Mədəniyyət naziri Əbülfəs Qarayev Böyük Britaniyada səfərdədir - FOTOLAR

2019-cu ilin 12-16 fevral tarixlərində nazir Əbülfəs Qarayev Bakı şəhərində keçiriləcək Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili və YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ölkəmizin sədrliyi ilə bağlı təqdimatın keçirilməsi məqsədilə Böyük Britaniyanın Koventri şəhərində səfərdədir.

Metbuat.az xəbər verir ki, nazir Böyük Britaniyaya səfəri çərçivəsində həmin ölkənin İncəsənət, irs və turizm üzrə dövlət katibi Maykl Ellis ilə görüşüb.

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində münasibətlərin vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Əbülfəs Qarayev qeyd edib ki, iki ölkə arasında iqtisadi münasibətlərlə yanaşı muzey, kitabxana, mədəni irsin qorunması, teatr və musiqi sahələrində əlaqələr gündən-günə inkişaf edir. Hazırda Azərbaycan tərəfi mədəniyyət və yaradıcı sənayelərin inkişaf etdirilməsi üçün Britaniya təcrübəsini ciddi araşdırır və bu məqsədlə Britaniya Şurası (British Council) ilə əməkdaşlıq edir.

Maykl Ellis bildirib ki, mədəniyyət sahəsində müvafiq istiqamətlər üzrə ölkəmizlə əməkdaşlığa hazırdır. Azərbaycanın YUNESKO-dakı rolunu yüksək qiymətləndirən M.Ellis Ümumdünya İrs Komitəsinin Bakıda keçiriləcək 43-cü sessiyasının təşkilində uğurlar arzulayıb.

Ə.Qarayev 2-3 may 2019-cu ildə Bakıda keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və 30 iyun-10 iyul tarixində təşkil olunacaq YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası barədə geniş məlumat verərək həmkarını ölkəmizə səfər etməyə dəvət edib.

Görüş zamanı iki ölkə arasında mədəniyyət sahəsində anlaşma memorandumunun imzalanması və onun əsasında fəaliyyət planının hazırlanması qərara alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR