Virus mənşəli xroniki hepatitlər

Virus mənşəli xroniki hepatitlər
21:52 1 May 2019
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Virus mənşəli xroniki hepatitlər hazırda qlobal ictimai səhiyyə problemi olaraq qalmaqdadır. Virus hepatitləri - HBV, HCV, HDV qaraciyər xəstəliklərinin 70 faizini təşkil edir. Əhali arasında hemokontakt virusların yayılması ilə əlaqəli olaraq bu xəstəliklərdən ölənlərin və ona yoluxanların sayının artması problemi daha da aktual edir. Dünya Səhiyyə Təşkilatının son məlumatlarına görə dünyada 2 milyard insan hepatit B virusuna yoluxub. Onlardan 400 milyonu xroniki virus daşıyıcısıdır. Planetin əhalisinin təqribən 200 milyondan çoxu hepatit C virusundan əziyyət çəkir. Hər il 1 milyona yaxın insan hepatit virusları ilə bağlı yaranan qaraciyər sirrozundan və ya onun bədxassəli şişləri səbəbindən vəfat edir.

Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, həkim-terapevt Avtandil Verdiyev məlumat verib.

Mütəxəssis, həmçinin deyib: "İnsanlar hepatit B və C viruslarına parenteral, cinsi və perinatal yolla yoluxurlar. Parenteral üsulla yoluxma infeksiyalaşmış donorlardan hemotransfuziya, transplantasiya, damardaxili narkotiklərdən, o cümlədən yoluxmuş vasitələrdən - cərrahi, manikür, pedikür alətləri, ülgüc, diş fırçası və s. istifadə zamanı baş verir. Perinatal yoluxma üsulunda isə virus doğuş zamanı anadan körpəyə keçir.

Hepatit virusları orqanizmə daxil olduqda digər orqan və sistemləri zədələməklə yanaşı, daha çox qaraciyərə ziyan vurur və kəskin iltihabi prosesə səbəb olur. Bu dövr əksər hallarda əlamətsiz və ya az nəzərəçarpan əlamətlərlə müşahidə olunur və nəticədə infeksiyanın yayılmasına şərait yaranır. Həmin viruslara yoluxanlar adətən yorğunluqdan, halsızlıqdan, ümumi zəiflikdən, yuxunun və iştahanın pozulmasından, əzələ və oynaq ağrılarından, ürəkbulanmadan, bədən hərarətinin yüksəlməsindən, dəri səpkilərindən və s. şikayətlənirlər. Bunlar da ümumi xarakter daşıyır və qaraciyər zədələnməsi üçün spesifik deyil. Xəstələr əksər hallarda bu əlamətlərə əhəmiyyət vermir və həkimə müraciət etmirlər. Nəticədə xəstəlik inkişaf edərək xroniki formaya keçir. Xroniki hepatit uzun müddət davam edən və müəyyən hallarda qaraciyər sirrozu və ya şişi ilə nəticələnən xəstəlikdir. Ona görə də həmin şikayətlər olduqda mütləq həkimə müraciət etmək məsləhət görülür".

A.Verdiyev bildirib ki, yoluxmanın qarşısını almaq üçün bir sıra tədbirlərə əməl etmək vacibdir. Məişətdə ailə üzvləri hepatit B-yə qarşı peyvənd olunmalı, insanlar infeksiyalaşmış xəstənin qanı yoluxucu olduğu üçün onunla təmasdan çəkinməli, təsadüfi cinsi əlaqədən qaçmalı və ya qoruyucu vasitələrdən istifadə etməlidirlər. Peyvənd aparılmadığı hallarda ailə üzvlərinin ülgüc, manikür, pedikür alətləri, qayçı, diş fırçası kimi məişət əşyalarından fərdi formada istifadə etmələri tövsiyə olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/751285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR