Azərbaycan və Səudiyyə Ərəbistanı daxili işlər nazirlərinin görüşü olub

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri şahzadə Əbdüləziz bin Səud bin Naif bin Əbdüləziz Al-Səudun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Metbuat.az-a Daxili İşlər Nazirliyindən daxil olan məlumata əsasən, noyabrın 4-də nümayəndə heyətini qəbul edən daxili işlər naziri Ramil Usubov qonaqları salamlayaraq dəvətini qəbul edərək rəsmi səfərə gəldiyinə görə şahzadə Əbdüləziz bin Səud bin Naif bin Əbdüləziz Al-Səuda təşəkkürünü bildirib, ölkələrimiz arasında son illər bütün sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıb.

Xalqlarımız arasında çoxəsrlik tarixi, mədəni, dini yaxınlığın mövcudluğunu qeyd edən nazir dövlətlərarası əlaqələrin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, həmçinin 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Səudiyyə Ərəbistanına rəsmi səfər etdiyini, müxtəlif sahələrdə beynəlxalq hüquqi sənədlərin imzalandığını məmnunluqla xatırladıb. O, Prezident Zati-aliləri İlham Əliyevin və kral, İki Müqəddəs Ocağın Xadimi Salman bin Əbdüləziz Al-Səudun siyasi iradələri sayəsində ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini, Səudiyyə Ərəbistanının beynəlxalq arenada Azərbaycanı tam dəstəklədiyini, bu səfərin, xüsusən cənab Naif bin Əbdüləziz Al-Səudun dövlətimizin başçısı tərəfindən qəbul olunmasının Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə yeni impuls verəcəyinə əminliyini ifadə edib.

Nazir Ramil Usubov müstəqilliyin ilk illərində Azərbaycanın qarşılaşdığı problemlər, torpaqlarımızın işğalı, ulu öndərin ali hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əldə edilmiş müsbət nəticələr barədə məlumat verib. Qeyd olunub ki, kriminogen durumun tam nəzarətə götürülməsi, sabitliyin bərpası Azərbaycanda bir sıra qlobal infrastruktur layihələrin reallaşmasına, iqtisadiyyata külli miqdarda xarici sərmayənin yatırılmasına, insanların təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərməsinə, hər il getdikcə daha çox səudiyyəlinin turist kimi respublikamıza gəlməsinə əlverişli şərait yaradıb.

Daha sonra regionda cərəyan edən proseslərin transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi zərurətini meydana çıxardığını, bu növ cinayətlərə, xüsusən beynəlxalq terrorçuluğa, narkotik qaçaqmalçılığına, qanunsuz silah ticarətinə, insan alverinə qarşı səmərəli mübarizə aparmaq üçün əməkdaşlığın genişləndirilməsinin, informasiya mübadiləsinin intensivliyinin artırılmasının əhəmiyyətini, Daxili İşlər nazirlikləri arasında əlaqələrin möhkəmləbdirilməsinin, bununla əlaqədar mükəmməl hüquqi-normativ bazanın yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb. Nazir səudiyyəli həmkarının dəvəti əsasında cari il fevral ayının 19-da dost ölkəyə rəsmi səfəri zamanı «Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında» Protokolun imzalanmasını bu istiqamətdə mühüm addım kimi dəyərləndirərək qarşılıqlı faydalı münasibətlərin hər iki ölkənin maraqlarına və xalqlarımızın mənafelərinə cavab verdiyini vurğulayıb.

Əbdüləziz bin Səud bin Naif bin Əbdüləziz Al-Səud dəvətə və yüksək qonaqpərvərliyə görə daxili işlər naziri R.Usubova təşəkkür edib, bu səfərin əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Respublikamızda ilk dəfə rəsmi səfər etməsindən, onun dinamik inkişafından, burada gedən böyük quruculuq işlərindən məmnunluğunu ifadə edən şahzadə Naif bin Əbdüləziz Al-Səud həssas bölgədə yerləşən Azərbaycan və Səudiyyə Ərəbistanının möhkəm təməllərə söykənən dostluq və qardaşlıq münasibətlərinin, hər iki ölkədə sabitliyin, əmin-amanlığın təmin edilməsinin regiondakı ümumi təhlükəsizliyə müsbət təsir göstərəcəyini, Krallığın hüquq-mühafizə orqanlarının əməkdaşlığa hər zaman maraqlı olduqlarını nəzərə çatdırıb.

Səmimilik və işgüzar şəraitdə keçən görüşdə təhlükəsizlik sahəsində əlaqələrin mövcud vəziyyəti, prioritet istiqamətləri barədə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR