Azərbaycan “Pekin Ekspo 2019” Botanika Sərgisində milli pavilyonla təmsil olunur

Azərbaycan “Pekin Ekspo 2019” Botanika Sərgisində milli pavilyonla təmsil olunur
17:22 29 Aprel 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

Çinin paytaxtı Pekində “Pekin Ekspo 2019” Botanika Sərgisi açılıb. 
Bu barədə "Report"a Heydər Əliyev Mərkəzindən məlumat verilib. 
Azərbaycan sərgidə Heydər Əliyev Mərkəzinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə milli pavilyonla təmsil olunub.
“Pekin Ekspo 2019” “Təbiəti qoruyaq, daha yaxşı yaşayaq” mövzusunda təşkil edilib. Sərgi 503 ha ərazini əhatə edir. Oktyabrın 7-dək davam edəcək sərgidə 16 000 000 ziyarətçi gözlənilir.
“Azərbaycan: təbiət və incəsənətin harmoniyası” (“Azerbaijan: Harmony of Nature and Art”) adlanan milli pavilyonun ümumi konsepsiyası ölkənin öz tarix və ənənələrinə sadiq qalaraq daim inkişafda olduğunu nümayiş etdirir.
Pavilyonun spiralvari forması Azəbaycanın davamlı, stabil inkişafını və dinamikliyini, eksteryerdə qoyulan nar ağacı isə ölkənin məhsuldar gələcəyini xarakterizə edir.
Pavilyonun interyer dizaynı ölkənin adət-ənənələrini nümayiş etdirir. Azərbaycan xalçalarının timsalında incəsənət və təbiətin yaxın əlaqəsi diqqətə çatdırılır, ətraf mühitin qorunmasının vacibliyi vurğulanır.
Pavilyon Azərbaycanın xalçaçılıq məktəbləri üzrə dörd hissəyə bölünüb: Qarabağ, Təbriz, Gəncə-Qazax, Quba-Şirvan. Hər bir bölgəyə xas xalça motivləri xüsusi proyeksiya vasitəsilə döşəmə üzərində əks olunur. Burada xalçaların toxunmasının nümayişi məqsədilə xana qoyulub və eyni zamanda xalça toxunuşunu öyrədən videomaterial təqdim edilir.
Pavilyonda xalçalarda istifadə olunan rənglər əsasında landşaft dizaynı hazırlanıb və buna uyğun bitki çeşidləri əkilib. Burada, həmçinin Azərbaycan təbiətinə xas olan ağac və çiçəklər təqdim olunur. Pavilyonda Xarı bülbül gülünü rəqəmsal formatda əks etdirən eksponat da nümayiş etdirilir.
Ekspo ziyarətçiləri burada, həmçinin milli musiqi alətlərimizlə tanış ola biləcək, nümayiş olunan videomateriallar vasitəsilə Azərbaycan musiqisini dinləmək və milli rəqslərimizlə tanış olmaq imkanı əldə edəcəklər. Burada həmçinin Azərbaycan milli geyimləri də təqdim olunur.
Pavilyonun ətrafında Azərbaycan təbiətinin gözəlliklərini əks etdirən böyük ölçülü fotostendlər quraşdırılıb.
Sərgidə, həmçinin Böyük İpək yolunu və Azərbaycanın bu yolun bərpası məqsədilə Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən layihələrini əks etdirən foto-video materiallar və məlumatlar təqdim edilir.
Pavilyonun çıxış hissəsində quraşdırılan “I love Baku” stendi ziyarətçilərə Azərbaycana xas ornamentlərin əks olunduğu müxtəlif suvenirlər, hədiyyələr təqdim edir. 


















Xəbərin orijinal ünvanı: https://report.az/sergiler/azerbaycan-pekin-ekspo-2019-botanika-sergisinde-milli-pavilyonla-te

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR