Xəyalə Məmmədova

Köşə yazarı

14:31 01 İyun 2018 8283
A- A+

​“Səlim Müslümov gələndən sonra oradan uzaqlaşmalı olduq” - İlham Məmmədovla MÜSAHİBƏ /FOTO- VİDEO

Metbuat.az-da mətbuat katibləri” layihəsi çərçivəsində hər dəfə dövlət qurumları, özəl təşkilat və müəssisələrdə çalışan mətbuat katibləri ilə sizi yaxından tanış edirik.

Budəfəki müsahibimiz Veysəloğlu Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədovdur.

Metbuat.az İlham Məmmədovla olan müsahibəni təqdim edir:

- Uşaqlıq illərinizdən, böyüdüyünüz ailədən danışaq...

- 1976-cı ildə Sumqayıt şəhərində anadan olmuşam. Ailədə 2 qardaş, 2 bacıyıq. Valideynlərimin dediyinə görə, çox həssas uşaq olmuşam. Eyni zamanda, təmizliyə qarşı bir qədər vasvasılığım olub. Hər zaman dürüstlüyü sevmişəm. Anam evdar qadın olub. 4 uşaq olduğumuz üçün anam işləməyə vaxt ayıra bilmədi. Atam tikinti sahəsində tarixi abidələrin bərpası üzrə mütəxəssis olub. Bacı-qardaşlar arasında kifayət qədər mehriban olmuşuq. Evin böyük övladı olduğum üçün hər zaman bacı və qardaşlarımın məsuliyyəti üzərimdə idi.

- Məktəb illərinizdən danışaq. Necə şagird olmusunuz?

- 1982-ci ildə birinci sinfə getmişəm. 1989-cü ilə qədər Sumqayıt şəhər 9 saylı orta məktəbdə oxumuşam. Uşaqlıq xatirələrim o məktəblə bağlıdır. Çox gözəl bir məktəb idi. 1989-cu ildən 1993-cü ilə qədər 35 saylı məktəbdə oxumuşam. Yeni məktəb olmasına baxmayaraq, elmi-texnki bazası güclü bir məktəb idi. O məktəblə də bağlı xatirələrim çoxdur. Məktəbə getdikdən sonra “20 Yanvar” hadisəsi baş verdi, Qarabağ müharibəsi başladı. İlk dəfə pioner qalstukunu məktəbdə bizim sinif açıb. Sinifdə pioner qalstukunu açanlardan biri də mən idim. Düzdür, o qalstuk mənə yaxşı yaraşırdı. Ağ köynəkdə çox qəşəng görsənirdi. Amma artıq elə bir zaman idi ki, XI Sovet Ordusu uşaqlara, qocalara, pionerlərə də qarşı silah işlətmişdilər. Ondan sonra etiraz əlamati olaraq mübarizə başladı.

- Tələbəlik illəriniz necə keçib?

- Ali təhsilimi Azərbaycan Kooperasiya Universitetində almışam. Universiteti bitirdikdən sonra gördüm ki, magistr təhsili də almaq lazımdır. Bu səbəblə, ümumi iqtisadiyyat fənni üzrə Azərbaycan İqtisad Universitetində magistr təhsili aldım. Oranı fərqlənmə ilə bitirmişəm.

- Tələbəlik illərində hansı qayğılarınız olub? Maddi sıxıntı yaşamısınız?

- Hər bir valideyn çalışır ki, övladını maksimum şəkildə həyatın sosial qayğılarından uzaq tutsun, eyni zamanda da bizim valideynimiz. Maddi sıxıntı dedikdə, həyatımızda bu mərhələlər də olub. Düzdür, valideynlərimiz çalışıb ki, bu sıxıntılarla üzləşməyək, amma həyatdır.

- Hərbi xidmət illərinizi necə xatırlayırsız?

- 1995-1998-ci illərdə hərbi xidmətdə olmuşam. 3 ildən artıq bir dönəm olub. ŞəmkirTovuz rayonundakı hərbi hissələrdə xidmət keçmişəm. Döyüş bölgəsi olduğuna görə, özünəməxsus çətinlikləri vardı. Keçid dönəmi yaşayırdıq, atəşkəs elan olunsa da, hərdən düşmən tərəf mövqelərimizi atəşə tuturdu. 3 il iki ay hərbi xidmətdə oldum. Hərbi xidmət rəhbərliyi tərəfindən nümunəvi xidmətə görə təşəkkürnamə və təltiflərim də olub. Təxris olunandan sonra jurnalistika fəaliyyətinə qədəm qoydum.

- Hərbi xidmətdən sonra hansı işlərdə çalışmısınız?

- Hərbi xidmətdən gələndən sonra içimdə iqtisadi sahədə yazmaq həvəsi vardı. İqtisadiyyatı bitirdiyim üçün iqtisadiyyatdan yazmaq, iqtisadi araşdırma aparmaq mənim üçün maraqlı idi. Həmin zamanda Azərbaycan böyük transmilli layihələrə imza atırdı. Bakı-Tbilisi-Ceyhan kəmərinin gündəmdə olan vaxtı idi. Əsgərlikdən gələndən sonra Azadinform İnformasiya Agentliyinə dəvət aldım. Həmin vaxt orada iqtisadçı jurnalistə ehtiyac vardı. O zamanlar bir sıra mətbuat orqanlarına yazılar da verirdim. Həmçinin, sosioloji tədqiqatlar aparan mərkəzlərin layihələrində iştirak edirdim. 10 ilə yaxın orada çalışdım, bir çox uğura imza atdım. Azadinform İnformasiya Agentliyində iqtsadiyyat şöbəsinin müdiri vəzifəsinə qədər yüksəldim. 2010-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə dəvət olundum. 2014-cü ilə qədər həmin şöbədə əvvəlcə mütəxəssis, sonra şöbə müdirinin müavini, daha sonra isə şöbə müdiri vəzifəsində çalışdım. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildiyiniz kimi sosial siyasəti həyata keçirən çox həssas bir qurumdur. Ölkənin ən ağır kontingenti ilə işləyir: şəhid ailələri, əlillər, kimsəsizlər, yoxsullar, sosial qayğıya ehtiyac duyan insanlar və s. Nazirlikdə fəaliyyətim həyatımın ən önəmli dönəmlərindən biridir. Çalışdım k, işimin öhdəsindən gəlim. Nazir dəyişikliyindən sonra komanda dəyişikliyi baş verdi, Səlim Müslümov gələndən sonra oradan uzaqlaşmalı olduq.

- Hobbiləriniz varmı?

- Şahmat oynamağı sevirəm. Boş vaxtlarımda da həmişə oynamışam. Hətta dərəcəm də var. Lakin uzun müddətdirdir oynamıram. Çünki vaxtım olmur. Şahmat vaxt tələb edən oyundur. Onu oynamaq üçün düşünmək lazımdır. Bu baxımdan, şahmatla oynaya bilmirəm. Uşaq vaxtı musiqiyə getmişəm. 5 il qarmon ixtisası üzrə təhsil almışam. Həmçinin idmanla da məşğul olmuşam. Valideynlərim istəyirdi ki, boş vaxtımız olmasın. Qorxurdular ki, hanısısa “kruqa” qoşularıq. Ona görə, gündəliyimi özləri doldururdular. Məktəb, məktəbdən sonra həftənin müəyyən günləri musiqiyə, müəyyən günləri isə şahmata gedirdim. Düşünürəm ki, bunların hər birinin həyatımda yeri oldu.

- Hansısa bir biznesiniz var?

- “Baku school of PR” şirkətim var. Lakin hazırda fəaliyyəti dayanıb. Həmin şirkət vasitəsilə PR sahəsində təlimlər verirdik. Yerli və beynəlxalq ekspertləri ölkəyə dəvət edir, ictimaiyyətlə əlalqələr mütəxəssislərinin hazırlanmasında müəyyən təlimlər verirdik. Təlimlərdə yerli ictimaiyyətlə əlaqələr mütəxəssisləri də iştirak edirdi. Özüm də bu təlimlərdə iştirak etmişəm. Hazırda bilik və təcürbələrimin artırılmasında maraqlıyam. Bu gün hanısa bir qurumun ictimaiyyətlə əlaqələr rəhbəriyəm deyə yekunlaşmıram. Mütəmadi olaraq həmkarlarımdan, dostlarımdan, rəqib şirkətlərdən belə ictimaiyyətlə əlaqələr sahəsinin idarə edilməsində, bilik və bacarlıqların artırılmasında maraqlıyam. Bunun üzərində çalışram.

2016-cı ildə “Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası"nı təsis etdik. PR sahəsində fikirlərin bölüşdürülməsi üzrə APRA bir platformadır. Hazırda sənədləri Ədliyyə Nazirliyinə göndərmişik. Təəssüf ki, 2 ildən artıqdır rəsmi qeydiyyatı gözləyirik. Ümid edirik ki, APRA qeydiyyata alınacaq. Azərbaycanda bu sahənin inkişafında töhfəsini verə biləcək bir təşkilat olacaq.

- Hazırda ölkədə PR işinin fəaliyyətini necə dəyərləndirirsiniz?

- Azərbaycanda PR fəaliyyəti müstəqillik qazanandan sonra gündəmə gəldi. Bu gün sevindirici haldır ki, təkcə şirkətlərdə deyil, dövlət təşkilatlarında da ictimaiyyətlə əlaqələr şöbəsi fəaliyyət göstərir. Əvvəllər bizdə mətbuat xidməti qurumla şəxs arasında vasitəçi rolu oynayırdı. Amma bu gün bir çox dövlət qurumlarında mətbuat xidməti ilə yanaşı ictimaiyyətlə əlaqələr şöbəsi var. Çox uzağa getməyək, Vergilər Nazirliyində ictimaiyyətlə əlaqələr şöbəsi var ki, o şöbənin daxilində də Mətbuat xidməti fəaliyyət göstərir. Azərbaycan sürətlə inkişaf etməkdədir. Bu səbəblə, PR sahəsinə tələbat var. Uğurlu PR-ın qurulması qurumun şəffaflığından asılıdır. Nə qədər şəffaf, dürüst olsaz, bir o qədər ictimaiyyət tərəfindən dürüst qəbul olunacaqsınız. Həmçinin, PR hansısa bir quruma deyil, tanınış bir şəxsə, xidmət edə bilər. O şəxslərin ictimaiyyətə tanıdılması, sevdirilməsini təşkil edə bilər. Bu gün ölkəmizdə ictimaiyyətlə əlaqələrin qurulmasında konsaltinq xidməti göstərən şirkətlər də var. Çox sevindirici haldır ki, ictimaiyyətlə əlaqələr sahəsi Azərbaycanda geniş şəkildə inkişaf etməyə başlayıb. Həmişə dediyim bir ifadəni təkrarlayacam. Rahat bir həyat tərzinə sahib olmaq, axşam 6-dan sonra işdən çıxıb, telefonlara cavab vermək istəmirsinizsə, həftə sonları tam istirahət etmək, rahat ildə bir-iki dəfə telefonunuzu söndürüb, harasa getmək istəyərsinizsə, ictimaiyyətlə əlaqələr uğurlu peşə deyil. PR-a məsul şəxs hətta 24 saat zənglərə cavab vermək iqtidarında olmalıdır. Çünki hansısa bir hadisə ilə bağlı ictimaiyyətə məlumat ötürmək tələb olunur. Həmin şəxs başa düşməlidir ki, o, çalışdığı qurumun siması, onun sözçüsüdür. İctimaiyyətlə əlaqələr mütəxəssisi mütləq yaradıcılığıa meyilli adam olmalıdır. Bir qədər özünə qapanıq, sakit birinin PR-la məşğul olması çətin olur. Daim tənqidlərə açıq olmaq lazımdır. İctimaiyyətlə əlaqələr nüamyəndəsi birbaşa rəhbərə çıxış əldə etməlidir. O, işlədyiyi fəaliyyət üzrə tam bilikli olmalıdır. Bəzən tənqid təhqirlə səhv salınır. Bu, yolverilməzdir.

Bu gün Veysəloğlu şirkətindən 10 mindən çox işçi çalışır. O işçilərin hər biri ictimaiyyətlə əlaqələrə birbaşa olmasa da, dolayı yolla təsir edirlər. İctimai nüfuzun formalaşması, cəmiyyətdən kənarda özünü aparmaq, etiket qaydaları bura aiddir. Düşünürəm ki, bizim şirkətin bütün işçiləri mətbuat xidmətinin işçiləridir.

- Jurnalist fəaliyyəti dövrünüzdə mətbuat katibləri ilə münasibətləriniz necə olub?

- Hər bir insanın şəxsi keyfiyyəti onun gördüyü işə təsir edir. Bu, qaçılmazdır. Məsuliyyətli insan olduğum üçün hər zaman tapşırılan işin öhdəsindən gəlməyə çalışmışam. Bəzən bu məsuliyyət səhhətimə təsir etsə belə, düşünmüşəm ki, xasiyyətimdən irəli gəlib. İnsanın məsuliyyətli olması aldığı tərbiyədən və keçdiyi həyat yolundan asılıdır. Jurnalistikada fəaliyyət göstərdiyim illərdə bir sıra mətbuat katibləri ilə mübahisələrim, çəkişmələrim olub. Çalışdığım Kütləvi İnformasiya Vasitəsinin rəhbəri mövzu ilə bağlı tapşırıq verib. Lakin mətbuat katibi vaxtlı-vaxtında zənglərə, göndərdiyimiz sorğulara cavab vermədiyi üçün mövzularımız hərdən qalıb. O zaman Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovdan çox ciddi narazılıqlarımız olub. Belə deyək, mətbuata qapalı olan mətbuat katiblərimiz var. Bunun bir neçə səbəbi var. Birincisi, təmsil etdiyi qurumun rəhbəri mətbuata bağlı insan olur. Ona görə, mətbuat katibinin deyə biləcəyi söz olmur. Qurumun rəhbəri ictimaiyyətə bağlı olan zaman mətbuat katibi böyük yük altına düşmüş olur. Digər səbəbi isə, ictimaiyyətlə əlaqələrə məsul şəxsin mətbuata qapalı olmasıdır. 4 il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışdığım ildə saytın rəsmi səhifəsi gündəlik olaraq yenilənirdi. Çalışırdıq ki, gün ərzində ictimaiyyətə məlumat ötürə bilək. Özüm sosial mediada aktiv olduğum üçün işimə də yansıyırdı. Hətta 2013-cü ilin 23 may tarixində ölkədə sosial şəbəkə olan “Facebook” üzərindən ilk məmur sorğusunun cavablandırmasını həyata keçirdik. Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov onlayn olaraq sorğulara cavab verdi. Öncə anons verdik. İnandırım ki, ucqar rayonlardan belə onlayn müraciət edənlər oldu. Onların bəzilərini nazirliyə dəvət etdik, müraciətlərlə bir-bir maraqlandıq. Kommunikasiyanın bu vasitəsindən də istifadə etməyə çalışdıq.

Bu gün çalışdığım işdə də kommunikasiya vasitələrinin imkanlarından geniş şəkildə istifadə edirik. “Facebook”, “İnstagram”, “Youtube” və “Twitter”də varıq. Mütəmadi olaraq ictimaiyyətlə ünsiyyətdə kommunikasiya vasitələrindən istifadə edirik. Bu gün Veysəloğlu şirkətlər qrupu sosial məsuliyyəti dərk edərək, sosial layihələrdə aktivlik edir. Kooperativ sosial layihələrin idarə edilməsində əsas hədəflərimizdən biri təhsilə dəstəkdir. Ölkədə imkansız ailələrdəki istedadlı gənclərin təhsil alması, eyni zamanda istedadlı gənclərin təhsillərini davam etdirmələrində maraqlıyıq. Bu kimi layihələrimiz var. Çalışırıq ki, sosial layihələrdə aktiv olaq. Hesab edirəm ki, buna doğru yavaş-yavaş addımlayırıq. Hazırda “Gələcəyini qur!” layihəsində iştirak edirik. Bu sahədə də öz töhfələrimizi verməkdəyik.

- Mediada sizi nələr qıcıqlandırır?

- İnsanda praktik, nəzəri bilgilərlə yanaşı hissiyat da var. Sosial mediaya baxanda bilirəm ki, bu insanın paylaşımını oxumağa dəyər, yoxsa dəyməz. Bilirəm ki, bu saytın yaydığı informasiya nə dərəcədə ciddidir. Vaxtını ayırıb o sayta girməyə dəyər, yoxsa dəyməz. Bu illərin təcrübəsindən irəli gəlir. Bu gün təəssüflər olsun ki, bəzi saytların təqdim etdiyi xəbərlərdə başlıqla mətn üst-üstə düşmür. İP sayına təsir etsin deyə oxucunu aladaraq onu cəlb edir. Sayt oxucunu aldatmış olur. Belə olan halda oxucusunu itirir. Qıcıqlandıran məsələlərdən biri budur. Bəzən araşdırılmamış, qarşı tərəfdən cavab alınmamış xəbər yazılır. Hər bir jurnalist qarşı tərəfin mövqeyini öyrəndikdən sonra yazını yerləşdirməlidir. Bu, jurnalistin peşə etikasıdır. Qarşı tərəfin mövqeyi öyrənilmədən yazılan bitərəfli yazılar mediada qıcıqlandığım digər səbəbdir. Hər kəs bütün sahələrdən yaza bilər. Amma yaxşı olardı ki, yazdığın sahəni bir qədər araşdırasan. Bu gün kriminaldan, mədəniyyətdən yazan iqtisadi bir yazı yazmaq istəsə, peşəkar yanaşma qoya bilməz. İnsanda baza bilgiləri qoymalıdır. Bəzən hansısa bir məsələ barədə yazılır, lakin səbəbi araşdırılmır. Buna görə də, hanısa bir jurnalist zəng edən zaman onlara ətraflı məlumat verirəm. Çünki biz də o yollardan keçmişik. Junalistlərin nədən çətinlik çəkdiyini bilirik. Bu səbəblə, həmişə medianın, jurnalistlərin yanındayam.

- Neçə övladınız var?

- 3 övladım var. Böyük övladımın adı Məryəmdir. Keçən il yüksək balla Azərbaycan Tibb Universitetinə qəbul oldu. Hazırda təhsilini davam etdirir. Kiçik övladm orta məktəbdə 7-ci sinifdə oxuyur. Hər 3 övladım yaxşı oxuyur. Böyük övladım 643 balla Tibb Universitetinə daxil olan zaman bir həftə otağından çıxmadı. Çünki minimum 660 bal yığmağı özünə hədəf seçmişdi. Düşünürəm ki, digər övladlarım da o cür nəticə göstərəcək. Hər bir valideyn bundan qürur duyur. Ötən il o xəbəri paylaşanda qürur duydum. Biz türkük. Türklər ailəyə qarşı çox həssas olurlar. Bizim üçün ailə müqəddəsdir. Bu gün biz özümüzə almalı olduğumuz bir əşyanı təxirə sala bilirik, lakin övladımız üçün onu həyata keçiririk. Yadımdadır ki, uşaq vaxtı ayaqqabımın qiyməti atamın ayaqqabısından baha idi. Hər bir valideyn istəyir ki, övladı yaxşı oxusun, geyinsin, təhsil alsın, dostlarından geri qalmasın. Hər yaşda övladımızı təqib edirik. Ailə qurana kimi, qurandan sonra da onların yanında oluruq. Onları büdrəməyə qoymuruq. Millət olaraq, bu, bizim uğurumuzdur.

- Veysəloğlu şirkəti fəaliyyətniz dövründə hansı uğurlu layihələrə imza atıb?

- Veysəloğlu Şirkətlər Qrupu 1994-cü ildə yaranıb. İlk olaraq Türkiyədən ölkəmizə məhsul idxal edirdik. Hazırda dünyanın 30-a yaxın ölkəsindən 100-dən artıq fabrikninin məhsulunu ölkəmizə idxal və dağıtımını həyata keçiririk. Azərbaycanın ən ucqar ərazisindəki dükanara belə 24 saat ərzində məhsulların dağıtımını həyata keçiririk. Veysəloğlu Şirkətlər Qrupu özündə 10-dan artıq şirkəti birləşdirib. Sirab süfrə suyu və mineral suları, Ulduz şokolad fabriki və başqaları. Ulduz şokolad fabrikinin məhsulları dünyanın 20-dən çox ölkəsinə “Made in Azerbaijan” brendiylə ixrac olunur. Biz bunu qürurla ixrac edirik. Bu fabrik yüksək keyfiyyətli, Avropanın ən yüksək standartları əsasında qurulub və yüzlərlə çeşid məhsulu var. Qarşımıza hədəf qoymuşuq ki, dünya ölkələrinə “Made in Azerbaijan” brendi adı altında rəqabətə davamlı, ixracyönümlü məhsullar ixrac edək. Eyni zamanda, pərakəndə ticarət bazarında ölkədə liderik. Araz Supermarketlər, topdansatış qiymətinə pərakəndə satış həyata keçirən OBA marketlər şəbəkəsinə malikik. Bu gün OBA marketdə məhsulların qiymətinin ucuz olması ilə bağlı suallar verirlər. Çünki bu şəbəkə özünün 600-dən çox marketlər şəbəkəsinə malikdir. Birbaşa olaraq istehsalçıdan istehlakçıya vasitəsiz ötürücülüyü təmin edən ticarət dövriyyəsini həyata keçiririk. Bu səbəblə, arada olan bir çox marjalardan azadıq. OBA marketlərində satılan məhsullar digər market şəbəkələrindən ucuzdur. Gündəlik olaraq məhsullarımız laboratoriyadan keçirilir, keyfiyyət və uyğunluq standartları alınır, daha sonra satışa çıxarılır. Məhsul keyfiyyəti hər zaman diqqətimizdədir.

- Son olaraq, oxucularımıza nə demək istərdiniz?

- Metbuat.az saytı qısa zamanda geniş oxucu kütləsi toplaya bilib. Saytınız 1 il 3 ay ərzində başqa saytların edə bilmədiyini edib. İlk olaraq, oxucusuna hörmət qoyub. Şou yaratmaq, İP toplamaq məqsədilə ucuz xəbərlərə qaçmayıb. Tövsiyyə edərdim ki, bu tempi saxlayın. Təbii ki, nöqsansız heç bir fəaliyyət sahəsi yoxdur. İşdə insan amili varsa, orada müəyyən nöqsan ola bilir. Bu baxımdan, inkişafa doğru addımlamağınızı arzu edirəm. Qısa müddət ərzində belə bir oxucu kütləsi qazanmısınızsa, ümid edirəm ki, uğurlarınız davamlı olacaq.

Xəyalə Məmmədova

Foto və video: Sərvan Şəldiyev

"20 ildir kirayədə yaşayıram" - Anar Nəcəfli ilə MÜSAHİBƏ

"Etiraz olaraq qalstukları yandırdıq" - Tural Müseyibovla MÜSAHİBƏ

“Bazarın yeməkxanasında 1 il qabyuyan işləmişəm” - Nəsimi Paşayevlə MÜSAHİBƏ

“Adi bir qəzet elanı ilə işə düzəldim” - Dilarə Zamanovayla MÜSAHİBƏ

"Ailə mənim üçün ilham mənbəyidir" - Nərmin Həsənovayla MÜSAHİBƏ

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI