“Mine Mark” Fondunun ölkəmizə

Xəbər verdiyimiz kimi, “Mine Mark” Fondunun nümayəndə heyəti bu il aprelin 23-dən 26-dək Azərbaycanda səfərdə olub.

Metbuat.az xəbər verir ki, səfər "Mine Mark” Fondunun müraciəti və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub.

“Mine Mark” Fondunun nümayəndə heyətinin bir neçə dövlət qurumu ilə görüşləri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyində qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Fondun nümayəndə heyəti Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə tanış olub və orta məktəb şagirdlərini “Mine Mark”ın hazırlandığı materiallarla tanış edib.

Aprelin 25-də isə Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının müşaiyətilə Fondun nümayəndə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib. Cocuq Mərcanlı kəndindəki Novruz Aslanov adına tam orta məktəbdə şagirdlərlə görüş zamanı mina təhlükəsizliyi barədə ətraflı məlumat verilib və müxtəlif oyunlar keçirilib. “Mine Mark” qəhrəmanları və oyunlar məktəblilərdə böyük təəsürat yaradıb.

Xatırladaq ki, “Mine Mark” Fondunun Azərbaycana səfəri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun 2018-ci ilin noyabr ayında Haaqa şəhərində Azərbaycan diasporu ilə keçirilmiş görüşü zamanı müzakirə edilmişdi.

Qeyd edək ki, “Mine Mark” Fondu qeyri-hökumət təşkilatıdır. Bu təşkilatı Niderland Krallığının Haaqa şəhərindəki Azərbaycan diasporunun üzvü Lalə Mustafazadə - van der Kolk və almaniyalı Nils Hegel yaradıblar. Fond münaqişə ocaqlarında uşaqları minalardan, partlayıcı döyüş sursatlarından və müharibə qalıqlarından qorumaq məqsədi ilə həyata keçirilən mina təhlükəsizliyi üzrə təhsil layihəsidir. Fond təlimatları uşaqlara cizgi kitabları və oyunlar vasitəsilə anlaşılan dildə təqdim edir. Layihəki təlimatlar “Mine Mark” qəhrəmanlarının köməyilə səhnələşdirilir. “Mine Mark” cizgi kitabları tanınmış alman qrafika dizayneri Kristin Bal tərəfindən çəkilib və Azərbaycan dilinə tərcümə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR