Azərbaycan Cənub Qaz Dəhlizindən əldə olunacaq gəlirləri açıqlayıb

Azərbaycan Cənub Qaz Dəhlizindən əldə olunacaq gəlirləri açıqlayıb
19:17 1 May 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Cənub Qaz Dəhlizi layihəsindən 2046-cı ilədək gəlirlərin həcmi, təxminən, 40 mlrd. ABŞ dolları təşkil edəcək.
Bu barədə “Report”a eksklüziv müsahibəsində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib.
“İlkin hesablamalara əsasən, neftin bir barelinin qiyməti 60 ABŞ dolları təşkil edərsə və Cənub Qaz Dəhlizinin bütün tərkib layihələri maksimum potensialını nümayiş etdirib tam həcmdə çalışarsa, 2021-2045-ci illər ərzində layihənin gəlirlərinin, təxminən, 40 milyard ABŞ dolları təşkil etməsi proqnozlaşdırılır”, - Ş.Mövsümov deyib.
ARDNF-in icraçı direktoru qeyd edib ki, Cənub Qaz Dəhlizi Avropa İttifaqının qaz bazarları ilə dünyanın ən böyük qaz yataqlarından biri arasında birbaşa əlaqə qurulmasına xidmət edəcək: “Əsas qaz ixracatçılarının Azərbaycan, Türkmənistan və İraq olması gözlənilir. Gələcəkdə İran və Misir də bu kəmərə qoşula bilər. Əsas tranzit ölkəsi kimi Türkiyə nəzərdə tutulur, digər tranzit xətləri isə Qara dəniz və Aralıq dənizi sahili ərazilərindən keçəcək. Cənub Qaz Dəhlizi ilə bağlı mühüm faktor ondan ibarətdir ki, bu layihə sürətlə reallaşır və şübhəsiz ki, 2020-ci ildən etibarən layihə Cənub və Cənub-Şərqi Avropa və daha geniş ərazinin enerji xəritəsini dəyişəcək. Bütün bu amillər göstərir ki, Azərbaycan təkcə neft deyil, həm də qazın əsas ixracatçısına və bununla da regionda enerji təhlükəsizliyinin təminatçısına çevriləcək. Layihə Azərbaycan üçün əlavə iqtisadi və maliyyə imkanları yaradacaq və onilliklər ərzində ölkəmizi iqtisadi mənfəət və əlavə valyuta daxilolmaları ilə təmin edəcək”.
Hazırkı tarixə ARDNF tərəfindən “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının maliyyələşdirilməsinə 1,2 mlrd. ABŞ dolları, korporativ qiymətli kağızlarının əldə edilməsinə isə 2,5 mlrd. ABŞ dolları həcmində vəsait yönəldilib.
“Layihənin maliyyələşdirilməsi hazırda beynəlxalq maliyyə institutları və ixrac kredit agentliklərinin sindikatlaşdırılmış kreditləri, habelə Səhmdar Cəmiyyəti tərəfindən qiymətli kağızların emissiyası yolu ilə həyata keçirilir”, - ARDNF rəhbəri əlavə edib.
İlahə Məmmədli

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/cenub-qaz-dehlizinden-elde-olunacaq-gelirler-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR