“Bir kəmər, bir yol”: Prezidentin Çin səfərindən əldə edəcəyimiz dividendlər

“Bir kəmər, bir yol”: Prezidentin Çin səfərindən əldə edəcəyimiz dividendlər
16:48 29 Aprel 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

“Bir kəmər, bir yol layihəsi”: dünyanın nəqliyyat xəritəsini dəyişdirəcək nəhəng əməkdaşlıq platforması həm də geosiyasi balansa təsir etmək gücünə sahibdir və Azərbaycanın bu qlobal layihədə açar dəhlizlərdən biri olması ölkəmizin iqtisadi və siyasi gələcəyi baxımından əhəmiyyətlidir.

Pekində keçirilən II “Bir kəmər, bir yol” forumunun dünyanın diqqət mərkəzində olması təsadüfi deyildi. Çinin əsas təşəbbüskarı olduğu layihə qədim İpək Yolunun canlandırılması və Uzaq Şərqlə Avropanı birləşdirmək məqsədi daşıyır. Beynəlxalq ekspertlər Avrasiyada 3 milyard əhalini əhatə edən bu layihənin dünyanın gələcək 50 illik iqtisadiyyatını müəyyənləşdirəcəyini hesab edirlər. Layihədə Azərbaycan da daxil olmaqla 65-ə yaxın ölkə iştirak edir.

Bir kəmər: Çindən başlayaraq Avropaya qədər uzanan və magistral yollar, dəmiryolları, neft və qaz kəmərlərini özündə birləşdirən quru yol. Layihə müxtəlif istiqamətlər üzrə dəhlizlərdən ibarətdir:

- Çin-Monqolustan-Rusiya, Çin-Mərkəzi və Qərbi Asiya, Çin – Hind-Çin yarımadası, Çin-Pakistan, Çin-Banqladeş-Hindistan-Myanmar.

Azərbaycan Çin-Mərkəzi və Qərbi Asiya dəhlizində yer alır, xüsusilə Bakı-Tbilisi-Qars dəmiryolu bu marşrutda əsas açarlardan biridir.

Bir yol: burada dəniz limanları nəzərdə tutulur və layihə çərçivəsində Cənub-Cənub-Şərqi Asiyadan Qərbi Afrika və Aralıq dənizinə qədər uzanan dəniz bölgəsindəki limanlar və sahil xətlərindən istifadə ediləcək. Bu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının aktiv işləməsinə səbəb olacaq.

“Bir kəmər, bir yol”da Azərbaycanın əhəmiyyəti

Azərbaycan “Orta Dəhliz” hesab olunan Çin-Mərkəzi və Qərbi Asiya marşrutu üzərində yerləşir. Bu, qədim İpək Yolunun keçdiyi yoldur. Əslində Azərbaycan liderinin Bakı-Tbilisi-Qars dəmiryolu xətti təşəbbüsünü irəli sürməsi və bu layihənin uğurla başa çatdırılması qədim İpək Yolunun bərpası ilə bağlı inamı artırdı. Bundan sonra “Bir kəmər, bir yol” layihəsində “Orta Dəhliz” marşrutunun əhəmiyyəti də yüksəldi. Bu baxımdan, dünyanın gələcək 50 illik iqtisadiyyatını formalaşdıracağı hesab olunan bu qlobal layihədə Azərbaycan liderinin təşəbbüsləri xüsusi seçilir.

Layihənin “Orta Dəhliz” hissəsində Azərbaycanın əsas iştirakçısı olduğu “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi də xüsusi paya malikdir. Azərbaycan, Rusiya və İranın birgə həyata keçirdiyi bu layihə Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

Trans-Xəzər tranzit dəhlizi. Uzun illər mövcud olan bu ideyanın gerçəkləşməsində Xəzərin hüquqi statusunun müəyyən edilməməsi maneə yaradırdı. Lakin illər sonra bu problem həllini tapdı və məsələnin həllində Azərbaycanın irəli sürdüyü konvensiyanın konstruktiv sənəd kimi qəbulu rol oynadı.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol və 4 nəhəng boru kəmərini özündə birləşdirən Cənub Qaz Dəhlizi “Bir kəmər, bir yol” layihəsində əhəmiyyətli paya sahib olacaq. Azərbaycanın mühüm nəqliyyat və enerji xətlərinə sahib olması ilə yanaşı, təhlükəsiz və xarici investorlar üçün cəlbedici olması, xüsusi iqtisadi inkişafı və islahatçı imici, coğrafi mövqeyindən bəhrələnərək Asiya və Avropa arasında körpülərin qurulmasına investisiya yatırması da layihədəki rolunu gücləndirir.

Çin lideri Si Cinpinin “Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir. Azərbaycan Böyük İpək Yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır” sözləri bu kontekstdə diqqət çəkir.

“Bir kəmər, bir yol”da Azərbaycana nə verəcək?

İqtisadi divident:
Proqnozlara görə, layihə çərçivəsində “Orta Dəhliz”ə 8 trilyon dollara qədər invesitisiya yatırılacaq. Təkcə yük daşımalarının 40 milyard dollar dəyərə malik olacağı gözənilir. Bu daşımaların ən azı 5, ən çox 10 faizinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu üzrə həyata keçirilməsi Azərbaycanın milyardlarla dollar gəlir əldə etməsi deməkdir. Bu ilkin proqnozlaşdırılan rəqəmlərdir. Gələcəkdə Mərkəzi Asiyanın enerji resurslarının Avropaya daşınmasında da Azərbaycan əsas tranzit xətt rolunu oynaya bilər.

Bu layihədə əsas açar ölkələrdən biri olması Azərbaycanla dünya iqtisadiyyatının nəhənglərindən olan Çin arasında ticarət əlaqələrini da genişləndirəcək. Həmçinin, Çin ölkəmizə böyük investisiya yatırımları qoya bilər. Çinlə əlaqələr Azərbaycana bu ölkənin texnologiya, istehsalat, eləcə də hərbi sənayedəki təcrübəsini mənimsəməyə və bundan yararlanmağa imkan verir.

Siyasi divident: Çindən başlayaraq Qərbi Avropaya qədər uzanan layihədə Azərbaycanın əsas halqalardan biri olması ölkəmizin qlobal əhəmiyyətini artırır. Bu gün Azərbaycan bir tərəfdə Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır, digər tərəfdən, Çinin Avropaya çıxışında əsas tranzit xətti hesab olunur. Bu, faktiki olaraq, Azərbaycanın Avrasiyadakı siyasi və iqtisadi yerini müəyyənləşdirir. Lakin Çinlə əlaqələr, o cümlədən, Uzaq Şərqlə Qərbi Avropanı birləşdirən körpü olması Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində rəsmi Bakının əlini gücləndirir. Yerli gəlmişkən, Çin və Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu amillər Azərbaycanın regional gücünü artırır və beynəlxalq oyunçuya çevrilməsində əhəmiyyətli rol oynayır.

Bütün bunların fonunda Prezident İlham Əliyevin Çinə səfəri və II “Bir kəmər, bir yol” forumunda iştirakının Azərbaycanın gələcəyinə yatırılmış siyasi-iqtisadi kapital hesab etmək olar.

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/277135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR