Tural İsmayılov

Köşə yazarı

15:00 06 İyul 2018 3192
A- A+

Terrora çağırış - Əclaflıq yayılanda

Azərbaycandan kənara gedən bəzi yarımfabrikat pul hərisi "müxaliflər"in son dövrlərdə fəal şəkildə əclaflıqla məşğul olduğunu görürük.

Məncə, insanlar üçün dövlət və dövlətçilik anlayışından daha üstün heç nə olmamalıdır. Bu dövlət hamımızın və hər kəsindir. Hansı siyasi görüşdə olmağından asılı olmayaraq dövlətçilik məsələsində kifayət qədər konservativ və diqqətli olmaq lazımdır.

Özü də burda vətəndaş mövqeyi məsələsini də qətiyyən unutmamalıyıq. Bəzi insanlar unudurlar ki, hay-küyçülük və təsir altına düşərək edilən bütün çağırışlar birbaşa təhdid və təhlükədir.

İcra başçısını güllələmək qatı cinayətdir. İnsanın kim və necə olmağından asılı olmayaraq onu sui-qəsdə məruz qoymaq kriminal durumdur və bu tip neqativ olaylar qarşısında tək istinadgah nöqtəsi hüquqdur.

Bütün ölkələrdə olduğu kimi bizim ölkədə də bəzən eşitmək və duymaq istəmədiyimiz bu tip mənfi tendensiya və olayların olması insanları çaşdırmamalıdır. Məkr güdən çaqqalların fitnə-fəsadlarına qarşı son dərəcə diqqətli olmalıyıq.

Radikal dini cərəyanlar altında gizlənən, erməni lobbisindən maliyyələşən yaxud xaricə qaçıb ordan ölkənin dövlətçilik təsisatlarına qəzəb püskürən adamların sui-qəsdçini az qala qəhrəman kimi sırımaq cəhdləri və buna çəpik çalan qüvvələri "demokratiya" nişanı altında qanadları altına almaq isə sadəcə olaraq siyasi manevrdir və bəzi dairələr kuklalardan bu yolla rahat istifadə edir.

Ümumiyyətlə, açıq-açığına terrora və sui-qəsdə çağırışlar etmək və bunu müxtəlif adlar altında tirajlamaq əclaflıqdır. Bu hərəkəti edən hamı cinayət təqibinə məruz qalmalı və beynəlxalq axtarış elan olunmalıdır, məncə.

Açıq-açığına dövlətçilik təsisatlarına qarşı çağırışlar etmək böyük cinayətdir.

Dövlət bizim namusumuzdur. Dövlət vətəndaşın var olma bazasıdır.

Dövlətimizə uzanan əllər gələcəyimizə uzanır.

Bu günün informasiya hərc-mərcliyində tək yolumuz dövlətimizin yanında olmaqdır.

Tural İsmayılov/ Metbuat.az

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI