"Açıq-saçıq səhnəyə çəkilməmişəm, çəkilmərəm də" - aktrisa Zülfiyyə Qurbanova

“Kulis” layihəsinin ilk qonağı Bakı Bələdiyyə Teatrının aktrisası, “Kan Festivalı”nda iştirak edən ilk azərbaycanlı aktrisa Zülfiyyə Qurbanovadır.

Metbuat.az tanınmış aktrisanın saytımıza verdiyi müsahibəni təqdim edir:

“Mövsümün sonu” filmindəki rolunuza görə Kinematoqrafçılar İttifaqı tərəfindən mükafata layiq görüldünüz. İlk öncə bu münasibətlə təbrik edirəm.

Çox sağolun.

Bu il Rotterdam Kino Festivalında mükafat qazanan "Mövsümün sonu" filmindən danışaq. Filmə dəvət almağınız necə baş tutdu?

Mən filmin rejissoru Elman İmanovun bundan öncə “Tabutdüzəldənin yelləncəyi” filmində yer almışdım, hansı ki, bu film “Tələbə Oskarı” qazanmışdı. Həmçinin rejissorun “Torn” filminə də çəkilmişəm. Ona görə də, qeyri-adi təklif olmadı. Daha öncə çalışdığım komanda idi, təklif gəldi, danışdıq və çəkildim. Komanda olaraq bir-birimizi 8 ildir tanıyırıq. Bir yerdə işləyib uğur qazanmış komandayıq.

Nədənsə filmlərimiz festivallarda mükafat alanda cəmiyyətmizdə səs-səda doğurmur. Siz də müsahibələrinizin birində demisiz ki, media bu xəbərləri işıqlandırmır.

Demişəm ki, medianın günahıdır. Yenə də elə düşünürəm. “Mövsümün sonu” filminin nümayişi ayın 3-də baş tutdu, bunu sosial hesabımdan yazdım. Gələn gəldi və izlədi, yazdı. Açığı çəkildiyim dünya səviyyəli beynəlxalq mükafatlar alan film haqqında yazırlarsa, bu məni elə də maraqlandırmır. Yüksək səviyyəli işlər lazım olduğu yerdə dəyərini tapır.

Məsələn, siz illərlə filmlərdə, tamaşalarda yer aldınız, amma “Zəhər tuluğu-3”-də oynadığınız əxlaqsız obrazı daha çox səs saldı sanki, daha çox tanındınız. Sizcə bunun səbəbi nədir?

Düşünmürəm məni yaratdığım əxlaqsız obrazı ilə tanıdılar. Mən 2003-cü ildən fəaliyyətdə olan peşəkar aktrisayam. Film və seriallarda kifayət qədər yer almışam. Oynadığım rollar da dövrünə görə yadda qalan olub.Bu əxlaqsız rolu da öz dövrünün yadda qalanı oldu. Səs-küylü iş oldu. İnsanların bir qismi efirə, serial baxır, oradan tanıyır, bir qismi filmə, bir qismi də “Youtube”də trenddə olan videolara.

Demək istədiyim odur ki, cəmiyyətin təlabatı nəyədirsə, media da ona üstünlük verir. Sənətə maraq olmayan cəmiyyətdə sənət adamı olmaq çətin deyil ki?

Media cəmiyyətin tələbini ödəməkdən başqa, həm də onu maarifləndirməlidir. Düşünmürəm ki, sənətə maraq yoxdur. Maraq var, sadəcə bizdə bu sahədə hələki o imkanlar yoxdur.

Rejissor Tahir Əliyev müsahibələrinin birində demişdi ki, Azərbaycan heç vaxt kino ölkəsi olmayacaq, siz necə düşünürsünüz?

Bir Hollivud olmayacağımız doğrudur. Amma, irəlləyiş olacaq.

2011-ci ildə "Hörümçək toru"nda da əxlaqsız obrazınız var idi səhv etmirəmsə. Bu cür rollardan sonra həyatda başınızı mənfi hadisələr gəlib?

O serialda əxlaqsız roluna çəkilməmişəm. O obraz qadın salonunda işləyən, çox danışan və dilinin bəlasına düşən qız olub.

Hər halda sualım yenə də keçərlidir.

Yox, başıma maraqlı bir hadisə gəlməyib belə rollardan sonra. İşim işdir. Oynadığım rol peşəkar fəaliyyətimə daxildir, mən öz şəxsiyyətimi daşıyıram.

Tamaşaçı reaksiyalarını nəzərdə tuturdum…

Xoş sözlər eşitdim rol barədə. Bir neçə rəy oldu, onlar da önəmli olmadı təbii ki.Səmimi deyim, mənfi bir reaksiya görmədim.

Sizi heç vaxt açıq-saçıq səhnələrdə görməmişik. Maddi cəhətdən yaxşı təklif gəlsə, karyeranızda partlayış bir layihə olsa yenə çəkilməzsiz bu cür səhnələrə?

Yox, mən açıq-saçıq olan heç bir səhnəyə çəkilməmişəm, çəkilmərəm də. Qonarar nə qədər olur olsun. Pul mənim üçün heç bir şeyi həll etmir. Mənim beynimdə qurduğum yol var, nə olar, nə olmaz.

Ailə qurmamısınız, illərdir bütün gücünüzü sənətə verirsiz. Nə vaxtsa buna görə peşman ola bilərsiniz sizcə?

Peşmançılıq həmişə olur. Ailə yaxşı çıxmayanda “kaş ki, sənəti seçərdim” deyə peşman olanları da görmüşəm. İnşallah məndə elə olmaz. Həyatımın daha gözəl olacağına inanıram. Həm ailə, həm də iş baxımından peşmançılıq çəkəcəyimi düşünmürəm. Çünki, ailə də qursam qapı kimi arxamda olacaqlar.

Bir azda teatrdan danışaq. Çıxış etdiyiniz Bakı Bələdiyyə Tetarında şərait necədir hal-hazırda? Bir ara bina problemləri var idi.

Bina problemi indi də var. Ümid edirik ki, bizi tezliklə sevindirib bina verərlər.

Uzun illərdir bu teatrda çıxış edirsiniz. Başqa teatrlardan təklif olmayıb ya siz ayrılmaq istəməmisiz?

Olub təkliflər. Şəhər teatrlarından da, regionlardan da. Amma, istəməmişəm.

Son olaraq, yeni mövsümdən hansı serialda yer alacaqsınız?

Yeni mövsümdən yenə də keçən il komandasına qatıldığım Xəzər tv-də yayımlanan Rüfət Şahbazovun “Ata ocağı” serialında davam edəcəyəm.

Zaman ayırdığınız üçün təşəkkür edirəm.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR