Cavidan Mirzəzadə

Köşə yazarı

11:22 05 Avqust 2019 3176
A- A+

​“Başı qırxılan qadınlar, intihar edən qızlar, qonşunun əri ilə videosu yayılanlar..." – KÖŞƏ

Kəndlərimizdə qəribə bir “ərə vermə” yarışı hökm sürür. Kənddə yaşadığım üçün illərdir bunun şahidiyəm. Ailələr qızlarını “kor olsun, ər olsun” prinsipi ilə ərə verirlər, başlarından eləyirlər. Axı qonşu Südabənin qızı 18 yaşında artıq nişanlıdır, bunların 19 yaşlı qızı evdə qalsın?

Qonşunun acığına, qohumun prinsipinə qurban gedir qızlarımızın taleləri. Oğlan qızdan 10 yaş böyük ola bilər, xasiyyətləri uyuşmaya bilər, heç bir fərqi yoxdur. Əsas odur ki, bu yarışda geri qalmasınlar. Sonra camaat nə deyər?

Axı biz niyə öz maraqlarımız, arzularımız üçün yaşamırıq, qohum-qonşu üçün yaşayırıq? Qohum görsün deyə qız veririk, qonşu görsün deyə ən bahalı maşını alırıq, iş yoldaşı görsün deyə telefon alırıq... Bəs özümüz üçün nə edirik?!

Əsl “konsert” kənd toylarında başlayır. Analar 15 yaşlı qızlarını 25 yaşlı qızlar kimi geyindirib, 2 kiloqram kosmetika ilə bəzəyib gətirirlər toya – podiuma çıxarırmış kimi. Bunlar həmin analardır ki, qonaq gedəndə biri digərindən “Qız hansı ixtisasa hazırlaşır?” əvəzinə, “Qızın istədiyi var?” deyə soruşur.

Qısası, həm Bakı ətrafı kəndlərdə, həm də bölgələrdə valideyn-övlad münasibətlərinin “əsaslı təmir”ə ehtiyacı var. O kəndlərdə ki, “Qız ki, kəkil çıxardı, ver getsin” prinsipi qüvvədədir, o kəndlərdə ki, 18 yaşlı uşaqlar uşaq böyüdürlər...

Qız uşaqları cəmiyyət içinə çıxmamış, müstəqil həyata atılmamış, məktəb kitabından başını qaldıran kimi ərə verilirlər. Ailənin, övladın, həyatın nə olduğunu anlamayan bu qız 25 yaşına çatanda gəncliyində yaşamadığı həyəcanlara can atır, onları indi yaşamaq istəyir. Nəticədə xəyanətlər artır, ailələr dağılır. Nəitəcədə başı qırxılan qızlar, qonşunun əri ilə tutulan qadınlar, intihar edən yeniyetmələr meydana çıxır.

Elinaların, Gülərlərin valideynləri unutmasınlar – pis övlad olmur, pis valideyn olur. Heç bir qadın dünyaya əxlaqsız gəlmir. Heç bir yeniyetmə intihar etmir, bütün yeniyetmələri öz valideynləri öldürür. Və sizin araq içirdib söyüş öyrətdiyiniz oğlan uşağını, kosmetika çəkib yaşından böyük göstərməyə çalışdığınız qız uşağını heç bir məktəb, heç bir təhsil dəyişə bilməz...

Cavidan Mirzəzadə / Metbuat.az

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI