq.

Ancaq Kurt Kobeynin dediyi bir şeyi də danmıram. Andeqraund tərzlərin istər musiqidə, istərsə də yaradıcılığın digər sahələrdə populyarlaşmamağı bəlkə də yaxşıdır. Tutaq ki, 2-3 il öncəsinə qədər yeni tapdıqları musiqiləri gizlədən bu tərzin həyat standartlarını qəbul edən bir neçə dostumu “mənasız adam” hesab edirdimsə, indi anlayıram ki, bəlkə də belə olmağı yaxşıdır. Özəlliklə, daha fundamentalist, bir qadını daş-qalaq edən cəmiyyətlərdə üzlərindən maskasını çıxardaraq, yer altı studiyalardan günəş işığına çıxan gənclər olsa, hər cür təhdiddən sonra məhv olarlar və yeni yaranan hər şey ciddi zədələnər. Bu gün Səudiyyə Ərəbistanında rokçular gizlənirsə, İndoneziyda maska taxırlarsa, daha dünyəvi və Avropaya yaxın ölkələrdə rok musiqisi sərbəst və rahat formada dinləyici kontingenti toplayaraq məşhurlaşmağa davam edir.

Azərbaycanda rokçu gənclərin sıraları genişlənir, inanıram ki, yaxın zamanlarda bizdə ağır metal musiqi ifaçılarının yatmış istedadları da oyanacaq. Partilərdə həvəskar formada brutal edən, ağır səs effektlərinə malik gənclər professional musiqinin önəmini anlayacaq və bu musiqi rep kimi Azərbaycanda yayılaraq geniş tərəfdar toplamağa nail olacaq. Azərbaycandan savayı yalnız öz coğrafiyasına deyil, dünyanın metal musiqi kültürünə töhfələr verən Türkiyə rokunun önəmini də xüsusi vurğulamağı lazım bilirəm. Türk dünyasının bütün coğrafiyalarında rok o qədər də yayğın deyil. İlk yerdə Türkiyə, ikinci sırada Azərbaycan dayanırsa, Qazaxıstanda rokun folk janrında edilən işlərə görə qazaxları da üçüncü sıraya qoya bilərik.

Bəs digər türkdilli coğrafiyalarda bu musiqi yaşaya bilirmi? Sualın cavabını birmənalı vermək qeyri-mümkündür.

Karl Popper yazırdı, qapalı cəmiyyətlərdə alışmadığı və duymadığı şeylər bir saniyədə milyonların müzakirəsinə çevrilə bilər. Özbəkistanda ilk dəfə idi bu mövzu müzakirə olunurdu, ölkədə fərqli görünüşlü, zövqlü gənclər artıq formalaşdığı üçün müzakirə vaxtı da yetişmişdi. Bir tərəfdən radikal terroristlərintəhdidinin Mərkəzi Asiyada güclənməsi ilə bu coğrafiyalarda kritik kültür boşluqlarının yaşanmağı, digər tərəfdən toplumun tamamilə qərbdən uzaqlaşdırılması nəticəsində dərin böhran yeniliklərin önünü kəsirdi. Təəsüflər olsun ki, Özbəkistanda “qərbin malı olan” musiqinin yayılması qıcıq doğurdu və beləliklə, ölkədə rok, rep və bu tərz musiqilərin toplumu pozğunlaşdırması kimi cəfəng iddialar yayılmağa başladı. Özbəkistanda rok əleyyhinə təbliğatda Afrikadakı ovlanma taktikası bəhanələri, rep isə məhkum və həbsxana janrı kimi qələmə verildi. Sadizmi, narkomaniyanı və əxlaqsızlığı yaratdığı iddia edilərək roka “şeytan musiqisi” adı verdilər. Halbuki dünyada cinayət edən, pis vərdişlərə meyilli opera sənətçisi yox idimi, görəsən? Rok musiqisi həmişə fərqliliyin, alternativin ünvanı oldu incəsənətdə. Qırğızıstanda rok musiqi o qədər yayılmayıb. Burada bəlkə də hansısa ayrıca rok qrupları var və video portallarda onların musiqilərinə rast gəlmək olur. Lakin hər halda ciddi rok adına hansısa məşhur qrupun adını çəkmək olmaz.

Qırğızıstanın gənc estrada ifaçılarından Kankei rok musiqini yerli musiqi elementləri ilə qarışdıraraq bu musiqinin öz ölkəsində “nəfəs almağına” çalışır. Xalq yaradıcılığı və rok ünsürlərinin tandemində ərəb rokerlərin strategiyasını yaxşı mənimsəyib Kankei. Qulağa xoş gələn bir tərzi olsa da, metal musiqinin kuliminasion halından söhbət belə gedə bilməz. Qazaxıstanda da rok adına nələrsə edənlər sırf bu musiqi ilə məşğul olanlar deyil və Özbəkistan və Qırğızıstandan fərqli olaraq “Ulıtau” qrupu ölkədə kifayət qədər sevilir. Qrupun üzvləri həm skripkadan, həm əski türk çalğı alətlərindən, həm də elektron gitardan məharətlə istifadə etməyi bacarır. “Ulıtau”- “ulu dağ” anlamında həm də üzvləri türk kültürünə bağlı olan qrupdur. Qrupun ünü də dünyaya yayılır. Amerika, Rusiya, Yaponiya, Almaniya, İngiltərə kimi ölkələrdə silsilə konsertlər veriblər. 14 il əvvəl “Adai” adlı mahnıları ilə “qızıl disk” mükafatına layiq görülürlər. O qədər çox sevilirlər ki, 2006-cı ildə Almaniyada “Jumyr-Kylyş” albomunu çıxardaraq bütün dünyaya yayıldılar. Qrup ənənəvi rok kültürünə çox yaxın olsa da, Qazaxıstanın milli kimliyinə bağlılıqları, məşhur qazax çalğı aləti Dombıranın təbliğinə ayırdıqları diqqətlə müxtəlif yaş qrupundan insanların sevimlisinə çevrilməyə nail oldu. Qrupun istedadı bununla da kifayətlənməyərək Vivaldı, Paqanini kimi kult isimlərin də yaradıcılığına müraciət etməsiylə diqqətə gəlir. “Ulıtau” Dombıra və skripkanı hard rok kültürü və blyuz, “nyu eyc” ilə birləşdirərək maraqlı bir tərz yaradır.

Krım tatarlarının Jamalası türk rokerlərin siyahısında ən maraqlı gələndir mənə. Yenə bir şeyi vurğulayım, Jamala da rok ifaçısı deyil, bir caz və blyuz sənətçisidir. Lakin rok janrında ifası ilə tanınır. “You're Made of Love” və “Smile” mahnıları başqa coğrafiyalarda da tanınır. Tibet və Urumçidə kiçik rok qrupları mövcuddur. Folk rokun ən yaxşı örnəkləri isə muxtar türk respublikalarında ərsəyə gəlib. Başqırdıstanda “Argımak” yerli musiqi mədəniyyətini rokla sintez edərək yeni ifa stili yaradıb. Saxa-Yakutiya bölgəsinin yerli xalq nümayəndəsi olan Yuliyana rok musiqinin qadın türkləri içərisində yer alır. Tərzi Türkiyənin “rok kraliçası” Şebnem Feraha bənzəsə də, digər Asiya türklərində olduğu kimi folkdur.

Dünyaya sağlam rok musiqi bəxş edən Türkiyədə rok o qədər sevildi ki, ayrıca tədqiqat və araşdırma mövzularına çevrildi.

Mən burada araşdırmaçı Güven Erkin Erdalın rolunu ayrıca qeyd etməyi lazım bilirəm. Güven Erkin illər boyu türk rokunun hər incəliyini və bütün keçmişini öyrənərək bunu kitab halına salır. “Türkiye Rock tarihi 1- Saykodelik yıllar” kitabı hər səhifəsiylə dəyərlidir və rahatlıqla oxuna biləcək sadə bir anlatım tərzi var. Güven Erkin həm bu mövzunun bilicisi kimi, həm də Türkiyədə rok musiqinin nəzəriyyəsinin bilən tək-tük adamlardan olduğu üçün televiziyalar və radiolarda tez-tez çıxış edir. Ümumiyyətlə, digər andeqraund tərzi qısqanclıq onda mövcud deyil, çünki o roker yox, rok nəzəriyyəçisidir və hamıya nəsə öyrətməkdən də əsla çəkinmir. Kitabda türk rokunun möhürü olan Erkin Koray, Cem KaracaBarış Manço kimi yaradıcı adların bütün gizli həyatı əhatələnib. Silsilə xarakteri daşıyacaq kitabın növbəti tirajlarında daha çox bilginin yer alacağı şübhəsizdirdi.

Güven Erkinin kitabında “Takvim” dərgisinin yeri ayrıca göstərilir. Bu gün Türkiyədə rok musiqi artıq populyardır və digər milli arabesk, sevilən estrada janrı ilə bərabər efirlərdə, portallarda, musiqi yarışmalarında, konsertlərdə ciddi maraq doğura bilir. Türkiyədə rok musiqinin hər janrına rast gəlmək mükündür. İstər alternativ, istərsə ağır metal musiqinin bacarıqlı ifaçıları var və onlar rok musiqi kültürünü geniş kütlələr arasında sevdirməyə nail olurlar. Türkiyə şou dünyasının və ənənəvi musiqi ilə məşğul olan sənətçilərinin demək olar bir çoxunun rok ifaçıları və rok qrupları ilə dueti mövcuddur. Türkiyə həm əyalət və bölgələrində keçirilən musiqi festivallarına, həm yaxın kimlik və coğrafiyaları əhatə edən incəsənət yarışmalarına rok ifaçılar çıxardır.

Türkiyənin rok musiqinin sərbəst şəkildə ifa edən qrupu “Atena”, rep və roku birləşdirərək özlərinə xas tərzi Türkiyədə müvəffəqiyyətlə qoruyan “Manga” qrupları “Eurovision”da ölkəni təmsil edib. Düzdür, öncələr “Filinta” adında olan, sonralar “Yüksek Sadakat” adlan rok qrupu da bu yarışmaya qatıldı, amma onlar “Atena” və “Manqa” kimi yaxşı yerlər qazanmaq bir yana, finala da vəsiqə qazanmadılar. Finlandiyanın “Lordi” qrupunun timsalında gördük ki, istənilən formada musiqi təqdim etməkdən çox yaxşı təqdim etmək rok musiqini hər müsabiqədə birinci edə bilər. Hazırkı türk rokçularından çox bəhs etmədən 3 nəfəri qısaca yada salım. “Türk rokunun babası” sayılan Erkin Koray 1941-ci ildə anadan olub. Anası pianist olan Erkin buna görə kiçik yaşlardan musiqiyə meyilli olur. Erkin Koray roka adını qızıl hərflə yazdırmadan illər öncə Qalatasaray liseyində, 16 yaşında piano konserti verir. Daha sonra İstabuldakı başqa bir liseydə və Almaniyadakı türk liseylərində konsert verir və musiqi kariyerası başlayır. 1960-ci ildə “Erkin Koray ve Ritmciler” qrupu yaradaraq ilk “rok-n-roll” bəstələrini peşəkar şəkildə söyləməyə başlayır. Onu ən çox məşhurlaşdıran çox uzun saçları və 1967-ci ildə çıxardığı “Kızları da alın askere” “bombası” oldu. Sonralar “Yeraltı Dörtlüsü” adlı yeni bir qrup yaradır. Erkin Koray daha sonra Almaniyanın məşhur gecə klublarında rok ifa edərək bir çox məşhurlarla şəxsən tanış oldu. Avropa səyahətləri sırasında əfsanəvi Con Lennonu da tanıdı. Erkin “Supergroup” və “Tər” adlı qruplar qurdu və yeni nailiyyətlərə imza atdı. Avropada o zamanlar məşhur olan rəngli üz maskalarından istfadə edən Erkin Korayın konsertləri bununla daha çox ilgi görməyə başladı. 1977-ci ildə Türkiyədə son rok qrupu olan “Erkin Koray Tutkusu” ilə bu adda albom çıxartdı və bununla da uzun müddətlik Türkiyəni tərk etdi. 1982-ci ildə Türkiyəyə döndü və o zamandan da solo ifalara üstünlük verdi.

Türkiyə rokunda Cem Karaca adının önəmli bir yeri var. 1945-ci ildə dünyaya gələn Cem Karaca evin tək övladı idi və teatr xadimlərindən ibarət ailəsi vardı. Uşaq yaşlarından sənətlə iç-içə böyüyürdü. Peşəkar musiqi kariyerası 1967-ci ildə “Apaşlar” qrupu ilə qazandığı mükafatla tanınmağa başlandı. Solçu olan Cem Karaca uzun axtarışlardan sonra “Kardaşlar” qrupunu qurur. Onların “Dadaloğlu”su Türkiyədə çox sevildi və o illərdə bir çox gəncin rok musiqisinə axın etməyinə səbəb oldu. Daha sonra “Dervişan” qrupunu quran Cem Karacanın ən aktual çalışmaları “Bindik bir alamete, gidiyoruz kıyamete” və “Hayat Ne Garip” ifalarıdır ki, Azərbaycanda da çox sevilir. 2004-cü ildə 59 yaşında ürək çatışmazlığından vəfat etdi. Hər il rokerlər “Karaca Ahmet Qəbiristanlığı”nda “üstad” deyə çağırdıqları mərhum rokçunu ziyarət edirlər.

Barış Manço isə yaınız uzun saçlı üsyankar roker kimi yox, həm də televiziyada layihə rəhbəri, səyyah, müxtəlif janrların ifaçısı kimi Türkiyədə hamının qəlbində özünə yer etdi. İndiki məşhur “MFÖ” qrupundan Mazhar Alanson və Fuat Güneri ilə bir müddət çalışdıqdan sonra “Kurtalan Ekspress”i yaratdı. Bu qrup Türkiyədə rok musiqinin kütlələrdə sevgi yaratmasına nail olur , bu gün də sevilir və təqaüddə olan yaşlı simalar arada bəzi verilişlərə qatılmaqdan çəkinmirlər. Ölümü “yaşam yuxusundan oyanmaq” sayan Manço 1999-cu ildə vəfat etdi.

Azərbaycanda rok janrı 1960-cı illərdən yaranmağa başlayıb. “Xürrəmilər”(“Xurramitı”) ansamblı 1969-cu ildə Rafiq Rəsulov tərəfindən Azərbaycan Dövlət İqtisad Universiteti tərkibində yaradılıb.

Rafiq Babayevin “Eskulap” qrupu da Tibb Universiteti tələbələrindən təşkil olunmuşdu. Azərbaycanda rok musiqisinin yaranmasında ən əsas rolu peşəkar qruplarla rəqabət aparan, çox vaxt onları musiqi tərzlərinə görə üstələyən iki qrup - “Eksperiment OK“ və “Aşıqlar” qrupu oynayıb.

Bu iki qrup rok kültürünü Azərbaycanda sevdirməyi bacardı. 1980-lərin “Talisman”ına da roku yaşatdığı üçün minnətdar olmalıyıq. 1988-ci ilin may ayında 1-ci Bakı rok-panorama keçirilir. Festival böyük rezonans doğurur və mətbuatda geniş işıqlandırılır. “Aşıqlar” qrupu festivalda birinci yerə layiq görülür. 1989-cu ilin aprel ayında daha böyük iştirakçı sayı ilə 2-ci rok-panoram keçirilir. Bu festivalda təxminən 30 qrup iştirak edir. Ən yaxın tariximizin “Yuxu” qrupu ilə Azərbaycan rok musiqisi nəyə qadir olduğunu sübut edir. 1988-ci ildə Sumqayıtda qurulan qrup 1989-cu ildə “Qızıl Payız “ mükafatına layiq görülür. Qrup Türkiyədə olduğu müddətdə 3 albom buraxır; "Xəzərin sahilində", "Sumqayıt", "Ölümə çarə yox".

1992-ci ildə “ColDünya” rok qrupu yaradılır və Alim Qasımovla birgə ifaları ilə məşhurluq qazanırlar. Sonralar “Unformal”, “Ozan” və “Qara Dərviş” ilə Azərbaycan roku təkamülünün zirvəsinə çatdı.

Bu gün də rok musiqini yaşadan, bu musiqiyə könül verən, bir sıra yeni və tanınmayan rok qruplar fəaliyyət göstərir və həftə sonları bir çox yerdə canlı ifalar edir, arada bir çıxışlar ilə zövqümüzü oxşayırlar.

Azərbaycan və Türkiyə rok musiqisi istedadlı, özünə güvənən, nailiyyətləri olan insanlar sayəsində inki.af etdi.

Tural İsmayılov/ Metbuat.az

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI