Xaosa yuvarlanan Ermənistan – Rusiyanın sanksiyaları qapıdadır / TƏHLİL

9 dekabr seçkilərindən sonra Ermənistanda olduqca gərgin siyasi vəziyyət hökm sürür. Onsuz da Dağlıq Qarabağ münaqişəsinə görə regionda təcrid durumunda olan düşmən ölkə bu dəfə ənənəvi müttəfiqlərinin də ona üz çevirməs ilə çıxılmaz vəziyyət hökm sürməkdədir. Bir tərəfdən daxildə sosial-iqtisadi böhranın dərinləşməsi, digər tərəfdən isə xarici siyasətdə dalbadal yaşanan uğursuzluqlar Ermənistan iqtidarını çətin bir dilemma qarşısında qoyub.

Paşinyanın avrointeqrasiya yolu tutmaq niyyəti mövcud geosiyasi reallıqların və Ermənistanın bir dövlət olaraq nüfuzunun çərçivəsini aşdığına görə düşmən ölkənin milli təhlükəsizliyinin ciddi təhdid altında qaldığını deyə bilərik. Hələlik rəsmi Moskva prosesləri kənardan izləməklə kifayətlənsə də, yaxın vaxtlarda adekvat tədbirlərin görüləcəyi şübhə doğurmamalıdır.

Bu xüsusda, hələ də Rusiya rəhbərliyinin Paşinyanı qazandığı qələbə münasibətilə təbrik etməməsi diqqəti cəlb edir. Ermənistanın siyasi və ekspert dairələri bu amillə bağlı narahatlıqlarını gizlətmirlər. Onların qənaətindən belə bir nəticə çıxarmaq olar ki, bu hal fırtına öncəsi səssizliyi xarakterizə edən bir görüntüdür və hər an dağıdıcı Şimal küləyi ölkəni cənginə ala bilər.

Bütün bunların fonunda isə Ermənistan iqtidarı Qərbdən gələn tapşırıqları qeyd-şərtzis yerinə yetirməkdə qərarlı görünür. 2 dekabr tarixində Gümrü şəhərində bir süpürgəçi qadının qətlə yetirilməsi faktına görə düz 9 gün sonra həmin ərazidə xidmət keçən Rusiyaya məxsus “102” saylı hərbi bazanın əsgəri həbs olundu. Həbs qərarının bu qədər ləngidilərək seçkidən sonraya salınması ilk növbədə qərarın siyasi mahiyyət daşıdığını deməyə əsas verir. Lakin Ermənistanın hüquq dövləti olmadığına dair əminlik bu məsələnin üzərində çox da dayanmağı tələb edir. Düşünürəm ki, oxuculara məsələnin daha çox siyasi tərəfləri maraqlı olar. Məlum həbs qərarından sonra əsasən Gümrü və ətraf rayonlar olmaqla, bütün ölkə ərazisində Rusiya əleyhinə etiraz aksiyaları keçirildi. Anti-Rusiya ovqatının körüklənməsinə və alovlanmasına xidmət edən bu hadisədən sonra Ermənistanda rus dilində yayımlanan sonuncu televiziya proqramı fəaliyyətini dayandırdı. Rusiyaya qarşı meydan oxumaq niyyəti güdən bu addımların yaxın gələcəkdə Ermənistan xalqı üçün böyük fəlakətlərə səbəb olacağı istisna deyil.

Bütün bunlar son nəticədə Moskva-İrəvan strateji müttəfiqliyinin təməllərini zədələməklə yanaşı, həm də Ermənistanın post-sovet məkanında təklənməsinə rəvac verib. Belarus prezidenti Lukaşenkonun Paşinyanı aşağılayan və Ermənistanın işğalçı dövlət olduğuna eyham vuran açıqlamalarının belə bir dövrə təsadüf etməsi də mövcud geosiyasi reallıqları daha dərindən təhlil etməyə imkan verir. Eyni hərbi blokun tərkibində yer alan Ermənistanla Belarus arasındakı ziddiyyətlərin kəskinləşərək qarşıdurma fazasına keçməsi düşmən ölkənin postsovet məkanında təcrid vəziyyətinə yuvarlandığına dair əminlik yaradır.

KTMT çərçivəsində mövqeləri zəifləyən Ermənistan həm də hər an Rusiyanın bilavasita təzyiq və sanksiyaları ilə üzləşə bilər. Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva ilə İrəvan arasında yeni hərbi sazişin imzalanma ərəfəsində olduğunu bildirmişdi. Ermənistanda üçüncü ölkəyə məxsus hərbi qulluqçuların yerləşdirilməsi istisna hal kimi yeni sazişdə öz təsbitini tapır. Rusiyanın əndişələrindən irəli gələn bu saziş həm dəErmənistan iqtidarına olan inamın tamamilə tükəndiyini özündə təcəssüm etdirir.

Bir xüsusu da vurğulamaq yerinə düşər. Dünən Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan bildirib ki, Ermənistan İrandan daha çox qaz idxal etmək niyyətindədir. Güman ki, Moskva ilin sonuna qədər Ermənistana satılan təbii qazın qiymətində artıma gedə bilər. Söz yox ki, belə bir ehtimal olmasaydı, Ermənistan rəhbərliyi İrandan daha baha qiymətə qaz almağa maraq göstərməzdi.

Moskvanın isə Ermənistanla bağlı təzyiq rıçaqları o qədər çoxşaxəlidir ki, sadalamaqla bitməz. Təkcə onu qeyd edək ki, ölkə iqtisadiyyatının 80 faizindən çox hissəsi Rusiya şirkətlərinin nəzarəti altındadır. Paşinyan hökuməti ikibaşlı siyasətini davam etdirdiyi təqdirdə Rusiyanın sanksiyaları qaçılmaz zərurətə çevriləcək. Son nəticədə isə itirən erməni xalqı olacaq.

Siyasi şərhçi Ceyhun Əhmədli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR