Azadə xanım

Azadə xanım
20:22 28 Aprel 2019
100 Maraqlı
Ölkə mətbuatı
A- A+

Evin kənarında gülüş və sevinc səsləri eşidilirdi. Xidmətçilər, qullar və kənizlər - hamı çalışırdı ki, toy şənliyi yaxşı və şadlıqla keçsin. Şəhər şadlıq və sevinc içində idi. Fəqirlər bol nemətlərdən bəhrələnmiş Bəni-Haşim ailəsinin şadlığında şənlənirdilər. O toy şənliyinin bərəkətindən Məkkə camaatı çoxlu bərəkət və xeyirlə üzləşmişdi. Hər yerdə söhbət Məkkənin ən varlı, ən həyalı xanımının toyundan gedirdi. Hər yerdə Muhəmməd (s) ibn Abdullahın bəyliyindən danışılırdı. Camaat uzun yemək süfrəsinin başında oturub yemək yeyir, ayağa qalxıb bəylə gəlinin xoşbəxtliyi və səadəti üçün dua edirdilər. Çörək, ət, xurma və süd tabaqları qonaqlar arasında paylanılır, hamıya layiqincə qulluq edilirdi. Ən gözəl qohumluq baş verirdi. Onun xeyri, bərəkəti bütün şəhər əhalisinə şamil olmuşdu. Həzrət Xədicə üçün həzrət Muhəmməd (s) kimi həyat yoldaşı və həzrət Muhəmməd (s) üçün də xanım Xədicə (ə) kimi pak və təqvalı xanım tapılmazdı. O iki alicənab ən mübarək birliyi bayram edərək Allaha şükür edirdilər.

Milli.Az maide.az-a istinadən bildirir ki, bu şənlikdə xidmət göstərən şəxslər arasında Ümmü-Əymən adlı bir qadın da vardı. Bu qadın toy mərasiminin yaxşı keçməsi üçün hamıdan daha çox çalışırdı.

O, işin çoxluğundan yorulub xurma ağacına söykənmiş, gözlərini Xədicə xanımın evinə dikmişdi. Ən pakizə xanım Allahın ən yaxşı bəndəsinin yanında idi. O, xoşhal idi və sevincindən gözləri yaşarmışdı. Elə o halda əllərini səmaya qaldırıb onların hər ikisi üçün dua etdi. Bir anlıq Ümmü-Əymənin yadına keçmiş günlər düşdü. O günlər ki, Muhəmmədin (s) ata-anasının evinə xadiməlik üçün təzə gəlmişdi. Muhəmməd (s) dünyaya göz açmamışdan atası Abdullah dünyasını dəyişmişdi. Aminə xanım da bir neçə ildən sonra vəfat etdi. Ümmü-Əymən həzrət Muhəmmədin (s) müqəddəs vücudunu qorumaq üçün çox zəhmət çəkmişdi və o həzrətin məqamını kamil surətdə tanıyırdı. O öz-özünə dedi: "Ey kaş, Abdullah və Aminə sağ olaydılar və əziz övladının bəyliyini görəydilər. Kaş ki, onlar burada olaydılar, öz əziz və nəcib gəlininə tamaşa edəydilər."

İzdivac mərasimindən sonra həzrət Muhəmməd (s) Ümmü-Əymənə buyurdu: "Siz azadsınız, istədiyiniz yerə gedə bilərsiniz." Amma xidmətçi qadın dedi: "İstəyirəm ömrümü sizin yanınızda keçirim." Ümmü-Əymən beləcə öz xidməti ilə məşğul oldu. O vaxta qədər ki, həzrət Muhəmməd (s) peyğəmbərliyə çatdı. Ümmü-Əymən o həzrətin nübüvvət və peyğəmbərlik məqamında gördüyü zaman canla-başla İslam Peyğəmbərinə (s) iman gətirdi. Bir an belə Həzrətin (s) məqamına şəkk etmədi. İslamın zühuru ilə müşriklərin əzab-əziyyətləri başladığı vaxt müsəlmanlardan bir dəstəsi şəhadətə çatdıqda, Peyğəmbəri-Əkrəm (s) qalan möminlərin canını qorumaq üçün bir dəstə müsəlmanlara Cəfər ibn Əbu Talibin başçılığı altında Həbəşistan vilayətinə hicrət etmələrini buyurdu.

Həbəşistana hicrət edənlər arasında Ümmü-Əymən də var idi. O, Həbəşistanda bir müddət yaşadıqdan sonra yenidən Məkkəyə qayıtdı və Peyğəmbərin (s) evində xidmətə başladı. Ümmü-Əymən Peyğəmbərə (s) xidməti ən yaxşı ibadət və iftixar sayırdı.

Ümmü-Əymən şücaətli, təqvalı, iffətli və möminə bir xanım idi. O, cihadda və düşmənlərlə savaşda da iştirak edərək yaralılara tibbi yardım göstərir və susuz müsəlmanlara su verirdi. O deyirdi: "Əgər Peyğəmbər (s) qadınlara cihadı icazəsi versəydi döyüşərdim və İslam düşmənləri ilə döyüşə atılardım."

Müşriklər Ühüd savaşını başladıqda, həzrət Rəsuli-Əkrəm (s) müsəlmanlarla birlikdə kafirlərlə döyüşə getdi. Döyüşdə iştirak edənlərin arasında münafiqlər də var idi. Onlar cihadın və döyüşün şiddətli vaxtında Peyğəmbəri (s) tənha qoyub Mədinəyə tərəf qaçdılar. Bu zaman onlar müsəlmanların arasında "Muhəmməd öldürüldü" - deyə, fəryad çəkdilər.

Xanım Ümmü-Əymən o qorxaq və fərari dəstənin İslam Peyğəmbərinə (s) arxa çevirdiyini görəndə, bir ovuc torpaq götürüb onların gözlərinə çırpdı və dedi: "Siz qorxaqlar gərək evdə oturub sap əyirəydiniz. Sizin döyüş və müharibə ilə nə işiniz? Utanmırsız ki, Allah Rəsulunu (s) düşmənlərin arasında tənha qoydunuz?! Ar olsun sizə! Əgər müsəlman olsaydınız, bu cür pis işlər görməzdiniz."

Ümmü-Əymənin adı Bərəkə idi. O, Allah Rəsulunun (s) əli ilə azad olmuş bir kəniz idi. O, Peyğəmbərin (s) mövludundan əvvəl Abdullahın - Peyğəmbərin (s) atasının evində idi. Peyğəmbər (s) Bəni-Səd qəbiləsindən qayıtdıqdan sonra bu saleh qadın Peyğəmbərin (s) xidmətkarı və tərbiyəçisi oldu. Peyğəmbərin (s) gənclik yaşına qədər, hətta risalət və nübüvvət dövründə də öz xidmətini ondan əsirgəmədi.

Rəvayətlərdə gpstərilir ki, həzrət Məhdinin (ə.c) zühuru dövründə xanım Ümmü-Əymən xatun o həzrətin (ə.c) köməkçilərindən biri olacaqdır. Bu iffətli qadın Əhli-beytin (ə) yanında da yüksək məqama malikdir. ("Biharul-Ənvar", c.15, səh.116.)

Qısa tanışlıq:

Adı: Bərəkə

Kunyəsi: Ümmü-Əymən

Vəzifəsi: Allah Rəsulunun (s) ailəsində xidmətkar kəniz

Vəfat ili; 11-ci hicri-qəməri ili

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/749585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR