Thomas Meyer:

"Təminat qeydinin məqsədi yeni tikilən binalardakı mənzillərin alqı-satqı prosesində, xüsusilə ilkin mərhələdə qeyri-müəyyənliklərlə bağlı riskləri azaltmaqdır".

Metbuat.az-ın məlumatına görə, bunu "Təminat qeydi - Yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu" mövzusunda keçirilən tədbirdə jurnalistlərə açıqlamasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) proqram rəhbəri Thomas Meyer bildirib.

Onun sözlərinə görə, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti artıq 23 ildir ki, Azərbaycanda məhkəmə-hüquq sistemini dəstəkləyir:

"1990-cı illərin əvvəlində bu dəstək əsasən böyük qanunvericilik layihələrinin, məsələn, Mülki Məcəllənin hazırlanması istiqamətində aparılırdısa, hazırda daha detallı, ətraflı məsələnin üzərində fikir mübadiləsi aparılır. Bu nöqteyi-nəzərdən Azərbaycanda tikinti sektorunun geniş inkişafı göz qabağındadır. Mən ilk dəfə Azərbaycanda 1998-ci ildə olmuşam. O dövrlə indiki dövrü müqayisə etsək, bu, sözsüz ki, bir daha nəzərə çarpır. İstənilən insanın ən böyük arzularından biri özünə şəxsi mənzil almaqdır. Bu arzunu da həyata keçirmək üçün müxtəlif banklarla işləmək, mənzilin alınmasını maliyyələşdirmək lazımdır. Amma eyni zamanda söhbət əgər yeni tikilən binalardakı mənzillərdən gedirsə, tikinti forması iflasa uğraya bilər və ya hansısa başqa çətinliklər yarana bilər. Eyni zamanda mənzili alan şəxsin hansısa şəxsi problemləri ortaya çıxa bilər. Bütün bunlarla bağlı məsələlər tənzimlənməlidir. Hüquqi baxımından burada olan risklərin qarşısının alınması üçün müxtəlif vasitələr var. Bu vasitələrdən biri də bugünkü tədbirdə müzakirə obyekti olan təminat qeydi hüquq institutudur. Təminat qeydinin də məqsədi xüsusilə yeni tikilən binalardakı mənzillərin alqı-satqı prosesində, xüsusilə ilkin mərhələdə qeyri-müəyyənliklərin bağlı riskləri azaltmaq məqsədi daşıyır. Məlumdur ki, 2017-ci ilin sonlarında bu istiqamətdə Azərbaycan Respublikasının qanunvericiliyinə, xüsusilə də Mülki Məcəlləyə dəyişikliklər olub. Bundan təxminən il yarım vaxt keçib və indi biz bu tədbirdə qeyd olunan mexanizmin praktikada işlənib-işləməməsi, bununla bağlı hansısa problemin olub-olmaması məsələləri üzərində fikir mübadiləsi aparırmaq istəyirik. Bu məqsədlə də biz, bura tanınmış beynəlxalq ekspertləri dəvət etmişik".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR