"Burada ən son texnoloji vasitələrdən istifadə olunur" - FOTOLAR/ REPORTAJ

ASAN xidmət”in “Çağrı” mərkəzinin yeni inzibati ofisinin açılışı olub.

Metbuat.az bildirir ki, 2013-cü il fevralın 1-dən fəaliyyətə başlayan “Çağrı” mərkəzi “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı informasiya xidmətinin göstərilməsini, xidmətlərlə bağlı şikayət və təkliflərin qəbul olunmasını həyata keçirir.

“ASAN Xidmət”in sədri Ülvi Mehdiyev Metbuat.az-a açıqlamasında bildirib ki, dövlət-özəl sektor iş birliyi “Çağrı” mərkəzində öz əksini tapacaq:

“Əvvəllər “Çağrı” mərkəzinə qəbul edilən zənglərin hamısına cavab verə bilmirdik. Bu gündən artıq yeni “Çağrı” mərkəzinin açılışıdır. “Çağrı” mərkəzimiz 100 nəfərlik kolektivin eyni vaxtda işləməsi infrastrukturuna cavab verir. Burada ən son texnoloji vasitələrdən istifadə olunur. “108” nömrəli “Çağrı” mərkəzi müraciətlərin hamısını qəbul edib, cavab verə biləcək. Beləliklə, heç bir vətəndaşın zəngi itirilməyəcək. “Çağrı” mərkəzi dövlət agentliyinin struktur olaraq şöbəsidir. Dövlət qulluğuna imtahanla keçən şəxslər xüsusi təlimlərə cəlb olunacaq, sonra işə götürüləcəklər. “Çağrı” mərkəzinin ən önəmli xüsusiyyəti ondan ibarətdir ki, mərkəz təkcə “ASAN” xidmətlə bağlı “call center” xüsusiyyətini yerinə yetirməyəcək. Həmçinin özəl sektorun xidmətləri şikayət və müraciətlərin qəbul edilməsini istəyirlərsə, bu xidməti bizim “Çağrı” mərkəzinə verməklə yararlana biləcəklər. “Çağrı” mərkəzi istənilən şirkət və özəl təşkilatların xidmətini vətəndaşlara çatdırmaq imkanına malikdir. Beləliklə, “ASAN” xidmətin konsepsiyasına uyğun olaraq, dövlət-özəl sektor iş birliyi “Çağrı” mərkəzində öz əksini tapacaq”.

Mərkəzin aparıcı məsləhtətçisi Aytən Seymurlu “ASAN” xidmət yaranandan orada çalışır. Bildirir ki, çox böyük həvəslə işini yerinə yetirir:

““Çağrı” mərkəzinə telefon, rəsmi onlayn əlaqə bölümü, Feysbuk, İnstaqram səhifələrindən daxil olan müraciətləri cavablandırırıq. Təxminən, gün ərzində 3 minə yaxın müraciət mərkəzə daxil olur. Gördüyünüz məkanda müraciətləri tam şəkildə cavablandırmağa çalışırıq”.

Qeyd edək ki, iki min kvadratmetrə yaxın sahəni əhatə edən yeni “Çağrı” mərkəzi Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 157 ünvanında yerləşir. Mərkəzdə iki xidmət zalı, səkkiz işçi, bir müdir otağı, təlim və iclas otaqları, server və istirahət otağı, mətbəx mövcuddur. Mərkəz səsboğucu funksiyaları nəzərə alınmaqla masalar, kompüterlər, zəruri proqram təminatları, qanunvericilik bazası, müraciət edənlər barədə asan və tez məlumat almaq imkanı olan məlumat bazası və digər müasir texniki avadanlıqlarla təchiz olunub. Xidmətdə ən son yeniliklər tətbiq olunub, geniş imkanları olan Cisco UCCE telefoniya sistemindən istifadə edilir. Xidmət zallarında ümumi olaraq yüz əməkdaşın fəaliyyəti nəzərdə tutulub.

Bu günə qədər ümumilikdə 2 milyon 500 minə yaxın müraciət qəbul olunub. Hazırda 108 “Çağrı” mərkəzi vasitəsi ilə müraciətlərin qəbulu həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 19:00-dək, şənbə günü 10:00-dan 14:00-dək həyata keçirilir. Eyni zamanda, bayram və istirahət günlərində 24 saat avtomatlaşdırılmış rejimdə səsli məlumatlandırma sistemi vasitəsilə xidmət göstərilir. Respublikanın istənilən regionundan stasionar telefonlardan “108” nömrəsini yığmaqla “Çağrı” mərkəzinin xidmətlərindən ödənişsiz yararlanmaq mümkündür.

Xəyalə Məmmədova / METBUAT.AZ

FOTOLAR: Şəmistan Məmmədov

İyulda 3406 əcnəbiyə müvəqqəti yaşama icazəsi verilib - FOTOLAR






Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR