Turizmin inkişafını şərtləndirən bir çox amillər var və onların hamısı Azərbaycanda mövcuddur - İlham Əliyev

Turizmin inkişafını şərtləndirən bir çox amillər var və onların hamısı Azərbaycanda mövcuddur.

Metbuat.az-ın məlumatına görə, bunu Lənkərana səfəri çərçivəsində İstisu və Sağlamlıq Mərkəzində görülən işlərlə tanış olan Azərbaycan Prezidenti İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Sizi ürəkdən salamlayıram, Lənkəran rayonunda yenidən olmağımdan çox şadam. Bu, mənim Lənkərana Prezident kimi 10-cu səfərimdir. Hər səfərdə yeni obyektlərin açılışında iştirak edirəm və şadam ki, Lənkəranda yeni gözəl obyektlərin sayı çoxalır. Bu gün Lənkəranda yaradılan İstisu sanatoriyasının fəaliyyəti ilə tanış oluram. Tanışlıq çox gözəl təəssürat bağışlayır, çox gözəl istirahət zonasıdır, gözəl oteldir. Siz bilirsiniz ki, bu yerdə sovet vaxtında sanatoriya olub. O sanatoriyanın görüntüləri bu stenddə göstərilir, tamamilə yararsız vəziyyətə düşmüşdü və əlbəttə ki, müasir tələblərə cavab vermirdi. Şadam ki, yeni tikilən otel, istirahət müalicə mərkəzi dünyanın ən yüksək standartlarına cavab verir. Burada 182 otaqda qonaqlar, yerli sakinlər dincələcəklər, müalicə alacaqlar, öz sağlamlıqlarını bərpa edəcəklər. Bu gözəl turizm obyektinin açılışı bir daha onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün regionlar sürətlə inkişaf edir və bölgələrdə dünya səviyyəli çox gözəl obyektlər, o cümlədən turizm obyektləri yaradılır”.

İlham Əliyev vurğulayıb ki, Lənkəran rayonunda turizmin inkişafı sürətlə gedir: “Keçən il mən burada olarkən dəniz sahilində yerləşən otelin açılışında iştirak etmişəm. Mənə indi məlumat verildi ki, o otel 100 faiz işləyir, yəni, otaqların yüz faizi qonaqlar tərəfindən götürülüb, istifadə olunur. Hazırda Bakı-Astara yolunun çəkilişindən sonra Lənkərana gələn turistlərin sayı daha da artır və artacaqdır. Bu gün biz yeni gözəl otelin açılışını qeyd edirik.

Bildiyiniz kimi, bütövlükdə turizmin inkişafı ölkəmizdə sürətlə gedir. Bu, prioritet məsələdir və son illər ərzində görülmüş tədbirlər nəticəsində ölkəmizə gələn qonaqların sayı kəskin şəkildə artmışdır. Gələn turistlərin sayı 2016-cı ildə 22 faiz, keçən il 20 faiz, bu ilin 9 ayında isə əlavə olaraq 6 faiz artıb. Doqquz ayda xaricdən gələn qonaqlar Azərbaycanda ancaq bank kartları ilə 1 milyard manat səviyyəsində pul xərcləyiblər. Ancaq bank kartları ilə xərclənən bu məbləğ ilin sonuna qədər daha da artacaq. Əlbəttə ki, onlar nağd pul da xərcləyirlər və bu, ölkə iqtisadiyyatına böyük dəstəkdir. Beləliklə, son illər ərzində turizmə göstərilən diqqət öz nəticəsini verir”.

Prezident bildirib ki, turizmin inkişafını şərtləndirən bir çox amillər var və onların hamısı Azərbaycanda mövcuddur: “İlk növbədə, nəqliyyat infrastrukturu - indi ölkəmizdə 6 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan biri Lənkəran aeroportudur ki, mənim təşəbbüsümlə hələ 10 il bundan əvvəl əsaslı şəkildə təmir olunub, demək olar ki, yenidən qurulub. İndi Lənkəran aeroportundan beynəlxalq reyslər təşkil edilir. İndi mənə məlumat verildi ki, həftədə 3-4 reys fəaliyyət göstərir. Bu, həm rayon sakinlərinin, həm cənub zonasında yaşayan vətəndaşların rahatlığını, həm də turistlərin gəlişini təmin edir”.

Dövlət başçısı əlavə edib ki, dəmir yolu nəqliyyatı Azərbaycanda yenilənir, yeni xətlər çəkilir: “O cümlədən təbii ki, Şimal-Cənub nəqliyyat dəhlizi bu bölgədən keçəcək. Yəqin eşitmisiniz, mən çıxışlarımın birində demişəm ki, Bakı-Lənkəran dəmir yolunun istiqaməti də dəyişdiriləcək, sahilboyu ilə gedən dəmir yolu xətti köçürüləcək ki, həm daha da rahat olsun, həm sürət artsın, eyni zamanda, biz sahil zonasını turizm infrastrukturuna cəlb edək. Avtomobil yolları çəkilir. Mən keçən ay Bakı-Astara avtomobil yolunun açılışını etdim, gözəl tədbir keçirildi. Bildiyiniz kimi, indi yolun məsafəsi təxminən 40 kilometr qısalıb və bu gün dünya miqyasında ən gözəl yollardan biridir. Mən Bakıdan Astaraya qədər indi o yol ilə gəlmişəm, adam zövq alır, gözəl, hamar, mənzərəli bir yoldur, sağ-sol meşələr, dağlar. Beləliklə, Bakıdan Lənkərana, Astaraya gəlmək üçün insanlar daha rahat yoldan istifadə edəcəklər.

Bizim tarixi abidələrimiz turizmi inkişaf etdirən vacib amillərdən biridir. Bizim zəngin tariximiz, mədəniyyətimiz, tarixi abidələrimiz xarici qonaqların marağına səbəb olur. Gözəl mətbəximiz, o cümlədən cənub zonasının xüsusi ləzzətli mətbəxi hesab edirəm ki, dünya səviyyəsində məşhurdur. Ölkəmizə gələn turistlər xalqımızın qonaqpərvərliyi sayəsində özlərini evlərindəki kimi hiss edirlər”.

Prezident deyib ki, ölkəmizin ümumi inkişafı əlbəttə ki, turistləri cəlb edir. Əgər Azərbaycan inkişafda olan ölkə olmasaydı, əlbəttə, ictimai sabitlik, təhlükəsizlik olmasaydı, turistlər də gəlməzdi: “Bu gün dünyada baş verən hadisələr göz qabağındadır, risklər, təhlükələr artır və turistlər daha əmniyyətli yerləri seçirlər, ona görə təsadüfi deyil ki, məhz Azərbaycana üz tuturlar. Bütün bu amillərin vəhdəti turizmin inkişafını şərtləndirir. Əlbəttə ki, belə gözəl istirahət mərkəzlərinin, otellərin tikintisi turistləri daha da cəlb edəcək. Biz gərək indi dünyada çox ciddi təbliğat aparaq və bu təbliğat nəticəsində xaricdə yaşayan insanlar bizi daha da çox tanısınlar.

O cümlədən ölkəmizdə müalicəvi turizm inkişaf edir və İstisu Sağlamlıq Mərkəzinin yaradılması bu istiqamətdə önəmli addımdır. Bu vaxta qədər Naftalan şəhərində bir neçə beşulduzlu otel istifadəyə verilib. Biz Naftalanın turizm mərkəzi, müalicəvi mərkəz kimi şöhrətini bərpa etdik. Orada oynaq xəstəlikləri, daxili orqanların xəstəlikləri müalicə olunur. Qalaaltı, o da sovet vaxtında ittifaq məkanında məşhur bir turizm mərkəzi idi. İndi biz bunu beynəlxalq mərkəzə çevirdik, orada daha çox böyrək xəstəlikləri müalicə olunur. Naxçıvanda Duzdağ müalicəvi mərkəzi ağciyər xəstəlikləri üçün çox faydalıdır. Lənkəran İstisu sanatoriyasının şəfalı suları da insanların sağlamlığını təmin edəcək. Yəni, müalicəvi turizm istiqamətində işlər gedir, idman turizmi inkişaf etdirilir. Şahdağ artıq dünya səviyyəli bir dağ-xizək mərkəzinə çevrilib. Ondan sonra açılmış Tufandağ yeni xizək mərkəzidir”.

İlham Əliyev vurğulayıb ki, beləliklə, turizm Azərbaycanda inkişaf edəcək, turizm sahəsində 10 minlərlə iş yeri yaradılır: “İndi mənə verilən məlumata görə, təkcə bu sanatoriyada ən yaxşı mövsümdə 250-yə qədər yeni iş yeri açılacaq və burada yerli vətəndaşlar işlə təmin olunacaqlar. Ölkə iqtisadiyyatına daha da böyük həcmdə vəsait, investisiyalar qoyulacaq və xarici qonaqlar pul xərcləyəcəklər. Ona görə mən çox şadam ki, Lənkəran rayonunda belə gözəl turizm mərkəzi yaradılır. Bu, Lənkəranın iqtisadi potensialına növbəti bir töhfədir”.

Azərbaycan Prezidenti bildirib ki, bütövlükdə son illərdə Lənkəran rayonunda çox böyük işlər görülüb: “İlk növbədə, biz infrastruktur layihələrinə böyük diqqət göstərmişik. Mənim yadımdadır, ilk dəfə prezident kimi mən Lənkərana gələndə Lənkəran şəhərində demək olar ki, təbii qaz yox idi. Bu gün nəinki Lənkəran şəhərində, Lənkəran rayonunda qazlaşdırmanın səviyyəsi 95 faizdir. Yəni, demək olar ki, biz bu problemi həll etmişik. Elektrik enerjisi ilə həmişə problemlər var idi. 2005-ci ildə Astarada tikilmiş modul tipli elektrik stansiyasının fəaliyyəti nəticəsində bu problem də indi öz həllini tapır. Eyni zamanda, Astarada 80, Lerikdə 16 meqavat gücündə elektrik stansiyalarının tikintisi başa çatıb. Bunlar bütün bölgəyə xidmət göstərən elektrik stansiyalarıdır”.

Dövlətimizin başçısı xatırladıb ki, beş il bundan əvvəl Lənkəranın içməli su problemi həll olundu: “Yadımdadır, o günü də biz birlikdə qeyd etmişdik. Kənd yollarının 75 faizi yenidən quruldu və bu proses davam etdirilir, gələn il əlavə vəsait ayrılacaq. Yəni, infrastrukturla bağlı olan bütün məsələlər həll olunur, görülən işlər göz qabağındadır, 40-dan çox məktəb tikilib və ya təmir edilib. Müasir Olimpiya İdman Kompleksi tikilib, biz bu gün onun açılışını qeyd edəcəyik. 2003-cü ildə birinci Olimpiya kompleksi yaradılmışdır. Ancaq əfsuslar olsun ki, o vaxt keyfiyyət o qədər də yaxşı deyildi və o, sıradan çıxdı. Göstəriş verdim ki, Lənkəran şəhərində mütləq ən gözəl Olimpiya mərkəzi yaradılsın, biz bu gün onun açılışını qeyd edəcəyik. Lənkəran aeroportunu qeyd etdim, müalicə-diaqnostika mərkəzi tikilmişdir, mərkəzi şəhər xəstəxanası əsaslı bərpa edilmişdir.

Bu gün “Azərxalça” İstehsalat Birliyinin filialının açılışını qeyd edəcəyik. Orada da 100-dən çox insan işlə təmin ediləcək. Yəni, biz bu məsələlərə kompleks şəkildə yanaşırıq ki, Lənkəran rayonunun inkişafı daha da sürətlə getsin. Əlbəttə ki, növbəti illərdə görüləcək işlər haqqında da biz indidən düşünürük. Gələn ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul ediləcək. Qalan bütün məsələlər o proqramda öz əksini tapacaq. Bilirəm ki, binaların dam örtükləri ilə bağlı problemlər var, biz onları həll edəcəyik. Proqramımızda hələ kənd yollarının çəkilişi, məktəblərin tikintisi var. Biz bütün bunları həll edəcəyik ki, Lənkəran rayonunda bir dənə də olsun problem qalmasın. Sizi bir daha salamlayıram, təbrik edirəm və yeni uğurlar arzulayıram”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR