ADU-da Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsi keçirilib (FOTO)

ADU-da Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsi keçirilib (FOTO)
17:50 30 Aprel 2019
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Dillər Universitetində (ADU) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsi keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, ADU-nun rektoru, akademik Kamal Abdulla yenicə çapdan çıxmış kitabın Ramiz Mehdiyevin uzun zamandan etibarən elmi araşdırmalarının nəticəsi kimi işıq üzü gördüyünü bildirib: “Akademik Ramiz Mehdiyev tariximizin, ictimai-siyasi fikrimizin xüsusi əhəmiyyət daşıyan nöqtələrinə nüfuz edib. Bu kitab bir daha göstərir ki, Azərbaycan tarixinin çox vacib mənbələri olan sənədlərdən doğru-düzgün, məqsədəuyğun, konseptual şəkildə istifadə olunarsa, biz hansı perspektivlərə, üfüqlərə çıxa bilərik. Bu üfüqlərdən biri keçmiş tariximizi bugünümüz qədər dərk etmək, bugünümüzdə ondan mənalı şəkildə istifadə etməkdir”.

K.Abdulla əlavə edib ki, “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı Azərbaycan tarixi və mənəvi düşüncəsini irəli aparmaq amalına xidmət edir.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov iştirakçıları akademik Ramiz Mehdiyevin adından salamlayıb. O, kitabın müzakirəsinin təşkil olunması üçün yaradılan şəraitə görə ADU-nun rəhbərliyinə təşəkkürünü bildirib: “Kitab çap olunduğu andan etibarən geniş ictimaiyyətin diqqətini cəlb edib. Bu da təsadüfi deyil. Çünki Azərbaycanın xanlıqlar dövrünə baxışın konseptual nöqteyi-nəzərdən natamam olduğunu deyə bilərik. Dövr olaraq onun siyasi qiyməti verilməmişdi. Bunları nəzərə alaraq Ramiz Mehdiyev öz kitabında bu boşluqları bir-bir qabardır, onların aradan qaldırılmasına dair öz baxışlarını ortaya qoyur”.

Tədbirdə Sosial məsələlər və İctimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Tamam Cəfərova, Elmi işlər üzrə prorektor, dosent Sevinc Zeynalova, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov, Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçiləri professor Solmaz Rüstəmova-Tohidi, professor Niyazi Mehdi kitab haqqında fikirlərini bildirib, nəşrin konseptual mövqeyi, tarixi və ideoloji yanaşmaları, xanlıqların İran, Rusiya və bir-biriləri ilə münasibətlərindən bəhs olunan hissələrindən danışıblar. Bildirilib ki, kitab tarixçilər və mütəxəssislər, həmçinin tarixlə maraqlanan şəxslər üçün dəyərli tədqiqat əsəri, metodiki nöqteyi-nəzərdən istiqamətləndirici vəsaitdir. Kitabın istinad mənbələri haqqında danışan mütəxəssislər əsərin Azərbaycan elminə dəyərli töhfə olduğunu deyiblər.

Azərbaycan oxucusuna ana dilimizdə ilk dəfə təqdim edilən sənədlər arasında Qacar şahlarının Azərbaycan xanlarına ünvanladıqları məktublar, həmçinin xanların o dövrdə Rusiya komandanlığı ilə yazışmaları xüsusi ilə böyük tarixi əhəmiyyətə malikdir. Həmin sənədlər Azərbaycan xanlarında mərkəzdənqaçma meylinin nə qədər güclü olduğunu açıq-aşkar göstərən inkaredilməz sübutdur. Topluda əksini tapmış materiallar xanlıqlar dövrünə aid bir çox yanlış yanaşma və şərhləri aradan qaldırmağa imkan verəcək, eyni zamanda, Azərbaycan tarixşünaslığında, ictimai fikrində məsələyə münasibətdə daha sistemli və ədalətli baxışın formalaşmasına kömək edəcəkdir. Təqdim olunan sənədlər müvafiq şərh və izahlarla müşayiət edilir.

Kitabda dövrün mühüm şəxsiyyətlərinə və hadisələrinə dair tarixi məlumatlar və qeydlər ADU-nun Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, sosial elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirova, sənədlərin fars dilindən tərcüməsi isə AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktor müavini Şahin Yəhyayevə məxsusdur. Kitabın redaktorları Aslan Aslanov, Dağbəyi İsmayılovdur. “Şərq-Qərb” nəşriyyat evində çapdan çıxmış kitab 232 səhifədən ibarətdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3054998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR