2018-ci ilin təhsil nailiyyətləri barədə hesabat yayımlandı - FOTOLAR

Təhsil Nazirliyi 2018-ci ilin təhsil nailiyyətləri barədə hesabat yayımlayıb.

Qurumun mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, 2018-ci ildə ümumtəhsil və peşə təhsili ilə bağlı görülən işlər aşağıdakılardır:

Ümumtəhsil

- 2018-ci ildə 5 yaşlı uşaqların 75 faizi məktəbəhazırlığa cəlb edilib. Bu göstəricinin 2020-ci ildə 90 faizə çatdırılması nəzərdə tutulur.

- 2018-2019-cu tədris ilindən “Sağlam təhsil-sağlam millət” layihəsinin həyata keçirildiyi 15 məktəbdə 21 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb.

- 2018-2019-cu tədris ilində birinci siniflərə 165 mindən çox uşaq qəbul edilib.

- Bakı ilə yanaşı, GəncəSumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə həyata keçirilib.

- Ötən il 33 minə yaxın şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarında 299 nəfər qalib elan olunub.

- Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 1 qızıl,8 gümüş, 20 bürünc olmaqlaümumilikdə 29medal qazanıb.

- 2018-2019-cu tədris ilində 2140 sinifdə 47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib ki, bu da X-XI siniflərdə təhsil alanların 28 faizini təşkil edir.

- 2018-2019-cu tədris ilində Bakı və Gəncə şəhərləri üzrə daha 28 məktəb“Rəqəmsal bacarıqlar” pilot layihəsinə cəlb edilib. Ümumilikdə 71 məktəb və 26 min şagird bu layihəyə cəlb olunub.

- “Təhsil haqqında” Qanunun 21 maddəsinə 60-dan çox dəyişiklik edilib və 2 yeni maddə əlavə olunub. Dəyişikliyə əsasən, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qaliblərinin isə müvafiq ixtisas üzrə müsabiqədənkənar ali məktəblərə qəbulu öz həllini tapıb.

- ABŞ-ın Pitsburq şəhərində keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisindəazərbaycanlı şagirdlərin 2 ixtiraçılıq işi 1000 və 5000 ABŞ dolları məbləğində xüsusi mükafatlara layiq görülüb.

- Ötən tədris ilində internat məktəbləri, inteqrasiya təlimli internat tipli gimnaziya və internat tipli gimnaziyalardan9-cu sinif üzrə 964 nəfər, 11-ci sinif üzrə isə 549 nəfər məzun olub. 11-ci sinif üzrə məzunlardan 207 nəfər ali, 48 nəfər orta ixtisas, 23 nəfər isə peşə təhsili müəssisələrinə qəbul olunub. 9-cu sinif üzrə 964 nəfər məzundan 85 nəfəri orta ixtisas təhsili müəssisələrinə, 105 nəfər isə peşə məktəblərinə qəbul olunub. Ali məktəbə qəbul olunan şagirdlərdən 2 nəfər yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görülüb.

- “2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Bu istiqamətdə YUNİSEF-lə birgə layihə çərçivəsində Bakı şəhərində 4 ümumtəhsil məktəbində 54 nəfər inklüziv təhsilə cəlb edilib.

- 2018-2019-cu tədris ilində I-XI sinifləri üçün 338 adda 7 246 037 nüsxə dərslik və müəllimlər üçün metodik vəsaitçap edilib.

- Dərsliklərin elektron variantları www.e-derslik.edu.azwww.trims.edu.az saytlarında müxtəlif formatlarda yerləşdirilib. www.video.edu.az portalında ümumilikdə 560 videodərs, www.e-derslik.edu.az portalında isə müxtəlif fənlər üzrə 219 elektron dərslik, metodik vəsait və sinifdənxaric oxu vəsaitləri vardır.

- 2018-ci ildə 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılıb.

- Ümumi təhsil müəssisələri və fərdi kateqoriya üzrə keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinə 850 layihə təklifi daxil olub. Müsbət qərar verilən 166 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.

- 2018-ci ildə ümumi təhsil müəssisələrində çalışan 16 153 müəllim diaqnostik qiymətləndirilmədən keçib.

- 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 51 min namizəd elektron ərizə ilə müraciət edib. 6000-dən artıq namizəd müəllim adını qazanaraq işə qəbul olunub.

- 2018-ci ildə 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını seçənlərinsayı 2090 nəfər olub. Bu, 2013-cü ilə nisbətən 2,3 dəfə, ötən ilə nisbətən isə 53,6 faiz artım deməkdir.

- 2018-ci ildə 25 min nəfərdən çox müəllim modul-kredit sisteminə əsaslanan təlimlərə cəlb edilib.

- “Uşaqların gələcəyinə sərmayə” devizi altında 12-ci Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi keçirilib.

- Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib.

Peşə Təhsili

- 2018-ci ildə “Peşə təhsili haqqında” Qanun qəbul olunub

- Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə Peşə Təhsil Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Mərkəz 2019-2020-ci tədris ilində fəaliyyətə başlayacaq.

- 24 mütəxəssis Koreya Respublikasında təlimlərdə yeni fəaliyyətə başlayacaq Peşə Təhsil Mərkəzinə 24 ixtisaslı mütəxəssis cəlb olunub və onların Koreya Respublikasında təlimlərdə iştirakı təmin edilib.

- 2018-2019-cu tədris ilində 15 mindən çox tələbə “ASAN Peşə” layihəsi çərçivəsində peşə təhsili müəssisələrinə qəbul olunub. Sənəd qəbulunda iştirak edənlər arasında attestat qiymətləri “4” və ya “5” olanların sayı layihənin birinci ili ilə müqayisədə 3 dəfə artıb.

- 2018-ci ildə regionlarda rasionallaşdırma və optimallaşdırma tədbirlərinin davamı olaraq 20 peşə təhsili müəssisəsinin bazasında 10 ixtisaslaşmış Peşə Təhsil Mərkəzi yaradılıb.

- Ümumilikdə 55 peşə təhsili müəssisəsinin bazasında müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış 24 Peşə Təhsil Mərkəzi yaradılıb.

- Ötən il Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzinin açılışı olub.

- 2018-ci il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində çalışan, diaqnostik qiymətləndirilməsi aparılan 2000-dək mühəndis-pedaqoji heyətin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb.

- 2018-ci ildə Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardımvə 4 qrant layihələri çərçivəsində ümumilikdə 23 ixtisas üzrə səriştə əsaslı təhsil proqramı (kurikulum) və 100 modul-dərslik vəsaiti hazırlanıb.

Qeyd edək ki, ali təhsillə bağlı məlumat isə sabah dərc olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR