.

Cavidan Mirzəzadə

Köşə yazarı

15:05 27 Aprel 2020 9666
A- A+

Yıxılanın üstünə əli baltalı da gələr, baltasız da...

Niyə bir sənətçimizin söyüş söyməsi bizi bu dərəcədə narahat etdi? Axı biz sadə məişət söhbətlərində də söyüşdən bolluca yararlanan, onu gələcək nəsillərə ötürmək üçün kiçik övladlarımıza da öyrədib, “əmini söy bir dənə” deyən insanlarıq.

Hamısı bunun nəticəsidir ki, biz məşhur insanları olduqları kimi qəbul etməyi bacarmırıq, hər kəsi ilahiləşdiririk. Məsələn, hansısa bir Avropa ölkəsində, ABŞ-da və ya Türkiyədə məşhur bir sənətçinin söyüş söyməsi gündəmi zəbt etməzdi, necə ki etmir.

Bu sovet dövründən qalma bir ənənədir bizdə. O vaxt sənətçiləri geyimlərinə qədər senzuradan keçirib efirə çıxarırdılar. Onları televiziyada görən insanlarımız da elə bilirdilər ki, o aktyorlar, müğənnilər süddən çıxmış ağ qaşıqdılar, idealdılar, açıq-saçıq geyinmirlər və əxlaqsızlıq etmirlər.

Afaq Bəşirqızı bu cür qalmaqalla yadda qalan ilk Xalq artistimiz deyil. Faiq Ağayev, Röya kimi Xalq artistlərinin internetdə müxtəlif formatlı “məharətləri” də daxil olmaqla bu millət nələr görməyib, nələr eşitməyib...

Maraqlıdır ki, adi universitet tələbəsi olan qızların da qəlyan çəkib, içki içdiyi bu cəmiyyətdə hansısa yüngül əxlaqlı müğənninin içki məclisində fotosunun yayılması gündəm olur.

Məqsədim bu yazıda Afaq Bəşirqızını müdafiə etmək deyil. Əlbəttə, sadə insanlar kimi məşhur insanlar da danışıqda etik normaları gözləməlidilər. Açığı bir aktrisa kimi də Afaq Bəşirqızı mənim üçün heç vaxt “ortabab”-dan yuxarı olmayıb. Hətta prezidentlə görüşdə etdiyi çıxış da onu mənim gözümdə qəhrəman etməmişdi.

Amma o insanlar ki, onu qəhrəman elan etdilər, sonra yıxıb sürüyənlər də həmin insanlardır. Sosial şəbəkələrdə eqosunu doyurmaq üçün fürsət gözləyən bekar cəngavərlər çoxdur. Fürsət gözləyirlər ki, kimsə ağzından güldən ağır bir söz çıxarsın, kiminsə görüntüsü yayılsın ki, bunlar da statuslar yazıb gündəm yaratsınlar, dostluğunda olanlara nə qədər ağıllı olduqlarını göstərsinlər.

Afaq Bəşirqızı da bu sosial şəbəkə bekarlarının növbəti qurbanı oldu. Düz deyiblər, yıxılanın üstünə əli baltalı da gələr, baltasız da...

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI