Ermənistan ordusunda zorlama, ölüm, xaos, anarxiya...

2018-ci ilin yanvarın 1-dən dekabr ayının 31-nə kimi Ermənistan ordusunda müxtəlif şəraitlərdə 60 ölüm hadisəsi qeydə alınıb.

Metbuat.az ordu.az-a istinadən xəbər verir ki, ki, onlardan 21-i qəza, 12-si təxribat, 7-si intihar, 7-si naməlum, 3-ü güllələnmə, 2-si döyülmə, 2-si təyyarə qəzası, 1-i xəstəlik, 1-i mina partlayışı, 1-i göldə boğulma, 1-i qar uçqunu, 1-i qəsdən adam öldürmə, 1-i isə dəm qazından boğulma nəticəsində baş verib.

İşğalçı orduda ötən ilin rəsmi və qeyri-rəsmi statistikasına əsasən, müxtəlif şəraitlərdə təxribat, döyülmə, güllələnmə, mina partlayışı, intihara cəhd, qəza və naməlum hadisələr nəticəsində 192 düşmən hərbçisi yaralanıb.

Ehtiyatda olan polkovnik, hərbçi ekspert Şair Ramaldanov məsələ ilə bağlı Metbuat.az-a şərhində bildirib ki, Ermənistanda gedən proseslərin əks-sədadı ordusunda da görünür:

“Bilirik ki, bir dönəm Ermənistanı “Qarabağ klanı” adlandırılan quldur klan idarə edirdi. Ancaq cəmiyyət o vəziyyətə dözməyib ayağa qalxdı. Prezident İlham Əliyev də hələ bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, “Quldur Sarkisyan klanını Ermənistanda gec-tez öz cəmiyyəti cəzalandıracaq”. Elə də oldu, o klanı Nikol Paşinyan əvəz elədi, indi də öz komandasını yığır. Bu fonda demək olar ki, ordu cəmiyyətin güzgüsüdür.

Bunun kökündə birinci növbədə Qarabağın işğalı durur. Biz bilirik ki, Ermənistan cəmiyyəti, erməni anaları öz uşaqlarını işğal olunmuş torpaqlarda işğalçı qüvvələrin tərkibində xidmət etməyə göndərmək istəmirlər. Ermənistanda valideynlər 16 yaşına çatmamış övladlarının çağırış yaşı çatana qədər ölkədən gedib başqa ölkələrdə məskunlaşırlar. Çünki valideynlər qorxular ki, övladları işğal olunmuş torpaqlarda xidmət edəcəklər. O cür qorxu mühitində böyüyən bugünkü gənclər indi işğalçı qüvvələrin tərkibində xidmət edirlər, bu qorxu ilə xidmətə gedirlər. Təbii ki, hərbi xidmətə gedəndə psixoloji gərginlik daha da böyüyür. Azərbaycan ordusunun gücü ilə bağlı məlumat öyrənən o gənclər bu gücdən də çox qorxurlar. Onlar bilirlər ki, Azərbaycan ordusu və dövləti hər an torpaqlarını işğaldan azad edə bilər. Prezident İlham Əliyev deyir ki, “əgər Azərbaycan və Ermənistanı təkbətək qoysalar, Azərbaycan ordusu qısa zamanda işğalçı qüvvələri darmadağın edib ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Müdafiə naziri cənab general-polkovnik Zakir Həsənov də daima çıxışlarında bu məsələyə toxunur. Azərbaycan Ordusu bu gün bir məqsədlə yaşayır – işğal olunmuş torpaqlarımızı azad etmək.

Bildiyiniz kimi, Ermənistanda bu gün Paşinyanın komandası ilə “Qarabağ klanı” arasında güclü ziddiyyət, mübarizə gedir. Paşinyan hakimiyyətə gələndən sonra güc strukturlarında birinci şəxslər dəyişdirildi, o cümlədən müdafiə naziri də dəyişdi. Müdafiə Nazirliyində də vəzifəli şəxslər, komandir heyəti və s. getdikcə dəyişir. Bütün bunlar da müəyyən şəkildə orduda nizam-intizamın aşağı olmasına səbəb olur. Digər tərəfdən təminat məsələləri ilə bağlı da problemlər var. Paşinyan Ali Baş Komandan olaraq özü etiraf edib ki, Ermənistan ordusunda əsgərlərin yeməyi çox dözümsüz vəziyyətdədir, keyfiyyəti çox aşağıdır. O, hətta bu vəziyyəti düzəltmək üçün zaman lazım olduğunu deyib. Əgər bu gün Ermənistan ordusunun əsgəri keyfiyyətli ərzaqla təmin oluna bilmirsə, bunun üçün zamana ehtiyac varsa, hələ başqa təminatlar da var axı. Onların geyimilə bağlı da problemləri var, bu barədə sosial şəbəkələrdə, mətbuatda geniş məlumatlar yayılmışdı.

Bütün bunlar Ermənistan ordusunda təminatla bağlı nə qədər problemin olduğunu göstərir. Digər tərəfdən bu əsgərlər hərbi geyim geyinib işğal olunmuş torpaqlarda xidmət etməyə psixoloji cəhətdən də hazır deyillər. Biz bilirik ki, hər zaman Ermənistanda yaşayan ermənilərlə Dağlıq Qarabağda olan ermənilər arasında uyğunsuzluq, bir-birini qəbul etməmək məsələsi yaşanır. Paşinyanın siyasəti, öz komandasını qurması və “Qarabağ klanı” ilə olan problemlərdən sonra Qarabağda xidmət edən separatçı rejimin əsgərləri ilə Ermənistandan gəlib orada xidmət edən əsgərlər arasında da müəyyən problemlə yaradır. Bunun nəticəsində də nizamnəməyə uyğun olmayan hadisələr cərəyan edir. Təbii ki, bu vəziyyətdə xidmət edən əsgərlər özünə qəsd edir, qeyri-nizami münasibətlər nəticəsində bir-birini vururlar. Bu gün işğal olunmuş torpaqlarda xidmət edənlər içərisində hərbi xidmət çəkmək istəməyən gənclər çoxluq təşkil edir. Ona görə də statistik nəticələrə görə, ötən ilin ikinci yarısında qeyri-döyüş şəraitində olan itkilər döyüş şəraitində olan itkilərdən iki dəfə çoxdur. Digər tərəfdən bilirik ki, onlarda fərarilik baş alıb gedir. Çalışırlar bu məsələni qanunla tənzimləsinlər, ancaq hələ ki, bacarmırlar.

İki gənci müqayisə edəndə görürük ki, Azərbaycanda anadan olan əsgər balaca vaxtından Qarabağı azad etməsi haqqında düşünür və bu mühitdə böyüyür. O, bu barədə ailədə də eşidir, məktəbdə də, ətrafındakılardan da, televiziyada da, vətənpərvərlik ruhunda olan tədbirlərdə də. Bu gün Azərbaycandakı çağırışçıya mikrofon uzadıb nə istəyirsən soruşanda deyir ki, “İstəyirəm Azərbaycan torpaqlarının işğaldan azad edilməsində iştirak edim”. Bizim cəmiyyətdə, xalqımızda dövlət başçısı başda olmaqla hamının Qarabağla bağlı münasibəti birdir ki, torpaqlarımız işğaldan azad edilsin. Bu mühitdə böyüyən və əsgərliyə gedən gənc bu gün Mübarizlərə, Çingizlərə çevrilir və canı bahasına olsa da mübarizə aparır, işğalla barışmır. Hərbi geyimini geyinib səngərdə olan əsgər deyir ki, “əmr gözləyirəm”.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov açıq qapılar elan edərək valideynlərə övladları üçün yaradılmış şəraiti göstərir. Valideynlər də görür ki, övladları harda qalır, harda yeyir, nələrlə qidalanır, necə hazırlaşır. Hətta bəzən valideynlər deyir ki, “biz belə şəraiti heç evdə yarada bilmirik”.

Bunu Ermənistan əsgəri, oradakı əsgər anaları deyə bilərmi? O valideynlər işğalçı qüvvələrin tərkibində xidmət edən övladı ilə bağlı bu sözləri deyə bilərmi? Təbii ki, yox. Ona görə də hərbi xidmətə yanaşma tamam fərqlidir. Bildiyiniz kimi, hərbi xidmət ən çətin xidmətdir. Bu bir məktəbdir və gənclər bu məktəbi keçməlidir. Ermənistanın qeyri-konstruktiv addımları oradakı gənclərin hərbi xidmət dövrünü faciəyə döndərir, onlar hətta öz canlarına da qıyırlar. Çünki orduda psixoloji dözümsüzlük yaranıb. Bildiyiniz kimi, hətta onların ordularında olan əsgərlər yaralananda belə çox zaman müalicəsi aparılmır. Bütün bunlara görə işğalçı orduda xidmət edən əsgərlərin vəziyyəti çox gərgindir, çətindir. Bu, ordu ilə bağlı statistik rəqəmlərdə də özünü biruzə verir. Ermənistan rəhbərliyi də bu vəziyyəti anlayır və bilir ki, Ermənistanın işğalçı Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin torpaqları işğaldan azad etmək hissiyatının qarşısında dura bilməyəcək. Ona görə indi siyasi vəziyyətdə bu istiqamətdə müəyyən yumşalmalar görünməyə başlayıb. Ancaq Ermənistan ordusunda vəziyyət hələ bu formada davam edəcək. Statistik rəqəmlərdəki neqativ məlumatlar da, yəni, qeyri-döyüş şəraitində itkilər, intiharlar və s. daha çox problem işğalçı qüvvələrin tərkibində xidmət edən əsgərlərlə bağlı olur. Nə qədər ki, Ermənistan işğalçı niyyətindən əl çəkməyəcək onların əsgərləri ölməyə davam edəcək”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR