Cənubi Koreya KXDR-ə 50 min ton düyü göndərəcək

Cənubi Koreya KXDR-ə 50 min ton düyü göndərəcək
23:47 19 İyun 2019
Ölkə mətbuatı
A- A+

Cənubi Koreya Dünya Ərzaq Proqramı vasitəsilə Koreya Xalq Demokratik Respublikasına (KXDR) 50 min ton düyü yardımı göndərəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Cənubi Koreyanın Milli Birləşmə Nazirliyi məlumat yayıb. Yardım Şimali Koreyada müşahidə olunan ərzaq çatışmazlığının aradan qaldırılmasına dəstək məqsədi daşıyır. Bu, 2010-cu ildən sonra Cənubi Koreyanın KXDR-ə ilk böyük ərzaq yardımıdır. Doqquz il əvvəl Şimali Koreyaya 5 min ton düyü yardım kimi göndərilmişdi.

Şimali Koreyaya göndəriləcək düyü daxili bazarda yerli istehsalçılardan alınacaq və Dünya Ərzaq Proqramına təhvil veriləcək.

Qeyd edək ki, beynəlxalq sanksiyalar və əlverişsiz hava şəraiti səbəbindən Şimali Koreyada ərzaq çatışmazlığı yaranıb. Dünya Ərzaq Proqramının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə məlumatına əsasən, ötən il Şimali Koreyada məhsul yığımı 2008-ci ildən bəri ən aşağı həddə düşüb. Ölkə əhalisinin təxminən 40 faizinin (10 milyon nəfər) təcili ərzaq yardımına ehtiyacı var. Fevral ayında KXDR-in BMT-dəki daimi nümayəndəsi ölkəsinə təcili ərzaq yardımı ilə əlaqədar dünya dövlətlərinə müraciət etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/764412.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR