Vəhy nəsimi

Vəhy nəsimi
19:52 28 Aprel 2019
122 Maraqlı
Ölkə mətbuatı
A- A+

Arıq və qısa boylu idi. Amma çox nurani və aram siması var idi. Allah Rəsulunun (s) ən yaxın səhabələrindən hesab edilirdi. Mömin dostlarını görmək üçün Məkkə küçələrindən ötüb keçirdi. Hər tərəfə baxanda büt və bütpərəstlik, şirk və aludəçilik görünürdü. Camaat arasında xurafi əqidələr geniş yayılmış, dillərdə yalnız qətl, qarət, şirk və şeytani tədbirlər dolanırdı. İnsanın qəlbi və ruhu yalnız dostların Quran məclisində aramlıq tapırdı. O elə bir yerə gedirdi ki, Allah Rəsulunun (s) dostları orada gizli şəkildə bir yerə toplaşıb ilahi ayələr tilavət edirdilər. Günah girdabında çapalayan o çirkin mühitdə qəlblərə nuraniyyət bəxş edən yeganə şey Quran tilavəti idi.

Peyğəmbərin səhabələri bir otağın pəncərəsindən bütün get-gəlləri nəzarət altına almışdılar. Onlar Abdullah bin Məsuddan nigaran idilər, onun başına bir iş gəlməsindən qorxurdular. Çünki Məkkə şəhəri müsəlmanlar üçün olduqca təhlükəli bir yer idi. Nəhayət, Abdullah gəlib çıxdı. Dostları onu çox səmimi qarşıladılar. Sonra müsəlman qardaşlar keçən günlərdə olduğu kimi, bir-birinin dövrəsində oturub Quran oxumaqla məşğul oldular.

Milli.Az maide.az-a istinadən bildirir ki, ilahi ayələr ruhlandırıcı və qəlbəyatan idi. Heç kəs Pərvərdigarın kəlamını tilavət etməkdən doymurdu. Onlar əzbərlədikləri ayələri oxuyaraq növbə ilə bir-birinə ötürürdülər. Cahiliyyətin qaranlıq illərində bu əməl Allaha yaxınlaşmaq üçün ən yaxşı yol idi. Ayələrin nuru onların qəlblərinə səfa və təravət bəxş edir, onların pak ruhlarını sakitləşdirirdi. Quran qiraəti məclisi sona yetdikdən sonra möminlərdən biri dedi: "Qardaşlar! Kaş bu ayələr uca səslə müşriklərin qarşısında oxunaydı və onların bərk, qara qəlbləri ilahi kəlmələrlə tanış olaydı".

Möminlərdən başqa birisi dedi: "Bu asan iş deyil. Muhəmmədin (s) düşmənləri var ikən, bu iş qeyri-mümkündür".

Abdullah ibni Məsud dedi: "Sonunda bir nəfər gərək bu işin bütün təhlükələrini qəbul etsin. Əks-təqdirdə, gərək ayələri həmişə öz evlərimizin bir küncündə oxuyaq. Bir nəfər fəryad edib ilahi kəlamı bu camaatın qulağına çatdırmalıdır..."

Sonra əlavə edərək dedi: "Tək olan Allaha təvəkkül edərək bu işi mən özüm icra edəcəyəm".

Dostları dedilər: "Çox güman ki, müşriklər ayələri eşitdikdə qəzəblənəcəklər və o zaman sənin canın təhlükədə olacaq. Gərək bu işi tanınmış və məşhur qəbilədən olan bir şəxs yerinə yetirsin ki, qohum-əqrəbası onu qoruya bilsin".

Öz qərarında möhkəm olan Abdullah müsəlman dostlarına dedi: "Mən müşriklərdən qorxusuz və hürküsüz onların yanına gedib uca səslə ilahi ayələri onların gözü qarşısında qiraət edəcəyəm".

Ertəsi gün Abdullah təmiz və səliqəli libas geyinərək Məscidul-Hərama yollandı. Həmişə olduğu kimi, hər yer səs-küylü idi və müşrik başçıları qədim adətləri üzrə bir-birinin başına toplaşıb söhbət edirdilər.

Bir qədər sonra o, qadir Allaha təvəkkül edərək fəryad etdi: "Bismillahir-rəhmanir-rəhim. Ər-rəhman. Əlləməl Qur'an. Xələqəl-insan. Əlləməhul-bəyan.."

Bir anlıq araya sükut çökdü. Müşriklər Quranın ruhbəxş sədasını eşidəndə, bir qədər fikrə getdilər və pıçıldadılar: "Bu sözləri deyən kimdir?" - Abdullah bin Məsud? O nə dedi: "Muhəmmədin (s) gətirdiklərindən bir parçasını oxuyurdu...?"

Birdən qəzəb və nifrət onların bütün vücudunu bürüdü və bir-birinə dedilər: "Bu utanmaz kişini öldürün! O özündə bu cürəti necə tapıb ki, camaatın arasında Muhəmmədin (s) sözlərini təkrar edir? Onu susdurun..."

Sonra bütün kafirlər Abdullaha tərəf hücum etdilər - yumruq, təpik, söyüş, təhqir... Mərəkə qopdu.

Az sonra müşriklər oranı tərk edəndə, Abdullahın yarıcan, qana bulaşmış bədəni yerdə qaldı. Dostları bu ürəkağrıdan mənzərəni görüb dedilər: "Biz bu barədə sənə demişdik, amma sən bizim sözlərimizə əhəmiyyət vermədin".

Abdullah dedi: "İndiyə qədər Allah düşmənləri mənim nəzərimdə bu qədər kiçik və alçaq olmamışdılar".

Abdullah iman və yəqində misilsiz idi. O, İslam Peyğəmbərinin (s) vəfatındən sonra imam Əmirəlmöminin Əlinin (ə) xidmətində durdu, İslam uğrunda canfəşanlıq etdi, dini dəyərlərin və vilayətin müdafiəsi yolunda nəhayət dərəcədə səy edib çalışdı.

Abdullah bin Məsud İslamı öz meyli və şövqü ilə qəbul etmiş ləyaqətli gənclərdən idi. O, bir çox müharibələrdə iştirak etmiş və şücaətdə, qorxmazlıqda, mərdlikdə bütün müsəlmanların dillərinin əzbərinə çevrilmişdi. Bədr döyüşündə Allah Rəsulunun (s) ən qatı düşmənini öldürə bilmişdi - işkəncə və əzab verməkdə, rəhmsizlikdə məşhur olan Əbu Cəhli. Onu Abdullah bin Məsudun güclü qolları öldürdü.

O, daim Peyğəmbəri-Əkrəmin (s) və həzrət Əmirəlmöminin Əlinin (ə) diqqət mərkəzində idi. Nəhayət, illərlə səbir, müqavimət, cihad və fədakarlıqdan sonra Abdullah bin Məsud İslam dininin müdafiəsi yolunda çox işkəncələrə məruz qaldı və nəhayət, 32-ci hicri-qəməri ilində xilafəti qəsb edənlərin əli ilə canını can sahibinə tapşırdı və uca şəhadət məqamına nail oldu. ("Aftabgərdan", Məhdi Vəhidi Sədr; "Sireyi-İbn Hişam", c. 1, səh. 337; "Usdul-ğabə", c. 3, səh. 257; "Şərhi Nəhcül-bəlağə", İbn Əbil-Hədid, c.14, səh.142.)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/749594.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR