Tural İsmayılov

Köşə yazarı

12:30 20 Yanvar 2018 2413
A- A+

Paralanmış nənəm və babam - Əlimdən alınan doğmalar

Qarabağ işğalının bütün mənfi yükünü xalqımız illərdir cisimində daşıyır. Bir də bu işğalın mənəvi dözülməzliyi var. Qarabağı görmədən dünyadan köçən insanlar, nisgilli qəlbləri burada dəfn edən və içindəki vətən yanğısını bir ömür miras aparan vətəndaşlarımızın bu ağrı-acılarına dünyanın sülh yaratma iddiasına həmrəy olan imperialist gücləri etinasızca yaraşır.

Qarabağda yaşananlarla yanaşı Qərb bölgəsində də ermənilərin ciddi şovunist təxribatları baş verib. Babam və nənəm vəhşi erməni güllələri ilə faciəli şəkildə vəfat edib.

***

Evə gəlib kurtkamı əynimdən çıxardım. Nədənsə yenə "Sarı Gəlin"i dinləmək keçirdi içimdən. Müxtəlif versiyalarda illərdir ki "Sarı Gəlin" ifa olunur və mən hər dəfəsində bu misiqiyə nisgillə və böyük istəklə qulaq asıram.

O gün də xəbərlərdə baxıram ki , erməni millətçilər kamança, tar, saz və bir sıra musiqilərimiz kimi, "Sarı Gəlin"ə iddialarından nəinki vaz keçir, hətta hər gün yeni iddialar irəli sürür.

Təbii ki, torpaqların işğalından iştahlanan bədnamların indi də mənəvi qəsbkarlığa əl atması başa düşülən idi hardasa. Nə isə... Bizim üçün aldığımız yaralar, itkilər və işğal olunmuş sərvətlərimiz durarkən, ermənilərin uydurduğu bu mənəvi kompromat dedi-qodularına bulaşmaq onların baş qatıcı “çərənləmələrinə” fikir vermək də lazım deyil.

***

Anam evdə təmizlik işləri aparırdı. Qarajdakı köhnə sandıqları tökmüş, içindəki köhnə əşyaları atmaq istəyirdi. Əşyaları qarışdırarkən içərisində köhnə kiril əlifbasında bir neçə jurnal çıxdı. Jurnalın üz qabığında bir qadının fəryad qoparan fotosu yayımlanmışdı. Ağlımda bu fotoyla ilgili qəribə mənzərə canlandı. Həmin an tanıdım; atamın bibisi, məni çox sevən Adilə nənə idi. Jurnalı vərəqləyirdim . Jurnalda atamın 1991-ci ildə verdiyi müsahibəni gördüm. Sonrakı səhifələrdəki fotolarda Qazaxdakı ata yurdumuz deyilən yerin qan-rəvan içində olan həyəti və daha nələr-nələr.

Başım üstündə anidən peyda olan kölgə anamın kölgəsi idi. Üstümə qışqırıb, cəld əlimdəki jurnalları aldı.

- 15 gündən sonra dərslər başlayır, hazırlaş yavaş-yavaş.

- Universitetdir da. Nəyinə hazırlaşım ki? Ana, o jurnallarda Qazaxdakı ev təsvir olunub. Sizin danışdığınız o pis hadisəlrlə bağlı reportajlar var. Nə əcəb mən görməmişəm? Çox qəribədir.

- Bilirsən, oğul, görməməyin daha uyğundur. Hələ də xatırlayanda ətim biz-biz olur.

Arada bərk səs duyulanda, ya da evimiz rayondakı vağzalın yaxınlığında yerləşdiyindən gurultu qopanda, anam yenə də tir-tir əsir.

Televizorda atəşkəsin pozulmasıyla ilgili xəbərləri narahatlıqlqa qarşılayır. Bəlkə də müharibədən ən çox çəkinən məhz elə mənim anamdır. Ya da görəsən bütün müharibə görmüş qadınlar belə sülhpərəstdirmi?

Əslində, mənim ailəmin başına gələn faciədən çox az dostuma söz açmışam . Təxminən 3 il öncə bunu duyan junalist dostlarımdan biri ailəmizdən müsahibə götürmək istəmiş, həftələrlə onu müxtəlif bəhanələrlə fikrindən daşındıra bilmişdim.

Səbəb sadə idi. Mən gözündə yaş görmədiyim, xaraktercə çox soyuqqanlı bir nəfərin gözyaşlarını əmim oğlumun toyunda o hadisələri xatırlayanda görmüşdüm. O atam idi mənim. Ona görə istəmirdim, o hadisələri xatırlasınlar.

***

Hadisələri danışan qohumlara görə ağlımda qalan fraqmentlər isə təxmini belədir.

Dağlıq Qarabağda savaş başlamışdı. Ermənistanla qonşu olan digər rayonlarda da atışma səsləri eşidilirdi. Rayonda əli silah tutan kişilərin çoxunun səfərbərliyə çağırılacağı gözlənilirdi. Babamın öncələr tikdiyi ehtiyat zirzəmiyə isə qohum-əqrəbalar doluşmağa başlayır. Anam 6 aylıq körpəni atamın qucağına verib artırmaya qalxır ki, əmim arvadına bəzi əşyaları aşağı endirmək üçün yardımçı olsun.

Anidən nənəm əmimi axtarmağa başlayır. İçəridə qızdırmadan yuxuya gedən əmimi oyatmaq üçün nənəm evə doğru irəliləyərkən həyətin ortasında böyük gurultu qopur. Parçalara bölünmüş babam, nənəm vəfat edir. Anam və əmim bu günə kimi acısını çəkdikləri böyük psixoloji yaralar alır.

Üzərindən illərötüb. Xocalı soyqırımını anırıq hamımız. Misli görülməmiş insanlıq dəhşətinə qarşı insan haqqları müdafiəçiləri hələ də susur.

Həmin dönəmlərdə Ağstafa, Qazax və Tovuz kimi cəbhə rayonlarında da əməlli başlı döyüşlər getmişdi.

Xocalıda yaşananları unutmaq olmaz və ərazi bütövlüyümüzün bərpası bəlkə bir az da olsa acılarımızı dindirər.

P.S. Qazaxın Sofulu, Barxudarlı, Qızıl Hacılı, Xeyrimli, Bağanıs Ayrım, Aşağı Əskipara və Yuxarı Əskipara kəndləri işğal altındadır.

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI