"Adətlər fərqlidir, ev sahibi qonağa hədiyyə verir" - Nigeriyada yaşayan azərbaycanlı - MÜSAHİBƏ + FOTOLAR

Nigeriyada yaşayan azərbaycanlı xanım Zümrüd Umudova suallarımıza çox böyük həvəslə cavab verdi. Bildirdi ki, Nigeriyada ondan haralı olduğunu soruşanda fəxrlə azərbaycanlı olduğunu deyir və bununla qürur duyur. Nigeriyada şəxsi biznesi olan gənc şairə, həmçinin şeirlərinə musiqi bəstələnməsini də arzuladığını dilə gətirdi.

Metbuat.az həmin müsahibəni təqdim edir:

Sizi daha ətraflı tanıyaq.

Adım Zümrüd Umudovadır, 27 yaşım var. Kürdəmirdə doğulub böyümüşəm. Azərbaycanda Kimya fakültəsində təhsil almışam, lakin bu sahə üzrə işləməmişəm. 2012-ci ildə Hindistana köçmüşəm və 5 il burada qalmışam. Bu müddətdə Nyu-Dehlidə “NİİT” İnsitutunda İngilis dili, Kompüter proqramlaşdırılması üzrə təhsil aldım və bu sahələr üzrə 5 diplomum var. Həmçinin Hindistanın Noida şəhərində “Assocom” İnsitutunda Qida texnologiyası üzrə təhsil aldım va bu sahə üzrə 1 il mühazirə dedim. 2 il yarım əvvəl isə ailəmlə birgə Nigeriyaya gəldim, burada Port Harkourt şəhərində yaşayıram və 3 oğlum var. Bu şəhər Atlantik okeanı yaxınlığındadır.

Nigeriyalı bəylə tanışlığınız necə baş tutdu?

Həyat yoldaşımla Bakıda tanış olmuşuq və ilk övladımız da Bakıda doğulub. Bir-birimizi çox sevib evlənmişik. O, Bakıya işlə əlaqədar Dubaydan göndərilmişdi.

Hal-hazırda Nigeriyada hansı işlə məşğulsunuz?

Burada mənim özəl “private limited” şirkətim var. Ara-sıra mühazirələr də deyirəm, evdə tələbələr də qəbul edirəm.

Azərbaycana gəlmək kimi bir fikriniz varmı?

Hə, yaxın müddətdə Bakıya gəlməyi planlamışam. Bir neçə aylığa.

Mahnı sözləri yazdığınızı dediniz. Bu işlə nə vaxtdan bəri məşğulsunuz?

Uşaqlıqdan şeir yazmağa maraqlı olmuşam. Məktəb vaxtlarında “Tumurcuq” qəzetində şeirlərim çap olunurdu. Daha sonar texniki fənnlərə meyllənməyə başladım. Nigeriyada özümlə baş-başa qalmaq üçün şərait var, belə zamanlarda yazmaq üçün ilham gəlir. Ona görə də, bura köçdüyüm müddətdə çox şeirlər yazmışam. Yazdıqlarımın hamısı ingilis dilindədir. Azərbaycanda şeirlərimin tanınmasını çox istərdim, xüsusən ingiliscə oxuyan sənətçilərmizin sözlərimə bəstələnən mahnıları oxumasını. Ölkəsindən aralı yaşayan biri kimi bu mənə qürur verər.

Hindistanda və Nigeriyada azərbaycanlılarla rastlaşmısınızmı?

Təəssüf ki, yox. Ümumiyyətlə, Azərbaycandan çıxandan sonar sadəcə Hindistan səfirliyimizdə azərbaycanlıları görmüşəm. Təəssüf etdiyim başqa məqam Nigeriyada Azərbaycan səfirliyinin olmamasıdır. Səfirliklə məsələ olanda Misirə və ya Dubaya getməli oluruq.

Nigeriyada yaşayış səviyyəsi hansı dərəcədədir? Azərbaycanla hansı fərqlər mövcüddur?

Azərbaycanla müqayisədə bura çox böyük ölkədir. Təkcə mənim yaşadığım şəhər bütün Azərbaycandan böyükdür. Ölkənin 200 milyon əhalisi var. Ona görə də, yaşayış səviyyəsi də bizdən fərqlidir. Həm ərazi cəhətdən, din, dil, mədəniyyət, mətbəx, geyim və ağlınıza gələ biləcək hər cəhətdən fərqlidir. Burada yaşayıb Azərbaycan üçün darıxmamaq mümkün deyil. Düzdür, buranın da öz gözəlliyi, yeməklərinin öz dadı var. Amma bir az zaman lazımdır alışmaq üçün. Mənəvi cəhətdən güclü olmalısan. Buranın insanları çox mehribandılar, xüsusən xaricilərə qarşı. Adət-ənənələri isə tamamilə fərqlidir. Məsələn, bizdə evə gedən qonaq hədiyyə aparır. Burada isə ev yiyəsi qonağa hədiyyə verir.

Bəs ölkədə aclıq və şirin su problemi var?

Xeyr, bura çox yağış yağan ölkədir. Təbiəti çox zəngindir. Xüsusən də meyvələri. Hər şey təbii yetişir. İşləyən burada ac qalmaz.

Ölkədə ağdərililər çoxdur?

Bizim yaşadığımız şəhərdə xaricilər çoxdur. Çünki, bura neftlə zəngindir. Ona görə də, çoxlu neft şirkətləti var və minlərlə ağdərili burada çalışır. Xüsusən livanlılar, ərəblər, rus, türk və hindlilər çoxdur.

İnsanların ağdərililərə münasibəti necədir?

Burada ağdərili insanları “oyibo” deyə çağırırlar. Nə vaxt məni küçədə görsələr baxıb gülümsəyirlər. İrqçilik etmirlər, çox mehribandılar.

Nigeriyanın təhsil sistemi necədir?

Buranın təhsil sistemini şəxsən çox bəyənirəm. Müəllimlər həddən artıq tələbkardılar. Uşaqlar 1-2 yaşdan məktəbə başlayırlar, bu məktəblər “pre-nursery” adlanır. Daha sonra “nursery” gəlir. 5 yaşdan isə “primary” təhsili başlanır.

Valideyn-övlad münasibətlərində hansı fərqlər mövcuddur?

Nigeriyalılar uşaqlarını təmbəl böyütmürlər, uşağı əzizləmirlər. Uşaqlar kiçik yaşlardan yediyi qabı yumağı öyrənirlər, ev işlərində valideynə kömək edirlər.

Nigeriyada da bizdəki kimi lüks evlər, lüks maşınlara üstünlük verilir, yoxsa evlər və maşınlar sadədir?

Onlar lüks maşınları sevirlər, həmçinin evləri də.

Nigeriya mətbəxinin spesifik xüsusiyyətləri nələrdir? Azərbaycan mətbəxindən çox fərqlənirmi?

Nigeriya mətbəxi təmamilə özünəməxsus və hədsiz genişdir. Nə Avropa, nə də Asiya ölkələri ilə oxşar olmayan yeməkləri var. Nigeriya tropik ölkə olduğu üçün burada əsasən tropic meyvə və tərəvəzlər yetişir. Bu da Nigeriya mətbəxinə öz təsirini göstərir. Burada əsasən yam, kasava kimi kartof ailəsinə mənsub olan, lakin kartofdan fərqlənən tərəvəzlər istifadə edilir. Közə verilmiş balıqlar da geniş istifadə olunur.

Yeməklərin çoxunu “qırmızı yağ” adlanan yağla bişirirlər. Bu yağ palma ağacından hazırlanır. Ağacın meyvəsi bişirilib əzildikdən sonra xüsusi prosesdən keçir və yağ halına düşür.Bu yağ orqanizm üçün çox yararlıdır.Yeməkləri əslində dadlıdır, uyğunlaşmaq üçün səbrli olmaq lazımdır. Meyvələrdən ən çox bəyəndiyim avakado, mango, papaya, kaju fıstığıdır. Meyvələrin çoxu özlərinə məxsus olduğu üçün öz dillərində adlandırırlar, çoxunun adını ingiliscə bilmirəm. Burada bütün meyvələr gübrəsiz, təbii yetişdirilir və insanlar hər şeyi mövsümündə yeyirlər.

Son olaraq bizə Nigeriyanın mətbuatı, incəsənəti barədə maraqlı məqamları çatdırardınız.

Bura çoxdilli ölkədir. Yüzlərlə xalq bir arada yaşayır. Ona görə də, televiziyaları çoxdillidir. Əsas dil ingilis dilidir. Bununla yanaşı iqbo, yoruba, hausa adlanan 3 hakim dil var. Bu dillərdə də saysız Tv kanalları var. Burada kino biznesi çox inkişaf edib. Hollivud və Bollivuddan sonra dünyada Nollivud tanınır ki, bu da Nigeriyaya məxsusdur. Kinolar əsasən komediya və “African vudo” əsasında çəkilir. “African vudo” cadu deməkdir. Cadu burada həmişə geniş yayılıb, ona görə də, bu cür filmlər çəkib insanları maarifləndirməyə çalışırlar.

Musiqiləri isə əsasən “high-life” adlanan milli musiqilərdir. Bununla yanaşı, pop, rok, soul, hip hop və s. kimi janrlar da məşhurdur.

Zaman ayırdığınız üçün təşəkkür edirik.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR