Aytən Novruzova

Köşə yazarı

14:28 5 Sentyabr 2017 2569
A- A+

“QAN”a düşən Arakan...

Rəhmətlik Çingizin ağlaya-ağlaya lentə aldığı Xocalı vəhşətinə bənzər görüntülərin bir daha izləyicisi olacağımı, ən əsası isə qəhərə boğularaq yenidən həmin hissləri yaşayacağımı düşünməzdim. Mənimçün qansızlığın ondan o tərəfi yox idi çünki. Hamilə qadınların qarnına süngü keçirib cifti oradan çıxaran, belinə qaynar samovar bağlayaraq ağaca bağlayıb dəlilik halına çatdıran, anaların övladına süd verdiyi döşlərini kəsən, ölünün qızıl dişinə tamah salıb kəlbətinlə sökən, cəsədlərdən qalaq düzəldib üzərindən tullanan, qız uşaqlarını zorlayaraq öldürən, ən mülayim halda isə “seks bazarı”nda satan mənfur erməni cəlladından daha mundarı yox idi nəzərimdə. Sanki uşaqlıq illərimin sağalmaz yarasına çevrilmişdi Xocalı...Soyqırımı... 

Demək ki, qana bulanmış əllər dünya ilə paralel şəkildə fırlanaraq baş kəsmək kimi iyrənc, insanlığa yad əməlini davam etdirirmiş. Vandallığın, qaniçənliyin vətəni, milləti yoxmuş məyər.Oxşar hissləri son günlər Arakanın simasında yenidən yaşadım. Məhz Arakan (bəlkə də adının sonluğundakı qan kimi taleyinə də qanların yazılacağından bixəbərolub məsum Arakan) gözlərim önündə Xocalı soyqırımının portretini yenidən qırmızı-qara fırça ilə canlandırdı. Köksündən qan fışqıran ananın soyumamış cəsədi başında ağlayan körpələri, tonqalda diri-diri yandırılaraq kömürə çevrilən cəsədlər, küllər, ağzına qədər körpə-ana meyidləri ilə dolmuş su quyuları, çarmıxa çəkilən gözüyaşlı yeniyetmə oğlan uşaqları tüklərimi ürpətdi sözün əsl mənasında.

Qurban bayramını təntənə ilə qeyd edən Səudiyyə Ərəbistanı, BƏƏ və onlar kimi digər ərəb ölkələri 3 gün ərzində 3 min müsəlmanın yatdığı yerdə qətlə yetirilərək kimlərinsə mənafeyinə (bütlərə) qurban verilməsindən bixəbərmi əcaba? Dəvənin içərisinə quzu, quzunun içərisinə hinduşka, hinduşkanın içərisinə isə min cür əndrabadi inqridient yerləşdirib bəh-bəhlə yeyən, başı daha çox qursaqdan aşağı orqanlarına işləyən ərəbin bir kərə olsun belə səfalət içərisində yaşayan, soyqırıma məruz qalan müsəlman qardaşlarına yardım əli (“Əl tutmaq Əlidən qalıb” ifadəsini ərəblərin qulağına zurna-balabanlamı çatdırmaq gərək?) uzandımı görəsən? Mən görmədim, görənlər oldusa, xəbər etsin, xüsusi mükafatım olacaq.

Bəs fiziki məhdudiyyətli uşaqların ayaqlarını yuyub, öpən, onlar üçün pulsuz çimərliklər, xeyriyyə aksiyaları təşkil etdirən Roma papası niyə susqundur? Tolerantlıq virusunamı yoluxub görəsən...QƏRB? Şərqi “almır”mı?

“Dünyanı gözəllik xilas edəcək” deyimini “dünyanı sülh xilas edəcək” lə əvəz edərdim, sülh bütün gözəlliklərə açılan işıqlı qapı deyilmi?


RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI