Qızları niyə tez ərə verirlər? - "Qız təhsil almalıdır ki, savadlı nəsil yetişsin" - Sosioloq rəyi

Qızların erkən yaşda ərə verilməsi problemi daim aktual olub. Bu günlərdə 17 yaşlı yeniyetmənin məcburən istəmədiyi şəxsə ərə verildiyi üçün intihar etməsi bu problemin cəmiyyətdə bir daha müzakirə edilməsinə səbəb oldu. Valideynlərin bu cür addım atmaları düzgündürmü? Bunun hansı acı nəticələri ola bilər?

Metbuat.az məsələ ilə bağlı tanınmış jurnalist, sosioloq Lalə Mehralının fikirlərini öyrənib. Saytımıza danışan sosioloq bu kimi hallarda adətən, valideynlərin intihar səbəbini gizlətdiklərini, bəhanə gətirdiklərini bildirib:

“Bir neçə dəfə bu cür hadisələr baş verib və biz yaxşı bilirik bunun arxasında nələr dayanır. Düzdür sonra ailə deyir ki, guya fərqli səbəbdən intihar edib, ailə zorakılığı olmayıb, uşağın özünün psixologiyasında problem var idi. Min cür bəhanə gətirirlər, amma, hamımız yaxşı bilirik ki, qızların məktəbdən uzaqlaşdırılmasının nəticələri çox ağır olur. Sonuncu nümunədə də gördüyümüz kimi, çox təəssüflər olsun ki, mələk kimi bir qız öz canına qıydı. Əvvəlcə qız evdən qaçıb, bu onun valideynlərinə mesajı olub ki, məni istəmədiyim həyata zorlamayın. Qızın evdən qaçmasına baxmayaraq valideynləri yenə də nişan etməyə qərar veriblərsə, onun intiharına səbəb olublarsa, cinayət məsuliyyətinə cəlb edilməlidilər. Bu 17 yaşlı uşaqdır, yeniyetmədir. Bu yaşda onun qarşısında mayak olmaq lazımdır, yol göstərmək lazımdır, nəinki harasa sürükləmək”.

Sosioloq həmçinin deyib ki, insanlar bu cür hadisələrdən nəticə çıxarmırlar, yenə olduğu kimi davam edirlər:

“Bir şey var ki, biz gözü çıxan qardaşdan dərs almırıq. Qarşımızda kiminsə başına belə bir iş gəlir, ah-vay edirik, sabahı gün yenə öz işimizdən qalmırıq. Bu gün o qızın halına yananlar, onun valideynlərini qınayanlar sabah öz qızı 16 yaşında ərə verməyə çalışacaq. Nə qədər ki, o cür valideynlər qanun qarşısında məsuliyyətə cəlb olunmayacaq, belə hadisələr qaçılmaz olacaq”.

Lalə Mehralı həmçinin vurğulayıb ki, qız uşaqların təhsil alması çox önəmlidir, onlar öz ayaqları üzərində durmağı bacarmalıdılar:

“Azyaşlı qızlardan əl çəkin, qoyun oxusunlar. Qız niyə yaşamaq üçün ərin büdcəsinə möhtac olmalıdır? Bunu düşünmək lazımdır. Sabah ərinin başına bir iş gəlsə, əri qəza keçirsə, qız ailəni saxlaya bilməlidir. Qızlar oxumalıdır ki, övladlarına savad verə bilsinlər, gələcək nəsillər savadlı yetişsinlər. Kişinin oxumağı onun özünü cəhalətdən qurtarır, qadının oxumağı bir nəsli cəhalətdən qurtarır. Əvvəl Azərbaycanda valideynlər belə deyildi, qızları oxudurdular”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR