Bədii, sənədli və animasiya film ssenariləri müsabiqəsinin nəticələri

Bədii, sənədli və animasiya film ssenariləri müsabiqəsinin nəticələri
04:08 21 İyun 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli, 1007 nömrəli Sərəncam imzalanıb.

Sərəncamın 1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə ictimai təşkilatların, kino qurumlarının və Nazirliyin nümayəndələrindən ibarət İşçi Qrupu tərəfindən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və digər aidiyyəti qurumların təklifləri nəzərə alınmaqla “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib.

Sözügedən Sərəncamın 2-ci bəndinə əsasən dövlət sifarişi ilə film istehsalını həyata keçirmək, həmçinin milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə cari il mart ayının 20-dən may ayının 1-dək Mədəniyyət Nazirliyi tərəfindən bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə müsabiqəyə təqdim olunan film layihələrinin qiymətləndirilməsini həyata keçirmək üçün Nazirliyin müvafiq əmri ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi Cəmil Quliyev (sədr), kinodramaturq Ramiz Fətəliyev (üzv), “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə (üzv, səhhəti ilə bağlı seçimlərdə iştirak edə bilməmişdir), kinorejissor və kinoşünas Ayaz Salayev (üzv), Dövlət Film Fondunun baş mütəxəssisi Yusif Şeyxov (üzv), kinorejissor Rüfət Həsənov (üzv), Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Elşad Əliyev (üzv) və Dövlət Film Fondunun baş mütəxəssisi Leyla Vəzirzadədən (məsul katib) ibarət Münsiflər heyəti yaradılmışdır.

Kino ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan müsabiqəyə təqdim edilən 200-dək bədii, sənədli və animasiya filmi ssenarisindən Münsiflər heyəti aşağıda qeyd olunan film layihələrini seçmişdir:

Tammetrajlı bədii

“Məryəm” – ssenari müəllifi Elçin Musaoğlu, Fərdad Rastqar
“Yuxusuz kölgələr” – Mirbala Səlimli, Marina Malaşenkova
“Nərgiz” – Cavid Zaidov
“Ərəblinski” – Elçin Əfəndiyev, İsmayıl İman
“Mampası qutusu” – Pərviz Həsənov
“Üçüncü bənd” – Ramiz Fətəliyev
“Xoşbəxt sonluqlu faciə” – Arif Əliyev
“Biçimçi” – Rəmziyyə Cilqamlı
“Kariatidalar” – Tahir Əlizadə

Qısametrajlı bədii

“Dulusçu” – Amil Məmiyev
“Əli həccə gedir” – Cavid Zeynallı
“Bazar günü” – Ülviyyə Heydərova
“Gecənin səsi” – Reyhan İsayeva
“Ailəvi şəkil” – Nurlan Həsənli

Sənədli

- “Ləzgilər” – Qorxmaz Şixəliyev

- “Qapı” – Etibar Məmmədov

Animasiya

- “Tıq-tıq və dostları möcüzələr axtarışında” – Sultan Abbasbəyli

- “Göy qurşağını görmək” – Rəmziyyə Cilqamlı

Dövlət sifarişi ilə film istehsalı üçün ssenari ehtiyatının formalaşdırılması məqsədilə seçilmiş sözügedən ssenarilərə istehsal imkanlarından asılı olaraq filmlər çəkilməsi nəzərdə tutulub.

Eyni zamanda, Mədəniyyət Nazirliyi ölkədə kino sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzlərini əməkdaşlığa dəvət edərək bildirir ki, hər hansı prodüser mərkəzi paritet əsaslarla Nazirlikdən vəsait əldə etməklə istər müsabiqədə seçilmiş, istərsə də digər, Ekspert Şurasının müsbət rəyini almış, özünə məxsus ssenarilərin istehsalını həyata keçirə bilər.

Qeyd edək ki, dövlət sifarişi ilə film istehsalı üçün Mədəniyyət Nazirliyi tərəfindən gələcəkdə də davamlı olaraq ssenari müsabiqələrinin keçirilməsi nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3079178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR