Ləyaqətli dayə

Ləyaqətli dayə
20:52 28 Aprel 2019
135 Maraqlı
Ölkə mətbuatı
A- A+

Həzrət Muhəmmədin (s) doğumundan uzun müddət keçməmişdi. Məkkənin əyanları öz övladlarını səhrada yaşayan dayələrə tapşırırdılar ki, onlara səhra havasında və Məkkə mühitindən uzaq bir yerdə ərəb dilini öyrətsinlər.

Peyğəmbərin (s) babası və himayəçisi Əbdülmüttəlib də Peyğəmbər (s) üçün ləyaqətli bir dayə seçməyi qərara aldı. Buna görə də bir neçə dayə Aminənin mənzilinə gəldi, lakin südəmər uşaq onların heç birinin sinəsindən süd yemədi.

Milli.Az maide.az-a istinadən bildirir ki, bu vaxt Əbdülmüttəlibin dostlarından biri dedi: "Mən ərəb qadınları arasında bir xanım tanıyıram ki, şirindil və əməlisaleh, əsil-nəcabət baxımından da bütün dayələrdən üstündür."

Əbdülmüttəlib soruşdu: "Onun adı nədir?"

Cavab verdi: "Adı Bəni-Səd qəbiləsindən olan Həlimədir."

Əbdülmüttəlib Həlimənin atasının yanına getdi və ona dedi: "Mən istəyirəm ki, sənin qızını Muhəmməd (s) üçün dayə seçim."

Həlimənin atası dedi: "Mənim iki qızım var, onlardan hansını deyirsən?"

Əbdülmüttəlib dedi: "Ağıllı, südü çox olan, daha ləyaqətli və daha pəhrizkar olan."

Həlimənin atası dedi: "Sizi Həlimə ilə tanış edərəm ki, o, bacısı kimi deyil. Allah Həliməyə ağıl, düşüncə, zəka, düzgünlük və mehribanlıq bəxş etmişdir."

Həlimə Əbdülmüttəliblə birgə həzrət Muhəmmədi (s) anasından təhvil almaq üçün Aminənin evinə getdi. Həlimə o xoşbəxt körpəni qucağına aldı, Muhəmməd (s) də dayəni görəndə sevindi. Əbdülmüttəlib və Aminə körpələri tərəfindən heç bir etiraz görmədikləri üçün sevindilər və xatircəmliklə Muhəmmədi (s) Həliməyə tapşırdılar. O, Aminənin körpəsini özü ilə yaşadığı yerə apardı.

O gözəl körpənin gəlişi ilə xeyir və bərəkət hər tərəfdən nəinki Həlimənin, hətta bütün Bəni-Səd qəbiləsinin həyatına da varid oldu.

Səmadan bərəkətli bir yağış yağdı. Torpaqlar yamyaşıl və bərəkətli oldu. Sürülərdə qoyunların sayı və südü artmağa başladı. Əminəmanlıq o məntəqəyə hakim oldu. Bütün bu xeyirlər Muhəmməd (s) ibn Abdullahın bərəkətli vücudundan idi.

Şüurlu, səriştəli və Allaha inanan bir xanım kimi tanınan Həlimə bildi ki, bütün xeyirlər o mübarək körpənin ailədə olmasından irəli gəlir. Bundan başqa, Həlimə kiçikyaşlı bu körpəyə xüsusi məhəbbət bəsləyərək onu bütün övladlarından daha çox sevirdi.

Çünki onun özünəməxsus fərdi xüsusiyyətlərini anlamışdı. Həlimə Aminə xanımın körpəsindən möcüzə, qəribə yeniliklər və heyrətamiz hərəkətlər görürdü.

Sədli Həlimə öz qövmünün ən təmiz və iffətli qadınlarından idi. Buna görə də Allah ona əziz İslam Peyğəmbərinə (s) süd vermək fəxrini əta etdi. Həlimə Allah Rəsulu (s) üçün ləyaqətli bir dayə idi.

O, iki ilə yaxın Peyğəmbərə (s) süd verdi və onun kamil surətdə yetişməsi üçün dörd il öz evində saxladı. Bu müddətdən sonra Həlimə onu Məkkəyə apararaq, anası və babasına təhvil verdi. Həlimə Peyğəmbəri (s) böyütmək üçün bütün səy və gücünü işə saldı. Onun Peyğəmbərə (s) qarşı olan məhəbbətini vəsf etmək mümkün deyildi. O, Allah Rəsulunu (s) öz övladlarından üstün tutar və heç vaxt ondan ayrılmazdı. Xüsusən, onun müqəddəs vücudunun bərəkətini gördükdən sonra başa düşdü ki, bu südəmər körpə həmişə Allahın nəzərindədir. O, həmişə Peyğəmbərə (s) xitab edib bu sözləri zümzümə edərdi: "Ey əziz övladım! Səmaların Allahına and olsun ki, sən mənim üçün övladım və gözümün nuru olan Zəmrədən daha sevimlisən! Görəsən, diri qalıb səni uşaqlıqda gördüyüm kimi, böyüyəndə də görə biləcəyəmmi?!"

Muhəmmədə (s) məhəbbəti və ona qulluq etməsi Həliməyə o qədər şövq və həvəs verirdi ki, onun vücudundan bir an belə ayrılmaq istəmirdi. Həlimə xanım bilirdi ki, bir gün Muhəmməd (s) böyük məqama çatacaq və xalqın yanında yüksək sevgiyə sahib olacaq. Çünki onun heç bir rəftarı və sözləri uşaqsayağı deyildi. Söhət edəndə də dili tutulmurdu, həmişə səlis və məntiqli danışırdı. Aminə xanımın övladının böyük ruhiyyəsi və dəqiq dərrakəsi var idi. Buna görə də Həliməni incidə biləcək heç bir iş görmürdü. Muhəmməd (s) uşaq oyunlarının və yüngül rəftarların ardınca getməzdi. Öz yaşıdlarını incitməz, heç vaxt ondan üzr istəməyə məcbur olunan pis bir rəftar görünməzdi.

O, azyaşlı olmasına rğəmən, tək olan Allaha təvəkkül və diqqətində kamil idi. Həlimə xanım çox təəccüblə görürdü ki, Muhəmmədin (s) ədəb-ərkanı, gözəl əxlaqı və insani rəftarlarında heç bir əksiklik yoxdur. Öyrənmək üçün başqa uşaqlara lazım olanların heç birinə Muhəmmədin ehtiyacı yox idi.

O, daim Allahın xüsusi nəzərində idi. Qadir və güclü Allah nazənin bəndəsinə elm, hikmət və ismət bəxş etmişdi. Sədli Həlimə bütün nöqtələrə diqqət yetirmişdi və bircə arzusu Muhəmmədin (s) böyüklüyünü görmək idi. O, öz uşağının gələcəkdəki məqam və rütbəsini görmək, onun layiq olduğu izzətinə tamaşa etmək istəyirdi.

İllər ötdü. Həzrət Muhəmməd ibn Abdullah (s) böyüdü, amma heç vaxt o ürəyəyatan məhəbbəti unutmadı. Peyğəmbərin (s) mərifət və məhəbbəti ona Həlimə xanımın lütfünü unutdurmadı. Allahın Rəsulu (s) həmişə o məhəbbətin və fədakarlığın əvəzini vermək fikrində idi. Peyğəmbər (s) Xədicə ilə evləndikdən sonra bir gün Həlimə xanımın yolu Məkkədən düşdü və o, Peyğəmbərin (s) xidmətinə yetişdi.

Həzrət ona ehtiram göstərdi və öz cübbəsini onun üçün yerə sərdi. Həzrəti Xədicə də ona qırx qoyun və bir dəvə hədiyyə etdi. Həzrət Muhəmməd (s) bu ehtiramla camaata başa saldı ki, ananın və yaxud analıq edən hər bir şəxsin məqamı nə qədərdir.

Sədli Həlimə elə bir qadın idi ki, Allah Rəsuluna (s) süd vermək iftixarı ona nəsib olmuşdu. O deyərdi: "Muhəmmədi (s) saxladığım bir neçə il ərzində o Həzrətdən (s) çox şey öyrəndim."

O, ömrünün sonuna kimi Allah Rəsuluna çox ehtiram göstərdi. ("Aftabgərdan", Məhdi Vəhidi Sədr; "Biharul-ənvar", c.15, səh.342, 344 və 346; "Kuhlul-bəsər", səh.51-57; "Məvsuətut-tarixul-İslami", Muhəmməd Hadi Yusifi Ğərəvi,c.1, səh.222.)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/749595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR