Oral Mədənçi

Köşə yazarı

13:38 12 May 2017 6424
A- A+

İlk dəfə eşşəklə müsahibə...

Son günlər haqqında ən çox danışılan, fikir bildirilən, tənqid edilən heyvan sözsüz ki, eşşəkdir. Eşşək uzunqulaq olalı heç belə məşhurlaşmamışdı. Ondan müsahibə almağın vaxtı gəlib çatmışdı. Nəhayət, xahiş-minnətdən sonra eşşəyi müsahibəyə razı saldım. Amma əvvəlcədən bildirdi ki, xoşuna gəlməyən suallara cavab verməyəcək.

- Hörmətli eşşək, necəsən?

- Yaxşıyam, siz jurnalistlər narahat etməsəniz daha yaxşı olaram.

- Heç səni tapa bilirik ki, narahat edək...

- O qədər zəng edirlər, açıqlama istəyirlər ki, eşşək kimi bezirik.

- Yeri gəlmişkən, 5 min qohum-əqraban yoxa çıxıb dedilər. Onlardan nə xəbər?

- Dönərxanalara baxın... (Gülür: i-a, i-a, i-a,) Əslində mənim çox qohum-əqrabam yoxa çıxıb. Bilirsiniz, əvvələr biz eşşəklər çox işə yarayırdıq. İndi texnologiya o qədər inkişaf edib ki, daha bizə ehtiyac yoxdur. Ona görə də, eşşəkləri kəsib dönərxanlara verirlər. Ağır dərddi, getdikcə azalırıq...

- İnsanlar, qoyun, inək, at əti yeyir, amma eşşək ətindən iyrənirlər, niyə?

- Biz murdar deyilik, sadəcə o insanlar ağıllıdır. Bilirlər ki, eşşək gözəl, faydalı heyvandır. Onu yemək olmaz (Gülür: İ-a, i-a, i-a). Ümumiyyətlə, heyvanları sevmək lazımdır.

- Eşşək kimi yox, lap adam kimi danışırsan. Amma insanlar bir-birinə deyirlər ki, "Eşşəklik etmə, eşşəyin biri eşşək"...

- Biz eşşəklər mülayim olduğumuz qədər də aqressivik. Əsəbiləşəndə gözümüz heç nəyi görmür. Yəqin, oradan qaynaqlanır bu deyim.

- Bəzi insanlar piyada keçidindən keçmədiyi üçün 2 dəfə cərimələndiyi yoldan 3-cü dəfə də keçir. Amma eşşək palçığa bir dəfə batanda ikinci dəfə batmır. Buna münasibətin necədir?

- Münasibətim pisdir, necə olsun ki? Biz palçığa bir dəfə batanda ikinci dəfə ordan keçmirik. Bəs, cərimə olunan insan niyə yerüstü, yeraltı gözəl piyada keçidlərini qoyub, özünü avtomobilin qarşısına atır? Təklif edirəm ki, bizdən nümunə götürsünlər!

- Amma dedilər ki, bu yaxınlarda sən də içmisən, qan-qaraçılıq eləmisən, düzdü?

- İçmişəm, yaxşı eləmişəm! Siz niyə buna vaxtınızı itirirsiniz? Bilirsən, mənim xeyli yaşım var, xeyli də iş görmüşəm həyatda.

- Baytarlıq İdarəsi sizi cərimələmədi?

- Mənim dünya vecimə deyil...

- Deyəsən əsəbiləşdiniz?

- Əsəbiləşmədim, əsəbiləşdirdin. Almısan əlinə bu "Şturvalı"...

Müsahibənin bu yerində əsəbiləşən eşşək çıxıb getdi...

Belə... Təbii ki, yazılanların hamısı sarkazm idi. Gülümsəyin cənablar, gülümsəyin!

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI