Şahanə Müşfiq

Köşə yazarı

17:52 30 Mart 2017 9849
A- A+

Öpüşməkdən o tərəfə

Bir gün dostu Molla Nəsrəddini aldatmaq məqsədilə deyir:

  • Molla, ora bax, plov aparırlar.
  • Mənə nə?
  • Sizə aparırlar.
  • Molla deyir:
  • Yaxşı, bəs onda sənə nə?


Deyim ki, bir millət olaraq, gündəmi dəyişmək və dəyişən gündəmlərə adaptasiya olmaq bacarığımızın tayı-bərabəri yoxdur. Elə qulağımız səsdədir ki, biri bir səhv buraxsın, bizim də Allahımızdandır axı, əlimizə mövzu düşə, komputerin arxasında tum çırtlaya-çırtlaya başlayaq həmin adama həyat dərsi keçməyə. Xub!

Dünəndən etibarən sosial şəbəkədə bir öpüşmək rüzgarı əsir ki, heç qarşısında köklü-köməcli ağaclar da tab gətirməz, o ki qala insan. Xəbərə görə, dünən beyni dumanlı iki gənc metroda, elə camaatın gözü önündəcə hisslərinə yenilib, öpüşüblər. Bu hadisəyə övladlarının da şahid olmasından qəzəblənən bir ağsaqqal da onlara çox sərt reaksiya verib. Elə buna da xub!

İndi bu hadisə bütün sosial şəbəkəni bölüb iki yerə: bir qisim o öpüşən gənclərə haqq qazandırır, hətta bunu mədəniyyətimizdə “uzağa tullanma” kimi qəbul edib, bu tullanmaqla Avropanın düz qucağına düşəcəyimizə ümid də bəsləyir. Digər bir qisim isə mentalitet, namus, əxlaq, böyük-kiçik, “camaatın anası-bacısı” məsələlərini əllərinə bayraq edib düşüblər sosial şəbəkələrin canına... Nə olar ki, hərənin öz fikri var. Belə baxanda metroda öpüşən o gənclər də haqlıdır, onlara qarşı çıxan o ağsaqqal da, onları məsələyə çevirən məsləhətbazlar da...

Ancaq gəlin, məsələyə tərləmiş pəncərənin paltarımızın qolu ilə sildiyimiz kiçik hissəsindən yox, daha geniş məkandan baxaq, məsələn, elə pəncərəni açaraq...

Bu yerdə yadıma bir hadisə düşdü. Təxminən iki il bundan öncə, yay vaxtı parkda gəzərkən yekəqarın bir kişinin yolun ortasında, camaatın içindəcə bir qadını sözün əsl mənasında sürüdüyünün şahidi oldum. Qəzəblənmiş kişi qadını dilimizin ən iyrənc sözləri, ən pis söyüşləri ilə təhqir edir, saçından, köynəyinin ətəyindən tutub sürüyür, başına qapaz, yanına təpiklər də ilişdirirdi. Ətraf isə adam qaynayırdı. Cavanı da vardı, qocası da, kişi də vardı, qadın da, hətta yanında uşaqları olan valideynlər də... Hamı qıraqda dayanıb bu dəhşəti soyuqqanlı şəkildə izləyirdi. Hələ telefonun kamerasına çəkən də oldu, nəyinə lazım idi, sonra o video ilə nə etdi bilmirəm, amma polisə vermədiyinə əminəm. Ümumiyyətlə, polisə xəbər etmək, ya da ən yaxşı halda döyülən qadını kişinin əlindən almaq, müdaxilə etmək kimsənin ağlına da gəlmədi. Öz aralarında “bu arvadın görən nə zibili var ki, kişi bunu belə döyür” deyənlər də az olmadı.

Bu hadisəni boş yerə xatırlamadım. Əlbəttə, mən ictimai yerdə öpüşməyi müdafiə etmirəm, nə də bunu “mədəniyyət sıçrayışı” kimi qəbul edənlərdənəm. Elə hisslər, elə duyğular var ki, iki nəfər arasında özəl qalsa, daha gözəl olar. Ancaq təqdir etmədiyimiz hadisəyə sillə-təpiklə, təhqirlə reaksiya göstərmək nə dərəcədə doğrudur? Əgər bu cür reaksiya verməyi bacarırıqsa, belə əxlaq-namus dərdi çəkəniksə, niyə bir kişi qadınını döyəndə yox, öpəndə oyanır qeyrətimiz? Yoxsa, gücümüz ancaq on yeddi yaşlı gənclərə çatır, ya da o qədər sevgisizləşmişik ki, sevgi görəndə qıcıqlanırıq?

Məncə, cəmiyyət olaraq, nəyə necə reaksiya verəcəyimizi hələ də öyrənə bilməmişik. Elə bütün məsələ də məhz bundan başlayır. Diqqətlə baxsaq, görərik ki, bizim öpüşməkdən də o tərəfə bir xeyli tale yüklü problemlərimiz var. Hansı ki, onların yanında iki gəncin öpüşməsi gözə də görünməz, o ki qaldı müzakirə obyekti ola.

Ali məktəbə imtahana hazırlaşarkən həm müəllimlərim, həm valideynlərim, həm də məndən əvvəl imtahandan keçmiş tanışlarım deyərdi ki, suallara cavab verəndə birinci çətinlərdən başla ki, vaxt varkən onları həll et, asanlara onsuz da vaxtın qalacaq. İndi olmazmı ki, biz də cəmiyyətimizin daha çətin problemlərinin həllinə vaxt ayıraq, axı asanlara onsuz da zaman qalacaq..?

ŞAHANƏ MÜŞFİQ

RƏYLƏR

DİGƏR KÖŞƏ YAZILARI