Cavidan Mirzəzadə

Köşə yazarı

11:58 22 İyun 2019 1688
A- A+

​“Lüzumsuz səmimiyyətlər və ya gərəksiz emosionallıq”

Çimərliyin kənarı ilə gedirdim, insanların qarmaqarışıq səsləri içindən bir dialoq dəydi qulağıma:

-Ataa…

-...

-Ataa..

-Zəhrimar, nədi?!...

Biz əlimizdə olanın qədrini bilmirik, atam, bilmək istəmirik. Elə bilirik bir insan bizimdirsə, bizə aiddirsə, istədiyimiz cür danışa, davrana bilərik. Başa düşmürük ki, bizim əlimizdə olub adi baxdığımız şeylər üçün, həsrət çəkib, möcüzə gözləyənlər var.

Rəsmiyyət, qayda-qanun gözləmirik şəxsi həyatımızda. Deyirik “öz uşağımdır özüm bilərəm,” “öz arvadımdır özüm bilərəm”. Gəl indi kəndimizdəki Əlövsətə başa sal bunları. Öz corabın, öz kartofun deyil ki, bu. İnsandır, ən əsası qadındır. Sənə məxsusdur deyə, hər gün ağ yuyub qara sərməlisən?

Peşəkar yox, emosional yanaşırıq həyata. Bütün problemlər də ya birbaşa, ya da dolayı yolla bundan asılıdır.

Məktəb dövrü idi. Sinif yoldaşlarımızla tədbir keçirəcəkdik. Bazar gününə salmışdıq ki, şagirdlər də gələ bilsin. Səhər 7-də yığılıb gedəcəkdik ki, məşq edək. Mədəniyyət evinin qarşısında yığıldıq. Bu vaxt qonşumuz olan yaşlı bir qadın bizi görüb təəccübləndi, dedi ki, bazar günü deyil? Niyə yığışmısız bura? Dedik ki, “Biologiya gecəsi” keçiririk. Qadın üzünü turşudub dayanacaqda duran kənd adamlarına dedi: “Buna bax e, yazıq uşaqları səhər tezdən oyadıblar bir tədbirə görə...”

Emosiyalarımız bizi təhsillli olmağa, peşəkar işçi olmağa qoymur.

Bir dəfə bir futbol məşqçimiz demişdi ki, bizdə peşəkar futbolçu olmayacaq. Futbolçular məşqdən evə tələsirlər ki, gedim körpəmi oynadım, sonra yatır, görə bilmirəm uşağı...

Eyni şeyi, “Neftçi”də yox, “Barselona”da təsəvvür edə bilərsiniz?

Universitetdə oxuduğum illər idi. İlk dərs günü, dəhlizdə dayanmışdım. Birdən yanımdan keçən 2 tələbə qızdan biri digərinə dedi: "Dərsə girməyə axot yoxdu ee..."

Bu hələ ilk dərs günüdür... Oxuyub dərslərdən, işləyib işimizdən narazı olan adamlarıq.

O vaxt kənd avtobuslarında adət idi, avtobusa minən adam salam verirdi. Çünki hamı bir-birini tanıyırdı. İndi yaşlı kişilər hələ də bunu edirlər. Zaman keçib, çox şey dəyişib. “BakuBus”a minib salam verəsi deyilik ki. Bir də görürsən ki, iş yerində nahar edirsən. Bufetə girən girən, tanımasa da deyir “nuş olsun”. Qorxursan ağzına tikəni qoymağa ki, indi biri “nuş olsun” deyəcək, ağzım doludu deyə cavab verə bilməyəcəm. A kişi, mən bunların hamısına cavab versəm, gərək nahar etmiyim...

Bu cür şeylər etik davranış kimi görünən lazımsız səmimiyyətdən başqa bir şey deyil, atam balası.

Bizim avropalı yaşıdımız 18 yaşında öz həyatının qərarlarını verir. Bizim cəmiyyətdə oğlanlar var 20 yaşında, atası qoymur deyə saqqal saxlamırlar...

Valideynlər övladlarına, kişilər qadınlara, adamlar adamlara belə yanaşmamalıdır. Avropalı ana uşağını sevmir? Sevir. O demək deyil ki, onun yerinə bütün qərarları verməlidir.

Mən uşaq vaxtı nə qədər istəsəm də, atam məni idmana yazdırmadı, dedi ki, əl-qolun sınar. İndi hər döyüləndə bir yerim sınır.

Biz istiqanlı insanlarıq. Bəlkə də odlar diyarında yaşadığımız üçün...

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI