“Paşinyan Ermənistanı fəlakətdən qurtarmaq yolunun nə olduğunu artıq dərk edib” – Elman Nəsirov

“2018-ci ilə qiymət verdikdə bunu xüsusi vurğulamaq istəyirəm ki, bu il də ölkəmizdə sabitlik, təhlükəsizlik mühiti qorunub saxlandı. Bunun nəticəsində Azərbaycanın davamlı inkişafı təmin edilib”.

Bunu ilin yekununu Metbuat.az-a şərh edən millət vəkili, politoloq Elman Nəsirov bildirib. Deputat qeyd edib ki, bizdəki sabitlik, təhlükəsizlik mühitinin səbəbi Azərbaycandakı hakimiyyət və xalq birliyindən keçir: “O ölkələrdə sabitlik olmur ki, hakimiyyət və xalq arasında uçurum əmələ gəlir. Bunun da kökündə o dayanır ki, əgər ölkə rəhbərliyi əgər antimilli siyasət yeridirsə, bu halda xalq o hakimiyyəti dəstəkləmir və həmin hakimiyyətlərin sonrakı taleyi də bizə bəllidir. Yaxın Şərqdə baş verən hadisələr də bunu təsdiqləyir. Bu baxımdan Azərbaycan prezidenti İlham Əliyev son 15 il ərzində, eyni zamanda 2018-ci ildə də məhz xalqına söykənərək bizim milli maraqlarımızı qorudu. Dövlət başçısının sayəsində Azərbaycana beynəlxalq aləmdə böyük diqqət var, çox hörmətlə yanaşırlar. Beynəlxalq aləmdə bizi etibarlə tərəfdaş kimi qəbul edirlər.

İl ərzində prezident İlham Əliyev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan balanslı, çoxvektorlu, dünyanın çox sürətlə dəyişən geosiyasi reallıqlarına adekvat olaraq xarici siyasəti davam etdirib, ona bir hücum taktikası, innovativlik, çeviklik, intensivlik də gətirib. Bunun sayəsində Azərbaycan beynəlxalq aləmin sadəcə subyekti deyil, biz həm aktor ölkə kimi çıxış edirik, yəni biz fəal oyunçuyuq.

Bildiyiniz kimi, hər ilin əvvəlində cənab prezidenti Davos İqtisadi Forumunda iştirak edir, 2018-ci il də bu baxımdan istisna olmadı. Bütün dünya bir daha ona şahidlik etdi ki, Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətinə görə 35-ci yerdə müəyyən edib. Bu çox ciddi nailiyyətdir. İnklüsiz inkişafa görə isə biz inkişaf etmiş dövlət içərisində 3-cü mövqedə dayandıq. Söhbət 80 ölkədən gedir. Biz yalnız inkişaf etmiş dövlətlərdən sonra gəlirik. İnkişaf etməkdə olan ölkələr içərisində isə 3-cü ölkəyik. Bu çox böyük nəticədir”.

Politoloq qeyd edib ki, Azərbaycan prezidenti 9 ayın yekunlarına dair vurğulayıb ki, 12 ölkəyə səfəri olub, 15 dövlətin prezidenti və baş naziri Azərbaycana səfər edib: “Bütün bunlar göstərir ki, Azərbaycan çox çevik siyasət həyata keçirir və konkret nəticələr bəllidir. Məsələn, bu ilin iyul ayında prezident İlham Əliyev Avropa İttifaqında səfərdə oldu, eyni zamanda NATO-nun sammitində iştirak elədi. Səfər zamanı Avropa İttifaqı ilə çox mühüm, strateji əhəmiyyətli sənədlər imzalandı. Bu, tərəfdaşlıq prioritetləri adlanan sənəddir. Bu sənədlə Avropa İttifaqı Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox konkret mövqe ortaya qoydu. Mövqe də belədir ki, münaqişə yalnız və yalnız ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır. Heç bir halda ermənilərin əlində bayraq etdiyi xalqların öz müqəddəratını həll etmə hüququndan söhbət getmir. Analoji mövqeni biz Brüsseldə NATO-nun sammitində öz əksini tapdı. Bunlar bizim çox ciddi nailiyyətlərimizdir və münaqişənin həlli ilə bağlı hüquqi bazanı gücləndirən amillərdir.

Biz eyni zamanda ölkəmizin daxilində olan siyasi proseslərə qiymət verərkən qeyd etməliyik ki, təbii ki, ilin ən mühüm hadisəsi ölkəmizdə aprelin 11-də keçirilən prezident seçkiləridir. Bu seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini qazanan Azərbaycan prezidenti cənab İlham Əliyev yenidən, özü də bu dəfə Konstitusiyada edilən müvafiq dəyişikliyə görə, 7 il müddətinə ölkə prezidenti seçildi. Bu onu göstərdi ki, xalq cənab prezidentin siyasətindən razıdır. Xalq onun bütün təşəbbüslərini dəstəkləyir. Dediyim kimi, bunun da əsas fundamental səbəbi odur ki, prezidentin bütün addımları xalqın milli maraqlarına söykənir. Prezident heç bir beynəlxalq avatüralara, siyasi təşəbbüslərə qoşulmur. O təşəbbüslər, proseslər ki, Azərbaycanın əleyhinədir, heç bir zaman onlara qoşulmur. Bunun sayəsində də Azərbaycanda təhlükəsizlik mühiti çox güclüdür. Həm də nəzərə alsaq ki, qonşu ölkələr, yaxın regionlarda hansı qorxulu proseslər getməkdədir, vətəndaş müharibəsi, vətəndaş itaətsizliyi kimi reallıqlar fonunda Azərbaycan həqiqətən də həm dünyada, həm də müsəlman dünyasında sabitlik adasıdır. Buna görə də xalq növbəti dəfə cənab prezidentə səs verdi.

Təbii ki, 2018-ci ilin çoxsaylı mühüm hadisələri sırasında birinin üzərində də xüsusilə dayanmalıyıq. Bu da odur ki, hər il ilin sonuna yekun vuranda deyirdik ki, təəssüf ki, bu il də Xəzərin hüquqi statusu ilə bağlı məsələ həllini tapmadı. Nəhayət 22 illik çox uzun danışıqlardan sonra və xüsusilə cənab prezidentin qonşu ölkələrlə qurduğu yüksək münasibətlər sayəsində 5 Xəzəryanı dövlətin liderləri bu ilin avqust ayında Aktauda ortaq məxrəcə gələ bildilər və Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanı imzaladılar. Bu Konvensiya eyni zamanda Xəzərin Konstitusiyası adlandırılır. Bu, ilin tarixi hadisələri içərisində ən öndə olanlardan biridir”.

Millət vəkili bildirib ki, ilə yekun vurarkən təbii ki, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı dövlətimizi qarşısında dayanan bir nömrəli problemi qeyd etməliyik: “Bu məsələdə təəssüf ki, xüsusi irəliləyiş yoxdur. Amma cənab prezident də son çıxışında bunu qeyd etdi ki, 2019-cu ilə nikbin nəzərlərlə baxırıq. Çünki belə baxışı şərtləndirən bir sıra proseslər geməkdədir. Bunların içərisində xüsusilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin artıq 3 dəfə baş tutan görüşü olub. Sonuncu görüş Milanda oldu və ilk dəfə uzun müddətdən sonra həmsədrlərin iştirakı ilə yekun bəyənat da imzalandı. Halbuki yekun bəyənatın uzun müddət idi ki, imzalanması mümkün deyildi. Müsbət impuls ondadır ki, yeni il başlayan kimi, yəni 2019-cu ilin yanvar ayında yenidən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bu görüşlər isə nəticə etibarilə daha yüksək səviyyəli görüşləri təşkil etmək məqsədi daşıyır. Bu isə müsbət impulsdur. Digər müsbət impuls odur ki, Ermənistanda yeni rəhbərlik var və onun son bəyənatı müəyyən nikbinlik doğurur. Paşinyan qeyd elədi ki, növbəti inqilaba hazırlaşır və bunun adı iqtisadi inqilabdır. İqtisadi inqilabı necə etmək olar? İqtisadi resurslar yox, ölkədən son illərdə ümumilikdə 1 milyondan çox erməni gedib və geri qayıtmayıb. Ölkə bazarı məhdud, xarici investisiya demək olar ki, yoxdur. Belə olan vəziyyətdə iqtisadi resurslar tükənib, insan resursları tükənib, sosial partlayış səviyyəsindədir və bu il inqilab da olub. Belə olan vəziyyətdə hansı iqtisadi inqilabdan söhbət gedə bilər? Ancaq prinsip etibarilə bu mümkündür. Bu, bu halda mümkündür ki, qonşu dövlətlərlə sərhədlər açılsın. Türkiyə ilə, Azərbaycanla sərhədlər açılsın, təcrid siyasətinə son qoyulsun, bunun da yeganə yolu var. Bu isə Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır. Deməli əgər Paşinyan belə bir bəyənatla çıxış edibsə və bu faktoru nəzərə almayıbsa, o zamanda iqtisadi inqilab bir yuxu olaraq qalacaq.

Buna görə hətta Paşinyan da gələcəkdə Serj Sarkisyanın aqibətini yaşaya bilər. Əgər belə bəyənat veribsə, təbii ki, o, fərqində olmalıdır ki, münaqişənin həlli ilə bağlı yanaşma dəyişməlidir. Yəni Azərbaycan torpaqlarının işğalı Ermənistanı xoşbəxt etmədi, səfalətdədilər və siyasi, iqtisadi kataklizmlər içərisində boğulmaqdadır. Deməli bu işğala son qoymaq lazımdır. Əgər bu dərsi ala bilsə yaxşı olacaq ki, bu da onlar üçün çox vacibdir və bunun da müəyyən simptompları var ki, o dərk etməyə başlayıb. Bu isə müəyyən ümid yaradır. Xüsusilə bunun altından xətt çəkib qeyd edirəm ki, Paşinyan Dağlıq Qarabağın erməni klanına qarşı müharibə elan edib. Fikir verirsinizsə, ölkənin ikinci prezidenti, qondarma Dağlıq Qarabağ rejiminin liderlərindən biri olan Robert Koçaryanı artıq həbs edib. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlunu Praqada həbs elətdirib artıq İrəvana gətirdib, Sarkisanın özünə qarşı da cinayət işi açılıb və onun yaxın perspektivdə həbsi gözlənilir. Paşinyan eyni zamanda qondarma rejimin qondarma rəhbəri Bako Saakyanı ittiham elədi ki, Ermənistandakı seçki prosesinə qeyri-qanuni müdaxilə edir və hətta onu hədələdi ki, seçkilərdən sonra onunla haqq-hesabı çürüdəcək. Bütün bunlar bu qənaətə gəlməyə əsas verir ki, deməli Paşinyan iqtisadi inqilab etmək istəyir, ölkəni bu fəlakətdən qurtarmaq istəyir. Bunun yolunun nə olduğunu da artıq dərk edib, biz bunu hiss edirik. Belə vəziyyətdə ona mane ola biləcək qüvvələr kimlər ola bilər? Dağlıq Qarabağ xalqı yox, Dağlıq Qarabağ qondarma rejiminin üzdəniraq liderləri, hansılar ki, Qarabağ kartından istifadə edib Ermənistanda da hakimiyyətə gəlmişdilər, onları siyasi səhnədən uzaqlaşdırır. Bu tendensiyanı biz hiss edirik və 2019-cu ilə nikbin baxmağa əsas verir.

Bütövlükdə isə 2018-ci il ölkəmiz üçün kifayət qədər uğurlu olub, həm iqtisadi tərəqqimiz təmin edilib, həm iqtisadi artım davamlı şəkildə getməkdədir. Qeyri-neft iqtisadiyyatı güclənməkdədir. Eyni zamanda Azərbaycanın ixrac qabiliyyəti artıb. Azərbaycanın “Made in Azerbaijan” brendi adı altında malları xaricdə satılır. Azərbaycan kosmik ölkə statusunu daha da gücləndirib, möhkəmləndirib. Bütövlükdə Azərbaycanın mövqeləri həm daxildə, həm regionda, həm də beynəlxalq aləmdə daha da güclənir. Bu baxımdan hesab edirəm ki, 2018-ci il Azərbaycan üçün kifayət qədər uğurlu illərdən biri olub”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR