ABŞ Türkiyəyə sanksiya tətbiq edəcəkmi? - "Münaqişənin kökündə başqa məsələ durur" - Politoloqlar açıqladı

Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemlərini almasından sonra ABŞ tərəfindən sanksiyalara məruz qalıb-qalmayacağı sual doğurur. Sanksiyalar tətbiq edilərsə, bunun Türkiyə üçün nəticələri necə olacaq?

Metbuat.az məsələ ilə bağlı politoloq Nəzakət Məmmədovanın fikirlərini öyrənib. Onun fikrincə, ABŞ və Türkiyə arasındakı tək problem S-400 sistemləri deyil:

“ABŞ Türkiyə münasibətlərini gərginləşdirən məsələlərdən biri S-400 olsa da, iki ölkə arasında münasibətlər çox əvvəl pisləşmişdi. S-400 bunlardan biridir, amma münaqişənin kökündə daha dərin məsələlər durur. Məsələn, ABŞ vaxtilə Türkiyəni Böyük Orta Şərq layihəsinin başçılarından biri elan etmişdi. Bu, Orta Şərqdə və Şimali Afrikada Türkiyənin geosiyasi, iqtisadi, mədəni və s. ekspansiyasını nəzərdə tuturdu. Ərdoğan özü də layihənin həmsədri olduğunu etiraf etmişdi. Lakin sonradan iki müttəfiq arasındakı ziddiyyətlər dərinləşdi və Türkiyə bu məsələdən kənarda qaldı. Digər tərəfdən, ABŞ Türkiyəni ənənəvi olaraq hakimiyyətdəki iki güc vasitəsilə idarə edib. Ərdoğan isə Güləni əvvəllər ortaq qəbul etsə də, gücləndikdən sonra iqtidarı təkbaşına yiyələndi və Amerikaya meydan oxudu. Heç şübhəsiz, bu, ABŞ-dakı Gülən himayəçilərini narazı saldı”.

Politoloq həmçinin qeyd edib ki, ABŞ və Türkiyə arasındakı problemlərdən biri də maliyyə ilə bağlıdır:

“Bundan başqa, Yaxın Şərq planlarının həyata keçməsinə 6 trilyon dollardan çox vəsait xərcləyən ABŞ ən azından Yaxın Şərqdəki nefti güvənliyə almağı düşünür. Beləliklə də, həm öz planlarını həyata keçirməli, həm də sərf etdiyi trilyonlarla pulu geri qaytarmalıdır. Türkiyə ilə ABŞ-ın əsas mübahisə mövzularından biri FETÖ vasitəsilə Orta Asiyadan ABŞ-a ötürülməli olan milyardlarla dollar pulun lazımi yerə çatmasına Türkiyənin mane olması olmuşdur. Bu məbləğin 53 milyard dollardan artıq olduğu bildirilir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqon uğursuz dövlət çevrilişi cəhdindən sonra Türkiyədə batan pulları geri qaytarmağa çalışsa da, buna nail ola bilmədi. ABŞ Yaxın Şərqdə xərclədiyi 6 trilyon və Türkiyədə batırdığı 53 milyardın revanşını almağa çalışır.

ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etməsi inandırıcı görünməsə də, onların Türkiyədən digər vasitələrlə revanş alacağı istisna olunmur. Lakin bədəli nə olursa-olsun, Ərdoğanın 2023 hədəfləri var və o, yəqin ki, istənilən şərtlər altında onlara doğru ölkəsini irəli aparacaq.”

Məsələ ilə bağlı saytımıza danışan gənc politoloq İlyas Hüseynov bildirib ki, sanksiyaların Türkiyə üçün mənfi nəticələri olacaq:

“Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemlərini almasından sonra ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq etməsi gözləniləndir. Bu sanksiyalar Türkiyə iqtisadiyyatına təbii ki, mənfi təsir göstərəcək. Türkiyəyə ABŞ tərəfindən tətbiq olunan sanksiyalar Türkiyə milli valyutasına ciddi təsir göstərdi, Türkiyə lirəsi dəyərdən düşdü, devalvasiyaya məruz qaldı, iqtisadiyyat ciddi böhranla qarşılaşdı”.

Politoloq həmçinin deyib ki, bütün bunlara baxmayaraq Türkiyə öz müdafiəsi naminə S-400 silahlarını almalı idi:

“Lakin S-400 müdafiə sistemlərinin alınması Türkiyənin özünün təhlükəsizliyinin təmin olunması ilə bağlı idi. Artıq iyulun 15-də Türkiyədə olan çevrilişin ildönümü idi, Türkiyəyə olan təhdidlər, dövlətçiliyə qarşı olan hərbi qiyam bir daha göstərir ki, Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün hərbi sahədə yeni müttəfiqlər, yeni tərəfdaşlar qazanmalıdır və bu sahədə öz əməşdaşlığını genişləndirməlidir. Rusiya ilə əldə olunan razılıqla S-400 raketlərinin alınması həm ölkə daxilində olan bəzi qüvvələrin zərərsizləşdirilməsi, həm də xaricdən olan təhdidlərə qarşı istifadə üçün zəruri idi. Təbii ki, bu həm də NATO ilə olan münasibətlərə soyuqluq gətirəcək. Lakin bu vəziyyətdə Türkiyənin çıxış yolu yox idi, öz təhlükəsizliyi üçün bu silahları almağa məcbur idi”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR