İki qanad sahibi

İki qanad sahibi
21:22 28 Aprel 2019
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

Səhabələr silsiləsindən - Cənab Cəfər Təyyar

Adı: Cəfər;

Atasının adı: Əbu Talib;

Ləqəbi: Təyyar (uçan), Zulcənaheyn (iki qanad sahibi);

Kunyəsi: Əbu Abdullah;

Anasının adı: Fatimə Əsədqızı;

Şəhadət tarixi: 8-ci hicri-qəməri ili, Cəmadiul-axır ayı;

Şəhid olduğu yer: Şam, Mutə döyüşü.

Karvan tufanlı havada aram-aram irəliləyir, külək isə karvanda olanların ayaq izlərini itirirdi. Məkkə müşriklərinin işgəncələrindən amanda qalmaq üçün müsəlman kişi və qadınlar İslam Peyğəmbərinin (s) göstərişi ilə Həbəşistana hicrət edirdilər. Həbəşistana isə yol çox uzaq idi.

Müsəlmanlar oraya ticarət gəmiləri vasitəsilə, su yolu ilə getməli idilər. "Şüeybə" limanına çox az qalmışdı. Hamı gəmiyə minməyə tələsirdi. Çünki bir tərəfdən müşriklər mühacirləri təqib edir, digər tərəfdən də gəmilərin hərəkət zamanı yaxınlaşırdı. Nəhayət, müsəlmanlar Hicazın isti, quru səhralıqları ilə çətin və üzücü səfər edib limana çatdılar. Onlar tələsik ticarət gəmilərinə minib Həbəşistana yola düşdülər.

Milli.Az maide.az-a istinadən bildirir ki, müşriklərin dəniz sahilinə çatadığı zaman müsəlmanlar artıq getmişdi. Buna görə də qəzəblənmiş təqibçilər çətinliklə gəldikləri yolu yenidən geri qayıtmalı oldular. Onlar müsəlmanların fərar xəbərini Məkkənin kafir hakimlərinə çatdırdılar.

Məkkə kafirləri öz adamlarından bir neçə nəfəri emal olunmuş dəri və başqa hədiyyələrlə Həbəşistana ezam etdilər. Onların planları Həbəşistan padşahına rüşvət verməklə bütün müsəlman mühacirləri Məkkəyə qaytarmaq idi. Müsəlman mühacirlər Əbu Talibin oğlu Cəfərin rəhbərliyi ilə Həbəşistan torpağına çatdılar və o ölkənin padşahı Nəcaşi müsəlmanlara sığınacaq verərək onları mehribanlıqla qarşıladı. Mühacirlərin orada məskunlaşmasından hələ çox keçməmişdi ki, Məkkə bütpərəstlərinin nümayəndələri Həbəşistan torpaqlarına daxil oldular. Onlar Nəcaşi ilə görüşüb yaltaqlanaraq dedilər: "Bizim ağılsız kəniz və qulamlarımızdan bir dəstəsi təzəlikcə öz babalarının dinindən üz döndəriblər. Onlar elə bir dinə iman gətiriblər ki, nə bizim dinimizdir, nə də ki sizin. İndi sizdən rica edirik ki, bu dəstəni öz ölkənizdən qovun və onları bizə təhvil verin."

Məsihi padşah olan Nəcaşinin mühacir müsəlmanların rəhbəri Əbu Talibin oğlu Cəfərdən soruşdu: "Sizin bu yeni dininiz nədir?" Cəfər irəli keçib dedi: "Ey padşah! Biz cahiliyyət dövründə bütlərə pərəstiş edən bir qövm idik. Murdar yeyər, iyrənc işlər görərdik. Bizimlə qonşu və həmpeyman olanlarla pis rəftar edərdik. Güc və qüdrət sahibləri zəiflərin haqqını tapdalayardı. Allah-Taala bizə bir Peyğəmbər (s) göndərdi. O isə bizi Allaha tərəf dəvət etdi ki, Onun təkliyini tanıyaq və yalnız Ona pərəstiş edək. O, bizə düz danışmağı, əmanətdarlığı, qohum və qonşuları sevməyi əmr etdi. Bizi pis işlərdən, yalan danışmaqdan, yetimin malını yeməkdən çəkindirdi. Həmçinin bizə namaz qılıb sədəqə verməyi, oruc tutmağı buyurdu.

Biz də onu təsdiq etdik və ona iman gətirdik. Allahın təkliyinə inanıb Ona ibadət etdik. Haram saydığını haram, halalını halal bildik. Lakin Qureyş başçıları əzab-əziyyət verməklə istəyirlər ki, biz öz dinimizdən əl çəkib, yenidən bütpərəstliyə və pisliklərə qayıdaq."

Bu zaman Nəcaşi Cəfərdən soruşdu: "Siz İsa (ə) barəsində nə düşünürsünüz?"

Cəfər cavab verdi: "Bizim əqidəmiz Peyğəmbərin (s) Allah tərəfindən gətirdiyidir. O deyir: "İsa (ə) Allahın bəndəsi və peyğəmbəridir. İffətli olan Həzrət Məryəmə (ə.s) ilqa etdiyi Allahın ruhu və kəlamıdır."

Cəfərin ilahi kəlamlarına məftun olan Nəcaşi dedi: "Allaha and olsun ki, düz danışdın." Sonra üzünü müsəlman mühacirlərə tutub dedi: "Gedin! Siz azad və amandasınız. Hər kəs sizi incitsə cəzalanacaq. Mənə qızıldan bir dağ versələr də, sizin əzab-əziyyətinizə razı olmaram." Sonra Nəcaşi öz məmurlarına üz tutub dedi: "Hədiyyələri öz sahiblərinə qaytarın. Bizim hədiyyə libasında verilən rüşvətə ehtiyacımız yoxdur. And olsun Allaha ki, şahlığa çatdığım gündən etibarən, heç vaxt rüşvət qəbul etməmişəm."

Həbəşistana gələn müşrik səfirlər nəinki öz istəklərinə çatmadılar, həm də o ölkənin bütün saray əyanlarının yanında rüsvay və xəcil oldular. Onlar öz vətəninə əliboş qayıtmalı oldular.

Əbu Talibin oğlu, Peyğəmbəri-Əkrəmin (s) əmisi oğlu və imam Əlinin (ə) qardaşı Cənab Cəfər cahillik dövründə dörd xüsusiyyəti ilə başqalarından fərqlənirdi: Şərab içməz, yalan danışmaz, iffətsiz əməllərdən uzaq durar və bütə pərəstiş etməzdi.

O, bütün ömrü boyunu Allah Rəsuluna (s) itaətdə keçirdi və İslamın yüksəlişi üçün canından, malından keçdi. O, Peyğəmbərə (s) sevindirici qələbə xəbərini ərməğan etməyi bacarırdı. Cəfərin güclü imanı, kamil yəqini, saf qəlbi var idi. Şücaət və mərdlikdə misilsiz idi. 8-ci hicri-qəməri ilində baş verən Mutə döyüşündə Allahın Rəsulu (s) müsəlman ordusuna rəhbərliyi Cəfərə tapşırdı. O, keçmiş mübarizələrində olduğu kimi döyüş meydanına qədəm qoydu. Mutə müharibəsində o, kafirlərdən və müşriklərdən çoxunu həlak etdi. Nəhayət, 41 yaşında ikən döyüş meydanında şəhadətə çatdı.

Peyğəmbəri-Əkrəm (s) Cəfərin şəhadət xəbərini eşitdikdə, mübarək gözlərindən yaş süzülərək dedi: "Allah-Taala Cəfərə iki qanad verdi ki, behiştdə pərvaz etsin." Bundan sonra Cənab Cəfər iki ləqəblə məşhurlaşdı: Zulcənahəyn (iki qanad sahibi) və Təyyar (uçan). Əlbəttə, Peyğəmbəri-Əkrəm (s) Cənab Cəfərə hələ sağ ikən Əbülməsakin (yoxsulların və çarəsizlərin atası) ləqəbini də vermişdi. Çünki Cəfər yoxsulların, çarəsizlərin pənahgahına çevrilmişdi. ("Biharul-ənvar", c.18, səh.412-415; "Aftabgərdan" əsərindən nəqlən, Məhdi Vəhidi Sədr.)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/749586.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR