"Qarabağ"dan Avropa Liqasında ilk qələbə - İlk qol və 3 xal

"Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsinin IV tur qarşılaşmasında Ukraynada "Vorskla"nın qonağı olub.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, Poltavadakı Aleksey Butovski adına stadionda keçirilmiş oyun Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 13-cü dəqiqədə penaltidən Araz Abdullayev vurub.

Matça maraq elə də yüksək səviyyədə olmayıb. Görüşü izləyən 10 minədək tamaşaçı arasında azərbaycanlı fanatlar da olub. Onlar iki sektordan "Qarabağ"a Azərbaycan bayraqları ilə dəstək veriblər. Bundan başqa ayrı-ayrı sektorlarda üçrəngli bayrağa bürünmüş azarkeşlərə də rast gəlinib.

Komandaların start heyətlərində Bakıdakı ilk görüşlə müqayisədə hərəyə 2 dəyişiklik edilib. Meydan sahiblərinin baş məşqçisi Vasili Saçko Vadim Sapay və Ardin Dallkunu Aleksandr Çijov və Arturla əvəzləyib. Onun rəqib həmkarı Qurban Qurbanov isə qapıçı Vaqnerin əvəzinə Hannes Halldorssona, İnnosent Emeqaranın yerinə Con Delarja şans verib. Qurbanov portuqaliyalı qolkiperi ilk "18-lik"də belə lüzum görməyib. Əvəzində ehtiyat qapıçı Şahrudin Məhəmmədəliyev olub.

Matç "Qarabağ"ın hücumları ilə başlayıb. Bakıdakı görüşdə olduğu kimi yenə müdafiəyə çəkilən "Vorskla"nın əks-hücumlara bel bağlamaq istərkən özü işini çətinə salıb. Müdafiədə yanlış ötürmədən sonra topu ələ keçirən Maksim Medvedev rəqib qapıçı Boqdan Şustu onu yıxmağa məcbur edib. Nəticədə isveçrəli referi Sandro Şörer penalti təyin edib. Araz Abdullayev zərbəni dəqiq yerinə yetirərək, Ağdam komandasının qrup mərhələsindəki ilk qolunun müəllifi olub.

Bundan sonra "Vorskla" hücuma atılıb. Lakin meydan sahiblərinin hücumları olduqca kəsərsiz alınıb. "Qarabağ" da əks-hücumları lazımi səviyyədə sona çatdıra bilməyincə ilk yarıda başqa qol olmayıb.

İkinci hissənin əvvəlləri isə qarşılıqlı hücumlar şəraitində keçib. Bu zaman yerli fanatların meydana yandırıcı maddələr atması səbəbindən oyun bir neçə dəqiqəlik dayandırılıb. Matç davam etdirildikdən sonra - 70-ci dəqiqədə "Qarabağ" azarkeşlərinin olduğu sektorda eyni hal baş verib. Bu dəfə referi oyunu saxlayaraq, komandaları paltardəyişmə otağına göndərib. Stadionda xəbərdarlıq anonsu verilib. 8 dəqiqə sonra komandalar meydana qayıdıblar.

Bundan sonra görüş yerli komandanın hücumları ilə davam edib. Bir epizodda qapıçı Hannes Halldorsson "Vorskla"nın oyunçusunun zərbəsini dəf etməyi bacarıb. "Qarabağ"ın əks-hücumları zamanı isə meydan sahiblərinin kobudluğu diqqət çəkib. Təsadüfi deyil ki, baş hakim Sandro Şörer 3 futbolçuya sarı vərəqə göstərib.

Qurban Qurbanov isə 2 dəyişikliyə əl atıb. Abdullah Zubiri Mahir Mədətov, Con Delarjı isə Filip Ozobiç əvəzləyib.

Sonlara doğru "Vorskla" azarkeşlərinin bir hissəsi meydanı vaxtından əvvəl tərk etməyə başlayıb. Baş hakimin matça əlavə etdiyi 12 dəqiqəlik bölümdə "Vorskla" ən real qol şansından yararlana bilməyib. Halldorsson künc zərbəsindən sonra başla endirilmiş zərbəni dəf edib.

Beləliklə, "Qarabağ" E qrupunda ilk qələbəsini qazanıb. Lakin bu, komandanın son pillədən qurtulmasına kifayət etməyib. Hazırda daha üstün top fərqinə malik "Vorskla" 4 oyundan 3 xalla 3-cü, eyni xala malik "Qarabağ" isə 4-cü pillədə qərarlaşıb. Turun digər oyununda "Arsenal" İngiltərədə Portuqaliya "Sportinq"i ilə qolsuz heç-heçə edərək, xallarını 10-a çatdırıb və növbəti mərhələyə vəsiqəni təmin edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR