“Sərkisyan adı it dəftərində olmayan bir gədə idi” - Elman Məmmədov

“İşğala son qoymaq üçün Azərbaycan əsgəri sözünü deməlidir, başqa çıxış yolu yoxdur”

Metbuat.az-ın məlumatına görə, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, Xocalı icra hakimiyyətinin sabiq başçısı Elman Məmmədov “Yeni Müsavat”a geniş müsahibə verib.

- Elman müəllim, yay tətilini harada keçirirsiniz?

- Bakının küləyində...(gülür) Mən heç yerə getmirəm, həmişə Azərbaycanda oluram. Azərbaycan hər yerdən yaxşıdır.

- Daha çox harada istirahət etmək sizə xoş olur?

- Rayonlara da çıxıram. Bizim icra hakimiyyəti, idarələr, camaatımızın xeyli hissəsi Goranboy rayonu ərazisindədir, orada çox oluram. Ağdama, Bərdəyə, digər ətraf rayonlara gedirəm, sonra Bakıya dönürəm.

- Deməli, daha çox Qarabağ çəkir sizi, eləmi?

- Bəli. Burada elə yerlər var ki... Durub baxanda Xocalı ilə Ağdam, Bərdə, Tərtər üzündə olan dağları görürsən. Dağların o üzü Dağlıq Qarabağ, bəri üzü bu biri rayonlarımızdır. Biz gəldiyimiz, keçdiyimiz dağlardır oralar. Goranboy rayonunun mərkəzindən 30 km Murov dağına tərəf gəlirsən, burada Aşağı Ağcakənd, Yuxarı Ağcakənddir. Sonra bizim Meşəli kəndi gəlir. Buradan baxırsan Murova... Buradan aşağı, Ağcakəndin böyründə, 6 km o tərəfə bir aşırım var. Oranı aşırsan, məşhur “Gülüstan müqaviləsi” imzalanan Gülüstan kəndi, Gülüstan qalasıdır. Oradan da o tərəfə artıq Ağdərə rayonu ərazisidir, Dağlıq Qarabağdır. Doğma yerlərdir, həsrətlə durub baxırıq.

- Heç olurmu təmas xəttini keçib o tərəfə getmək istəyəsiniz?

- Təbii ki, bu bizim ömürlük arzumuzdur. Nə qədər ki, nəfəsimiz gedib-gəlir, canımızda can var, o arzu ilə yaşayırıq. Həmişə Allahdan ümidlə arzu edirik ki, yəqin yaxın vaxtlarda o dağları, o səddi aşıb, doğulduğumuz yerlərə gedəcəyik. Bu gün bunun üçün real şərait yaranıb. Yəni Azərbaycan dövlətinin, ordusunun gücü var. Mən cəbhəboyu ərazilərdə hara getsəm - Cocuq Mərcanlıdan tutmuş, Xocavənd rayonunun bir hissəsinə, Ağdama qədər - baxıram, görüşlər keçirirəm və fəxr edirəm. Fəxr edirəm ki, bu gün bizim belə güclü, qüdrətli, hazırlıqlı ordumuz var. Bu ordu, inşallah, düşmənin dizini yerə qoyacaq, onu darmadağın edəcək və biz doğma yurdlarımıza qayıdacağıq. O ümidlə yaşayırıq.

- Elman müəllim, Qarabağ hadisələri başlamazdan öncə, dinc dövrdə yayda harada dincəlirdiniz?

- Mən yay tətilində heç vaxt heç yerə getməmişəm. Çünki bizim o yerlər həm dağ, həm aran idi. Kəsəsi, cənnət idi. Onda bizim dağlarımız, yaylaqlarımız, Şuşamız, hər yer istirahət guşəsiydi, cənnət idi, harasa getməyə nə ehtiyac var idi? Əksinə, başqa yerlərdən Qarabağa istirahətə gəlirdilər. Həm də yay dövrü kənd təsərrüfatı işlərinin çox qızğın vaxtı olur. Biz də torpağa bağlı, zəhmətkeş insanlar idik. Kənd təsərrüfatı ilə həm dövlət səviyyəsində, həm də şəxsi təsərrüfatında məşğul olurduq. Eyni zamanda da Azərbaycanın bütün aran rayonlarından, hətta sovetlər dövründə Rusiyanın ən ucqar yerlərindən Şuşaya istirahətə gəlirdilər. Şuşadan da yuxarıda Laçın, Kəlbəcər dağları, Azərbaycanın qədim, doğma yurdları, Ermənistana verilən torpaqlar, yaylaqlar hamısı istirahət yerləriydi.

- Vaxtaşırı Qarabağın bu günü ilə bağlı fotolar, vidokadrlar yayılır. Son materialdan görünür ki, ermənilər Xocavəndin istirahət məkanlarında yay düşərgələri təşkil ediblər. Bu kadrlara baxanda yəqin ki, sizin də ürəyiniz ağrıyır...

- Təbii. Biz həmişə öz aramızdakı söhbətlərimizdə də bu haqda danışırıq. Bilirsiniz, bu gün o torpaqlar üzərində Azərbaycanın nəzarəti yoxdur, düşmən işğalı altındadır. Deyirlər ki, düşmən işğal altındakı ərazilərimizdə yanğın törətdi, sularımızı zəhərlədi, yeraltı-yerüstü sərvətlərimizi talayıb apardı, müqəddəs yerlərimizi, qəbiristanlığımızı, ziyarətgahlarımızı dağıtdı... Əziz qardaşım, düşmən elə ona görə düşməndir ki, bu vandalizmi, bu talançılığı, düşmənçiliyi edir. Bunun qarşısını almaq üçün bəyanat vermək, etiraz etmək faydasızdır! Yeganə yolu var, o da Azərbaycan ordusunun gücünə istinad etmək! Azərbaycan əsgərinin hücumu ilə düşməni torpaqlarımızdan çıxara bilərik. Ondan sonra orada Azərbaycan əvvəlkindən min dəfə üstün sanatoriyalar da tikəcək, yollar da çəkəcək, şərait də yaradacaq, özünün müqəddəs yerlərinə, təbii sərvətlərinə də sahib çıxacaq. Ancaq nə qədər ki, ərazilər işğal altındadır, bizim tələblərimizə qarşı gözü kor, qulağı kar, dili lal olan beynəlxalq qurumlara müraciət edirik ki, yandırmağa dağıtmağa qoymayın! Görürük ki, onlar da 30 ildir heç nə etmirlər və heç nəyin də qarşısını almırlar. Desək ki, qarşısını ala bilmirlər, yanlış olar. Sadəcə, almırlar. Sanki bunlar işğalçı ilə əlbirdirlər, həmfikirdirlər. Bütün bunlara son qoymaq üçün Azərbaycan dövləti və ordusu çox güclü olmalıdır. Şükür ki, bu gün ordumuz güclüdür və daha da güclənir. Düşmən işğalına son qoymaq üçün Azərbaycan əsgəri sözünü deməlidir, başqa çıxış yolu yoxdur!

- Bir neçə gün əvvəl Levon Ter-Petrosyanın tərəfdarlarından biri Dağlıq Qarabağ ətrafındakı rayonların işğal olunduğunu etiraf etdi və ərazilərin qaytarılması zərurətindən danışdı. Ancaq bundan sonra işğal ərazisində “etiraz mitinqləri” başladı. Erməniləri kifayət qədər yaxşı tanıyırsınız, bu vəziyyət sizə nə deyir?

- Ola bilər ki, mən səhv edirəm, ancaq şəxsi fikrimi deyirəm. Artıq dünya erməniləri - təkcə Dağlıq Qarabağda, yaxud Ermənistanda yaşayan ermənilərdən söhbət getmir, ermənilərin ABŞ, Rusiya, Avropada yaşayan, müxtəlif sahələrdə çalışan liderləri, siyasətçilər, oliqarxlar, elm adamları və sair, ağlı başında olub, nisbətən ədalətli söz demək imkanı olan ermənilər artıq erməni cəmiyyətinə səslənirlər ki, biz Azərbaycan torpaqlarını işğal etmişik, bunu etiraf etməliyik. Deyirlər ki, Ermənistan normal yaşamaq istəyirsə, bu işğalçılıq siyasətindən əl çəkməli, o torpaqlardan çıxmalıdır! Əks təqdirdə, Ermənistan bundan da pis günə düşəcək. Bunu ermənilər deyir və belə fikirlər artıq uzun müddətdir ki, Ermənistan daxilindəki müxtəlif təşkilatlar tərəfindən də üstüörtülü, yaxud açıq formada səsləndirilir. Bu, o deməkdir ki, ermənilər artıq Dağlıq Qarabağ probleminin əsirinə, köləsinə çevrildiklərini başa düşüblər və bunun əziyyətini çəkirlər.

- Amma erməni lobbisinin və böyük güclərin əsirinə çevrilmiş Ermənistan hakimiyyətinin heç vaxt Qarabağla bağlı güzəştə getməyəcəyi də məlumdur...

- Yazıqlar olsun o dövlətin halına ki, 20 ildən artıq müddətdə onu Qarabağda vəzifə cəhətdən bəlkə də 200-cü yerdə duran və Qarabağda Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş gədələr idarə etdilər. Məsələn, Robert Köçəryan Qarabağda kim idi? Qarabağ İpək Kombinatının partiya təşkilatının katibi və cinayətkar. Serj Sərkisyan kim idi: bir komsomol, sıradan, adı it dəftərində olmayan bir gədə. Ermənistanda siyasi hakimiyyəti müxtəlif dövlətlərdə olan havadarları vasitəsilə zəbt etdilər. Hərbi xuntanı qurdular və görürsünüz, indi nələrin üstü açılır. Onlar təkcə Azərbaycan xalqına və dövlətinə qarşı yox, öz millətinə və dövlətinə qarşı da saysız-hesabsız cinayətlər törədiblər. İndi onun vaxtı çatmayıb ki, bu millət fikirləşsin ki, onları nə qədər təsadüfi adamlar, cinayətkarlar idarə edəcək?

“Onda bizim dağlarımız, yaylaqlarımız, Şuşamız, hər yer istirahət guşəsi idi, cənnət idi...”

Heç Paşinyan da onlardan geri qalan deyil. Hələ Paşinyan onları nə vəziyyətə, nə günə salacaq, Allah bilir. Bu günlərdə Dağlıq Qarabağ separatçıları ilə Ermənistan arasında müəyyən fikir ayrılıqları var. Nəyin üstündə? Onlar Köçəryanın, Sərkisyanın komandasında olan tör-töküntülər, cinayətkarlardır. Paşinyan ki, başlayıb o komandanı izləməyə, onlar haqqında ölçülər götürməyə, onların “kürkünə birə düşüb”. Paşinyanın məqsədi Qarabağdakı separatçı quruma da öz kadrlarını yerləşdirməkdir. Yəni gələcək mövqeyini möhkəmləndirmək istəyir. Çox güman ki, bu, alınmayacaq, parçalanma qaçılmaz olacaq. Nəticədə ermənilər bundan da artıq zəifləməyə düçar olacaqlar, gedişat bunu göstərir.

- Robert Köçəryan həbs olunub və Paşinyan onunla bağlı qərarında qəti görünür. Qarabağ klanının digər rəhbəri, başının üstündə qara buludlar dolaşan Serj Sərkisyan isə Qarabağa, anasının yanına gəldiyini iddia edir. Sərkisyanın əslində revanş əldə etməkdən ötrü separatçı bölgəyə sığındığını demək olarmı?

- Hələ ki Ermənistanda parlament seçkilərinə hazırlıq dövrüdür. Bu gün parlamentdə Sərkisyan-Köçəryan tərəfdarları çoxdur. Ermənistan dövlətinin bütün qurumlarında bunların tərəfdarları var. Orduda onların özləri kimi cinayətkar komandirlər çoxdur. Separatçı qurum bütövlükdə bunların nəzarəti altındadır. Çünki bunlar o “köynək”dən çıxıblar, oradan gediblər. Elə Sərksiyanın Qarabağa gəlişində də məqsəd odur. O, artıq tərəfdarları arasında iş aparır, hazırlıq görür. Paşinyana qarşı hansısa əks tədbirlər hazırlamaq məsələsi də var. Onu uğursuzluqlara düçar etmək üçün təbii ki, erməni bicliklərindən istifadə olunacaq. Paşinyan da bunların tərəfdarlarını azaldıb zəiflətmək üçün tədbirlər görür. Bax, bu, erməni cəmiyyətində ciddi qarşıdurmaya və parçalanmaya səbəb olacaq.

- Azərbaycan bu situasiyada Ermənistanda da həbs olunan, yaxud həbs olunması üçün proses aparılan Köçəryan-Sərkisyan cütlüyü ilə bağlı hansı addımlar ata bilər? Söhbət Xocalı soyqırımı ilə bağlı onların, nəhayət, ədalət məhkəməsi qarşısında dayanmasından gedir...

- Məndə olan dəqiq məlumatı sizə deyim. Xocalı soyqırımı və Azərbaycanın digər ərazilərinin işğalı zamanı ermənilərin dinc əhaliyə, Azərbaycan xalqına, dövlətinə qarşı törətdikləri bütün cinayətlərlə bağlı kifayət qədər istintaq aparılıb, lazımi sənədlər, materiallar var. Bu materialların xeyli hissəsi də beynəlxalq qurumlara göndərilib. Yəni onlar haqqında saysız-hesabsız cinayət əməllərini özündə əks etdirən cinayət işləri var, hazırdır. Sadəcə olaraq, burada İnterpol kimi, insan hüquqları ilə məşğul olan Avropa İnsan Haqları Məhkəməsi kimi qurumların Azərbaycanın təqdim etdiyi işləri icraata götürməsi məsələsi var. Burada da Azərbaycana problemlər yaradırlar. Ancaq Azərbaycanda onlar haqqında kifayət qədər dəlil-sübutlar var. Məsələn, bir faktı deyim. Soyqırım zamanı Xocalıda yaşayan, əsirlikdə olan, o hadisələrin şahidi olan 2 mindən çox Xocalı sakininin ifadələri alınıb. O ifadələrin 70-80 faizində Sərkisyan, Köçəryan, Ohanyan, Babayan və digərlərinin birbaşa işgəncələrdə, ölüm hadisələrində iştirakları bizim sakinlər tərəfindən təsdiq olunub.

- Artıq adıçəkilən iki nəfər prezident deyil, hətta Ermənistan tərəfindən cəzalandırılır. Deməli, əvvəlki dövrlərdən fərqli olaraq indi onların immuniteti olmadığı üçün Xocalı soyqırımına görə cəzalandırılmaları üçün münbit şərait yaranıb, razılaşırsınızmı?

- Bəli. Əvvəl bunlar ölkənin prezidenti statusundaydılar və onlara dəymirdilər. İndi ki, prezident deyillər. İndi nə mane olur həmin aidiyyəti beynəlxalq qurumlara ki, onları məsuliyyətə cəlb eləmirlər? Bu da müəmmalıdır.

- Ermənilər özləri də narahatdır ki, avqust-sentyabr aylarında müharibə başlaya bilər. Xüsusilə də Ermənistanda baş verənlər, Qarabağ klanına qarşı tədbirlər erməni cəmiyyətini parçalayıb. Siz də o fikirdəsinizmi ki, Qarabağ torpaqlarının hərbi yolla azad edilməsi üçün fürsət yetişib?

- Azərbaycan özünün apardığı siyasətlə son dövrlərdə erməni cəmiyyətini gərginlikdə, təşvişdə, vahimədə saxlamağı bacarır, bu, faktdır. Təbii ki, bunlar bizim səlahiyyətlər səviyyəsində olan məsələlər deyil. Yəqin dövlət rəhbərliyində, bu işlə məşğul olan Ali Baş Komandanın rəhbərliyi ilə müəyyən fikirlər, gedişatlar var. Artıq o məsələlər bizim üçün əlçatan deyil, biz deyə bilmərik. Ancaq biz vətəndaş olaraq gözləyirik ki, bəli, Ermənistanın zəifləməsindən, Rusiya ilə münasibətlərinin nisbətən korlanmasından istifadə edərək müəyyən tədbirlər görməliyik. Lakin yenə deyirəm, qərar rəhbərlik tərəfindən verilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR