İyunun 24-ü AŞPA-nın sessiyası baş tutacaq - Politoloq rəyi

"AŞPA-da da Rusiyanın geri qayıtmasında maraqlı olanlar var. Məsələ burasındadır ki, Rusiya AŞPA büdcəsinin formalaşmasında iştirak edirdi, bu maliyyədən məhrumiyyət qurumda müəyyən ixtisarlara səbəb olub. Odur ki, Avropadan olan bir qrup deputat Rusiyanın təşkilatda səsvermə hüququnun geri qaytarılmasını istəyir. Bu baş verərsə, deməli AŞPA Krımın işğalı məsələsini arxa plana keçirəcək. Bu isə Ukraynanın haqlı narazılığına səbəb olacaq. AŞPA-da Rusiyanın xeyrinə lobbiçilik edən avropalı deputatların mövqeyi belədir ki, rusiyalı deputatlar AŞPA-da tənqidlərə cavab vermə imkanına malik olmalıdırlar. Ancaq rusiyalı deputatlar Krım məsələsində yekdil mövqeyə malikdirlər və onların verəcəyi cavab bəllidir: “Krım Rusiyanındır və Ukraynaya geri qaytarıla bilməz”.

Metbuat.az bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu iyunun 24-də keçiriləcək AŞPA-nın növbəti sessiyasını dəyərləndirərkən deyib. O həmçinin bildirib ki, Azərbaycan nümayəndə heyətinin ortaya qoyacağı mövqe maraq doğurur:

"Bizi maraqlanıran əsas məsələlərdən biri AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin ortaya qoyacağı mövqedir. Dəfələrlə deyilib ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi və qeyd-şərtsiz Dağlıq Qarabağı Azərbaycan ərazisi saydığı kimi biz də Ukraynanın ərazi bütövlüyünü və Krımın Ukraynaya məxsusluğunu dəstəkləyirik. Ona görə də Krım məsələsində biz Rusiyanın yanında ola bilmərik. AŞPA-da 2014-cü ilin aprelin 10-da Rusiyanın səsvermə hüququnun əlindən alınması məsələsi səsverməyə qoyulduğunda Azərbaycan nümayəndə heyəti bitərəf qalmışdı. Növbəti səsvermədə də Azərbaycan nümayəndə heyəti iki variantdan birini seçməlidir: ya bitərəf qalmaq, ya da səsvermə zamanı zalı tərk etmək. Rusiyanın lehinə səs vermək Krımın işğalına haqq qazandırmağa bərabər olacaq."

Politoloq həmçinin vurğulayıb ki, Azərbaycanın krım məsələsində Rusiyanın tərəfində olması Qarabağ məsələsində arqumentlərimizi zəiflədə bilər:

"Rusiya hər dəfə BMT Baş Assambelyasında Azərbaycanın Dağlıq Qarabağla bağlı hazırladığı qətnamələrin əleyhinə səs verir. Buna baxmayaraq, Azərbaycan nümayəndə heyətləri müxtəlif qurumlarda Rusiyanın əleyhinə səs vermirlər. Rəsmi Bakı Kremlı qıcıqlandırmaq istəmir. Əlbəttə, Rusiyanın təzyiq və təxribat imkanlarını nəzərə alaraq ölçülüb-biçilmiş qərarları hardasa anlamaq olar. Ancaq ərazi bütövlüyü bizim üçün qırmızı xətdir və bu məsələlərdə Azərbaycan Rusiyanın yanında yer ala bilməz, yer almamalıdır. Əks halda bu bizim Qarabağla bağlı arqumentlərimizi zəiflədər. Ukrayna və Avropa AŞPA-da Rusiya ilə bağlı kimin necə səs verəcəyini diqqətlə izləyəcək. Bu baxımdan yanlış qərar verə bilmərik."

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 24 iyunda növbəti sessiyası keçiriləcək. Bundan əvvəl isə AŞPA reqlament komitəsinin üzvləri iyunun 3-də Parisdə “Parlament Assambleyasının səlahiyyət və səsvermə ilə bağlı qərarların qəbul edilməsi prosesinin təkmilləşdirilməsi” adlı qətnaməsinin mətnini qəbul ediblər. Əgər AŞPA millət vəkilləri 24 iyun tarixində Strasburqda yay sessiyası zamanı bu qətnaməni dəstəkləsələr, o, Rusiya nümayəndə heyətinin Assambleyaya şərtsiz qaytarılmasını təmin edə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR