"Vaqif Səmədoğlu mənə görə atasından ona görə böyük idi ki..." - Baş Redaktordan DÜŞÜNDÜRÜCÜ cavablar

Qərara aldıq ki, son üç yüz ildə insan düşüncələrində gedən dəyişiklikləri izləmək məqsədilə Volterin məşhur “Kandid və optimizm” povestində Kandidin verdiyi və Kandidə verilən sualları Azərbaycanın tanınan simalarına ünvanlayaq.


Müsahibimiz "Azxeber.com" portalının baş redaktoru Əfsələddin Ağalarovdur.


- Ürəyimizə yiyəlik edən, ruhumuzu qaplayan şeyin nə olduğunu bildirən sevgi mənə bircə öpüş bağışlamışdı, ancaq bunun qarşılığında mən 20 təpik yemişdim. Belə gözəl bir şey olan sevgi niyə iyrənc nəticələr doğurur və siz bərk sevirsiz yoxsa, necə?

- Təəssüflənməyə başladığın hər an təpiklərin sayı 20-dən daha çox olmaya başlayacaq. Ümumiyyətlə hər şey belədi. Sorğuladığın an, bitməsini istəmədiyin dondurman ağzı üstə yerə düşür. Səbəbsə ortadadı. Sən komediya filminə gedib duyğusallaşan tamaşaçısansa, gülməyin haqqını vermirsən deməli. Yox, yalnız gülüb duyğusallığı unudursansa onda sevməyi bacarmırsan, ya da unutmusan deməkdi. Hər şeyin haqqını vermək məcburiyyətindəsən. Sevmək və sevilmək bu məcburiyyətlərin başında gələn anlayışlardır. Təpiklərin sayını ağrılara rəğmən saya bildiyin üçün, sən sadəcə sevirsən.

- Sevgi öldürməyə qadirdir?

- Ağıllı, eqoist, özündən başlayıb hamını içində susduran, "mən"ləri çox olan adamlar sevginin bizə var olmadığını yazdıqları ilə, çəkdikləri ilə və ya bir şeylərlə sırımağa çalışdılar. O varsa əgər, ki var, var olan hər şey kimi insanı öldürə bilər. Standart nümunə: bıçaq kəsmək üçündür. Ya sən onu doymaq üçün mətbəxdə işlədəcəksən, ya da...

- Azadlıq ancaq mütləq bir zərurət kimi gerçəkləşə bilər. Bizim azadlığımız qıraqdan gəlib çıxmır, bunun üçün gərək istək olsun. Azadlıq sadəcə istəkləmi törəyir?

- Milyonların ölüm səbəbi, milyonların yaşama səbəbi, milyonların sadəcə adını duyduğu söz. Qəribədir, adamlar onu hiss etməyin yerinə, ona toxunmaq istəyir. Oysa bir çanta, içində bir az əşya, ayağını sıxmayan ayaqqabın, əlində də gedəcəyin yerin xəritəsi. Bunun üçün bir addım atmaq kifayət edir. Dağıtmaq, sındırmaq isə yalnız manqurtlaşmış insanın özünü təsdiq instiktinə verdiyi addır. Azadlıq insanı eyforiyaya salan anesteziya kimidi. Bir az artığı səni tam yatızdıra bilər, bir az azı sənin ağrını hiss etməyinə səbəb ola bilər.

- Kandid yeni dünyaya gedir. Orada hər şey bizim bu köhnə dünyadakından yaxşı olmalıdır. Mənə elə gəlir, bu yeni dünyanın dənizləri də Avropanın dənizlərindən yaxşıdır. Bəs haradadır, o yeni dünya?

- Vaqif Səmədoğlu mənə görə atasından ona görə böyük idi ki, o Kandid kimi utopiyadan danışmırdı. Ölümlə salamlaşıb, onunla söhbətləşirdi. Bir dəfə müsahibələrinin birində "ölümdən qorxursuz?" sualına "bilmədiyim şeydən qorxuram" deyə cavab vermişdi. Kandid bilmədiyi dənizləri Adriarik dənizinə dəyişir. Adamlar kimi, eyforiya qurbanı olur. Vaqif Səmədoğlu demişkən, kimdən soruşub? Nə bilir orda adamlar danışa bilir, danışa bilirsə hansı dildə danışır?

- Yer üzündəki bütün sərvətlər hamınındır, hamı bunlardan bərabər yararlanmaq haqqına sahibdir. Dünyada bərabərlik mövcuddurmu?

- Bəzən səfillik çəkən adama kömək etmək üçün dəridən-qabıqdan çıxırsan. Allahdan qorxa-qorxa arada dodaqaltı səbəb də soruşursan. Və sonra o adamın yanından uzaqlaşırsan, baxırsan ki, bir adam yenə uzaqda durub. Üstünə yayın qızmarında qar yağır, yağış tökür. Çətirini çıxardır, külək çətirini də aparır. Bir addım atsa günəşdi, atır, o bulud da onunla birlikdə hərəkət edir. Baxır ki, iki addım o tayındakı adam yayda yay havası, qışda qış havası yaşayır. Bir gün tərsliklər o qədər başını qatır ki, "niyə" sualını belə vermir. Tərgidir. Qəbullanır. Dünyada ədaləti axtarmaq mənə görə, axmaqlıqdır. Bir dəfə Rafiq müəllimdən "Dünyada ədalət varmı?" deyə soruşmuşdum. "Dünya ədalətə hələ də hamilədi" demişdi. Düz deyir, dünya bütün pislikləri doğdu, bir ədaləti doğa bilmədi.

- Yaşam sevgisi deyilən şey bizim ən gülünc gücsüzlüyümüzdür. Axı, sonunda torpağa düşəcək ağır bir yükü çiynində daşımağın nə anlamı var? Bu öz varlığından utanmaq, sonra da onu qorumağa çalışmaq deyilmi? Gecə-gündüz vicdanı ağrıyaraq yaşamaqdansa, ölüm yaxşı deyilmi?

- Bilmədiyim hər şey mənim açımdan təhlükədi. Həyat varkən, yaşamağı düşünmək lazımdır. Başını günəşin üzünə tutub, gülümsəmək. Nəfəs alıb "oh" çəkmək. Ölmək sadəcə oyundan çıxmaqdı. Başqa oyun varmı desən, onu bilmirəm.

- Başqalarının gözəllik tapdığı yerdə əyər və əskiklik axtarmağın adı və dadı nədir?

- Konfliktlər kompramislərdən daha maraqlı gəlir insanlara. Məncə də elədi.

- Görəsən, niyə faciələrə maraqlı tamaşa edirsən və faciələri oxuyanda çox maraqsız olur?

- Başına min cür əzab gələn adamları görəndə əlimizi qulağımiza aparıb, o ətli yerini aşağı şarın başı kimi uzadıb çəkirik. Məzmunsuzuq çünki. Məzmunumuz "kış-kış" səsini eşidəndə aldığımız rahatlıqdan sonra bir dəfəlik bitib. Niyə? Çünki, faciələr sadəcə içindəki səslə baş-başa qala bildiyin tək-tük anlardan biridir. Ya mənimd ə başıma gəlsə deyib real həyatınla ünsiyyəti itirirsən. Tərləyirsən, ürkürsən. Əlindəki kartların zəif olduğunu görürsən. Çünki heç zaman ağlına gəlmədiyin baş versə, nə edəcəyini bilməyib əllərin dizlərinin arasında bir küncdə çöməlib oturacaqsan. Ağrının səni unutmasını gözləyəcəksən. Bax bunları yaşama həqiqətlərini o an anladığımız üçün faciələrə maraqsız baxırıq.

- İnsanların bəziləri bütün çağlardamı indi olduğu kimi, fırıldaqçı, yalançı, dönük, yaxşılıq itirən, qorxaq, fanatik, iki üzlü olmuşlar?

- Mütləq ki.(gülür)

Hazırladı:

Tural İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI