Azay Quliyev: Qədim İpək Yolu dünyanın böyük sivilizasiyaları arasında mübadilə imkanı yaradıb

Azay Quliyev: Qədim İpək Yolu dünyanın böyük sivilizasiyaları arasında mübadilə imkanı yaradıb
21:39 29 Aprel 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

Qədim İpək Yolu dünyanın böyük sivilizasiyaları arasında mübadilə imkanı yaradıb, bu marşrut boyunca yerləşən bütün ölkələri bir-biri ilə sıx bağlayıb. Həmin ölkələrin zəngin iqtisadi və sosial resursları olduğuna görə müasir dövrdə İpək Yolunun canlanmasına kömək etmək zəruridir. Bu, qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin daha da inkişaf etməsinə şərait yaradır.
 
Lent.az-ın məlumatına görə, ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev bu fikirləri ATƏT PA-nın İpək Yoluna dəstək qrupunun və Belarus Respublikası Milli Məclisinin birgə təşkil etdiyi “Bir kəmər, bir yol: davamlı inkişaf və firavanlıq naminə əməkdaşlığın dərinləşməsi” mövzusuna həsr edilmiş II Beynəlxalq konfransda söyləyib.
 
A.Quliyevin sözlərinə görə, bu qrup yaradıldığı vaxtdan iqtisadi və ticari əməkdaşlıq, nəqliyyat infrastrukturu, insanlar arasında əlaqələr, habelə üzv ölkələr arasında mədəni mübadilə məsələlərinə dair dialoq üçün çox münasib parlament platforması olub.
 
Şübhəsiz, səmərəli multimodal nəqliyyat dəhlizləri yaradılması yolu ilə regiondaxili və regionlararası infrastruktur əlaqələrinin genişləndirilməsi ATƏT regionunda davamlı iqtisadi inkişafa kömək edə bilər və edəcəkdir.
 
A.Quliyev deyib: “Mən bu təşəbbüsü irəli sürərkən heç təsəvvürümə də gəlməzdi ki, ona bu qədər böyük maraq göstəriləcək. Bu qrupun yaxın vaxtlarda yaradılmasına baxmayaraq hazırda 24 ölkə onun tamhüquqlu üzvləridir və onların çoxu qrupun tədbirlərinin keçirilməsində maraqlı olduğunu bildirib.
 
Fərəhlə bildirirəm ki, ATƏT PA bu istiqamətdə görülən tədbirləri dəstəklədiyini dəfələrlə bəyan edib. 2018-ci ildə ATƏT PA-nın Berlində keçirilmiş illik sessiyasında “Nəqliyyat əlaqələrinin və dəhlizlərinin inkişafı, o cümlədən qədim İpək Yolunun bərpası vasitəsilə ATƏT regionunda birliyə kömək” adlı qətnaməni xüsusi vurğulamaq lazımdır. Bu qətnamə İpək Yoluna dəstək qrupu üçün zəruri hüquqi hədlər müəyyən edilməsinə sanballı töhfə verib və ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın əsas ilkin şərtlərindən biri kimi əlaqələrin möhkəmləndirilməsinin vacibliyini nümayiş etdirib.
 
Biz bu platforma çərçivəsində bütün mürəkkəb məsələləri, fərqli baxışları, üzv ölkələrin problemlərini müzakirə etməli, ortaq anlaşmaya və problemlərin həlli üçün potensial imkanlarımızı səfərbər etməyə çalışmalıyıq”.
 
İpək Yoluna dəstək qrupu 2017-ci il iyulun 8-də ATƏT PA-nın Minskdə keçirilmiş 26-cı illik sessiyasında yaradılıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312928

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR