Dövlət Komitəsinin sədr müavini Müdafiə sahəsində təhdidlər üzrə Dialoqun 11-ci iclasında iştirak edib -

Dekabrın 18-19-da İsveçrənin Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) üzv dövlətlərinin iştirakı ilə Müdafiə sahəsində təhdidlər üzrə Dialoqun 11-ci iclası keçirilib.

Metbuat.az.az xəbər verir ki, iclasda ölkəmiz Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

İclasda qaçqın və məcburi köçkünlərin müdafiə məsələləri, şəhərlərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin güzəranı, yerli özünüidarəetmə orqanlarının bu sahədə rolu müzakirə edilib.

Dövlət Komitəsinin sədr müavini iclasda çıxış edib. Öncə BMT QAK-ın Ali komissarı və beynəlxalq ictimaiyyətə iki gün öncə BMT Baş Assambleyası tərəfindən qaçqınlar üzrə Qlobal sazişin qəbul olunması ilə bağlı təbriklər çatdırılıb və bildirilib ki, həmin sənədin ərsəyə gəlməsində Azərbaycan nümayəndə heyəti də fəal iştirak edib.

Qeyd olunub ki, iclasın mövzusu Azərbaycan üçün iki baxımdan aktualdır. Belə ki, qaçın və məcburi köçkünlərin sayına görə ölkəmiz dünyada ilk yerlərdən birini tutur. Eyni zamanda, 2017-ci ilin may ayında Bakı IV Mədəniyyətlərarası Dialoq Forumunun sessiyalardan biri məhz bələdiyyə orqanlarında miqrant və qaçqınları qarşılama mədəniyyətinin təşviqi məsələsinə həsr olunub.

Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli sahəsindəki təcrübəsi və tətbiq etdiyi model barədə iclas iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin sosial siyasətində bu məsələlər prioritet istiqamət kimi müəyyənləşdirilib. Qəbul edilmiş Dövlət Proqramı əsasında məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər həyata keçirilir. Proqramın icrası nəticəsində indiyədək 300 min məcburi köçkün ailəsinin yeni mənzillə təminatına şərait yaradan 100-dən çox qəsəbə salınıb. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın məcburi köçkünlərlə işin daha da təkmilləşdirilməsi sahəsində böyük və müstəsna xidmətləri var. Şəxsən Mehriban xanımın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü və ilk dəfə özəl sektorun vəsaiti hesabına 1026 mənzilli yaşayış kompleksi tikilərək istifadəyə verilib və bu istiqamətdə fəaliyyət davam edir.

Dövlət Komitəsinin sədr müavini BMT və BMT QAK-a bu günədək və hazırda Azərbaycanda məcburi köçkünlərlə bağlı göstərdikləri fəaliyyətə görə minnətdarlıq edib. Diqqətə çatdırılıb ki, BMT QAK və beynəlxalq ictimaiyyətin Azərbaycanın işğal olunmuş əraziləri azad olunduqdan sonra “Böyük Qayıdış” prossesində çox böyük rolu olacaq. Bu, məcburi köçkünlərin fundamental insan hüquqlarının bərpası, onların doğma yurd-yuvalarına ləyaqətlə və könüllü şəkildə qayıtması üçün həmin təşkilatların görəcəyi işlərdən ibarətdir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR