Milli Turizm Sammitindən FOTOREPORTAJ - YENİ TURİZM BRENDİ

Bakı Konres Mərkəzində Dövlət Turizm Agentliyinin (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə ilk Milli Turizm Sammiti keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirinin birinci hissəsində Azərbaycanın yeni milli turizm brendinin təqdimatı ilə yanaşı, yeni marketing strategiyası, qarşıya qoyulmuş məqsədlər, hədəflər və planlar haqqında məlumat verilib.

Tədbirdə çıxış edən DTA-nın sədri Fuad Nağıyev qurumun 6 aydır fəaliyyət göstərdiyini, bu qısa müddət ərzində turizm sahəsinin əsas istiqamətləri üzrə görülən işlər, həmçinin turizm təhsili, ixtisaslı kadr hazırlığı, statistikanın yaxşılaşdırılması, xidmət sahəsinin təkmilləşdirilməsi, turizmdə müasir informasiya texnologiyalarının tətbiqi, hədəf bazarlarda nümayəndəliklərin açılması kimi məsələlərlə bağlı gələcək planlar haqqında məlumat verib:

“Dövlət Turizm Agentliyi Azərbaycan prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə bu ilin aprel ayında təsis edilib. Həmin vaxtdan artıq 7 ay keçib. Yeni yaradılan bir qurum üçün 7 ay elə də çox zaman deyil. Bu aylar ərzində ölkə başçısının bizə göstərdiyi etimada dayanaraq, yeniliklər görə bilmişik. Turizmin inkişafı ölkənin əsas prioritet istiqamətlərindən biridir. Bu sahənin inkişaf etdirilməsi məhz bizə-Dövlət Turizm Agentliyinə tapşırılıb. Bu məsuliyyətin fərqindəyik. Cənab prezident İlham Əliyevin ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirdiyi siyasətə uyğun olaraq, öz işimizi qurmuşuq. Yeri gəlmişkən, ölkə turizminin inkişafında bizə hər zaman öz dəstəyini verdiyi üçün cənab prezident İlham Əliyev və ölkənin vitse-prezidenti Mehriban Əliyevaya öz təşəkkürümüzü bildiririk”.

Azərbaycan Turizm Bürosunun baş məsləhətçisi Florian Sengstschmid turizmin strategiyasından danışıb:

“Yeni turizm strategiyamız 9 sütunla birlikdə turizmə yeni yanaşma göstərir. Belə ki, bu strategiya özündə turizmin bütün sahələrini əks etdirir. Yeni turizm brendi vasitəsilə Azərbaycan və Azərbaycan xalqının təklif edəcəyi ən gözəl ünsürləri dünyaya çatdırırıq. Turizm startegiyasının hazırlanmasında 25 illik öz təcrübəm və digər ölkələrin təcrübələrindən istifadə olunub. Yeni strategiyanı hazırlayanda digər ölkələrin buraxdığı səhvləri etməməyə çalışmışıq”.

Daha sonra Azərbaycanın qlobal bazarda tanıdılması üçün ilkin addım olaraq hazırlanan yeni turizm brendi təqdim olunub. Yeni brendin əsas simvolları bir-birilə əlaqəli şəkildə təqdim olunan yeni loqo və şüar olacaq.

Azərbaycanın yeni turizm loqosu olan "a" hərfi "Azərbaycan" sözünün ilk hərfi olmaqla yanaşı, öz formasına görə də brendin mahiyyətini çatdırır. Loqo daim yenilənəcək və təqdim olunacağı platformaya uyğunlaşdırıla biləcək. Azərbaycanın yeni turizm brendinin "Yenidən fərqli baxışla bax" ("Take another look" – ing.) olan əsas şüarına uyğun olaraq diqqətlə və yenidən baxdıqda loqo barədə daha dəqiq təsəvvürə malik olmaq mümkündür.
Azərbaycanın turizm brendinin hazırlanması prosesində 100-dən çox müxtəlif peşə sahibəri ilə müsahibə xarakterli araşdırma aparılıb və bu strateji proses 5 ay davam edib.

Yeni brendin dünya ictimaiyyətinə təqdimatı isə bu ilin noyabrında Londonda keçiriləcək "Dünya Səyahət Bazarı" (London WTM) sərgisində baş tutacaq.

Xəyalə Məmmədova

Fotolar: Müzəffər İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR