Bahadur Seyidov

Köşə yazarı

13:00 30 Oktyabr 2017 1134
A- A+

Dost necə qazanılır?

Bünövrəsində etibar və güvən olan dostluq... Bu, o qədər də çətin deyil. Yetər ki, ürəkdən arzulayasız.

Nə istədiyinizi bilin...

Əvvəlcə dərin duyğularla bağlanacağınız bir dost axtarın. Yaxşı gündə də, pis gündə də yanınızda olsun. Siz onunla paylaşdığınız kimi, o da sevincini və kədərini sizdən gizlətməsin.

Gülərüz insanlarla dostluq edin

Seçdiyiniz adamın ətrafındakılarla necə davrandığını müşahidə edin. Əgər gülərüzdürsə, axtardığınız həmin adamdır. Çünki gülərüzlü adamların şüuraltında həmişə səmimi və xeyirxah bir xarakter dayanır.

Özünüz olun...

Bəzən istəməsək də, özümüzü tam fərqli insan kimi təqdim etməyə məcbur oluruq. Bu hal bir-iki dəfə xoşumuza gəlir. Sonradan başqası kimi görünməkdən bezirik. Kiminsə rolunu oynamaq bizi yorur. Dost seçimində mütləq özünüz olun. Əgər bütün davranışlarınızla, xarakterinizlə ona xoş gəlmirsinizsə, ondan sizə dost olmaz.

Təbəssümünüz bol olsun...

Bu o demək deyil ki, lazım gəldi-gəlmədi hamıya gülümsəyin. Lakin incə təbəssüm söz ordusunun sərkərdəsidir. Təbəssüm susduqda da bizim yerimizə danışa bilir. Təbəssüm xeyirxah arzuların müjdəçisidir. Dostunuzun üzünə gülümsəməklə ən səmimi hislərinizi ona çatdırmış olursunuz. Heç kim təbəssümə biganə qalmaz.

Dəstək olun...

“Dost dar gündə tanınar” deyiblər. Ona görə də dost olmaq istədiyiniz adamın hər anında yanında olmağa çalışın. Problemlərin öhdəsindən gəlməkdə ona dəstək olun. Axı, siz də ondan məhz bunu gözləyirsiniz.

“Mənəm mənəm”lik etməyin...

Bütün dostluqlarda “mən” anlamı pərdə arxasına keçməlidir. Qarşınızdakını dinləmədən, biganəliklə “mənəm-mənəm” desəniz, dostunuzdan fədakarlıq gözləməyə haqqınız yoxdur. Özünə dəyər verməyin də bir sərhədi var.

Empatiya yaradın...

Empatiya özünü başqasının yerinə qoymaqla onun hisslərini yaşamaqdır. Dostluqda isə bu daha dərin məna kəsb edir. Dostunuz kədərlidirsə, özünüzü onun yerinə qoyub kədərini bölüşün. Lakin zamana və məkana uyğun olaraq onun kədərlənməməsi üçün də çalışın.


Saxtalıqdan uzaq durun...

Saxta sevinc və ya kədər hissləriylə dostunuzun diqqətini cəlb etməyə çalışmayın. Dostunuza həqiqəti deyin. Rol oynamaqla dostluğunuzu uçuruma aparmayın.


İfrat səmimi olmayın...

Hər şeyin artığı bezdirici olur. Elə səmimiyyətin də. İfrat səmimilik dostluğunuzu yora bilər. Və o, zamanla sizdən uzaqlaşar.

Xüsusi ehtiram...

İki insanın bir-birinə ehtiramı olmasa, dostluqları baş tutmaz. Çalışın ki, dostunuzun icazə verdiyi qədər onun daxili dünyasında olun. Artıq suallar verməklə, yersiz maraqlanmaqla dostunuza qarşı hörmətsizlik etdiyinizi unutmayın. Aradakı xətir-hörməti qoruyun.

Sərhədləri tanıyın...

Ən yaxın dostlar da bəzən tək qalmaq istəyir. Dostunuza tək qalmaq üçün şərait yaradın. Və arada özünüz də azacıq ondan uzaqlaşın ki, sizin boşluğunuzu hiss etsin. Görsün ki, onun həyatında vacib yeriniz var.

“Yox!”-deməyi bacarın...

Həyat bəzən bircə kəlmə sözdən asılı olur: “Yox!” Bu bir kəlməni vaxtında demək lazımdır. Yoxsa, itirən siz olarsınız. Doğrudur, dostluqda güzəştlər olmalıdır. Lakin hər addımda yox.

Ən əsası, dostluğun əsl mənasını anlayın. Sadə tanışlıqla dostluq arasında çox fərq var.

Unutmayın, dost axtarmağa sərf etdiyiniz vaxt sizə əsl İNSANı qazandıra bilər. Hər bir şəraitdə insanları tanımağa vaxt ayırın. Ətrafınızdakılara sizi tanımaqları üçün imkan verin. Çalışın ki, dost dediyiniz adam sizin ehtiramınıza layiq olsun.

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI