"Dövlətlər nüvə silahından təhdid kimi istifadə edirlər" - Politoloq Nəzakət Məmmədova - Müsahibə

Nüvə sazişinə daxil olan ölkələr ard-arda sazişdən çıxmaqdadır. Bu təbii ki, bəşəriyyət üçün böyük təhlükə deməkdir. Nüvə sazişi tərəfdar ölkələrin qarşısına hansı şərtləri qoyur? Beynəlxalq siyasətdə baş verən son proseslər nüvə müharibəsi ilə nəticələnə bilmərmi?

Metbuat.az məsələ ilə bağlı tanınmış politoloq Nəzakət Məmmədovanın fikirlərini öyrənib. Saytımıza danışan politoloq dünyadakı son nüvə silahı problemlərini şərh edərək bunun bütün dünya üçün böyük faciələr doğura biləcəyini deyib:

“Təbii ki, nüvə silahı elə bir silah növüdür ki, onun tətbiqi asan məsələ deyil, dövlətlər bundan daha çox bir-birinə təhdid vasitəsi kimi istifadə edirlər, nəinki real müharibədə. Amma hər bir halda müasir proseslər, gərgin ziddiyyətli beynəlxalq münasibətlər kontekstində bu, böyük narahatlıq, qarşıdurma mənbəyidir və bəşəriyyəti narahat edən problemlərdən biridir”.

Nüvə silahının yayılmaması haqqında sazişə tərəfdar ölkələrin öhdəlikləri var.

“Nüvə silahının yayılmaması haqqında 1968-ci il müqaviləsinin də əsas məqsədi nüvə silahının yayılması qarşısında möhkəm sədd çəkmək, dövlətlərin müqavilə üzrə öz üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinə beynəlxalq nəzarəti təmin etmək, atom enerjisindən dinc məqsədlərlə istifadə olunması üçün geniş imkanlar yaratmaqdır. Müqaviləyə tərəfdar çıxan nüvə silahına malik iştirakçı dövlətlərin hər biri öz üzərlərinə aşağıdakı öhdəlikləri götürürlər: nüvə silahını və onun komponentlərini digər bir tərəfə ötürməmək, birbaşa və ya dolayı yolla onlar üzərində nəzarət etməsinə şərait yaratmamaq; nüvə silahına malik olmayan hər hansı bir dövləti bu silah növünü və onun komponentlərini istehsal etməyə, əldə etməyə, onlar üzərində nəzarət etməyə kömək, təşviq və təhrik etmək”.

Nüvə silahına sahib olan ölkələr arasında ən çox təzyiq İranadır.

“Nüvə silahının yayılmaması haqda müqaviləyə riayət etməməkdə ən çox ittiham edilən ölkə İrandır. İranın bu fəaliyyətinə ən çox dəstək verən dövlət isə Rusiya Federasiyasıdır. ABŞ-ın 16 Kəşfiyyat orqanı adından əminliklə belə bir fikir səsələndirilmişdir ki, İran hələ 2003-cü ildə öz nüvə silahı planını dayandırmışdır, lakin o, bu prosesi fürsət tapan kimi yenidən bərpa etmək niyyətindədir. Onlar dissidentlər tərəfindən İrandan oğurlanaraq ABŞ Kəşfiyyat orqanlarına ötürülmüş komputer proqramındakı materialları təhlil etdikdən sonra bu qərara gəldiklərini bildirmiş və İİR-in bu sahədəki fəaliyyətini reallaşdırmaq ehtimalının olduğunu proqnozlaşdırmışlar”.

Azərbaycan nüvə silahının yayılmaması üçün lazımi səyləri göstərir.

“Azərbaycan nüvə silahlarının tamamilə aradan qaldırılması sahəsində son məqsədə nail olmaq üçün bütövlükdə nüvə silahlarının yayılmasının qarşısının alınması, nüvə tərksilah prosesinə və beləliklə də beynəlxalq sülh və təhlükəsizliyin qüvvətlənməsinə səmərəli şəkildə səy göstərir. Azərbaycan, həmçinin nüvə təhlükəsizliyi sahəsində beynəlxalq rejimin bütövlükdə yerinə yetirilməsi üçün beynəlxalq ictimaiyyətin məqsədyönlü şəkildə səylərinin artırılmasına fəal şəkildə cəlb olunmağa cəhd edir. Geniş qonşuluqda nüvə silahlarının, onların tərkib hissələrinin və texnologiyalarının mövcudluğu Azərbaycanı bütün müvafiq razılıqların yerinə yetirilməsində fəal iştiraka məcbur edir.

Şərqlə qərb və şimalla cənub arasında əsas kommunikasiyaların kəsişmə nöqtəsində, eləcə də gərgin münaqişə regionunda yerləşmiş Azərbaycan kütləvi qırğın silahlarına aid olan material, texnologiya və bütövlükdə tərkib hissələrinin, eləcə də onların daşınması vasitələrinin öz ərazisi vasitəsilə mümkün ötürmələrin qarşısını almaq məqsədilə bütün vacib praktiki və qanunvericilik vasitələrindən istifadə edir”.

Ermənistanın işğalçılıq siyasəti bu səylərin həyata keçməsində əsas maneədir.

“Təəssüf ki, regiondakı “dondurulmuş konfliktlər” və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20% ərazisinin işğalının davam etməsi nüvə silahlarının yayılmaması sahəsində bu səyləri, eləcə də digər beynəlxalq səylərin həyata keçirilməsinə başlıca maneədir. Bu işğalın nəticəsində ərazinin əhəmiyyətli hissəsi və beynəlxalq sərhədlər dövlətimizin nəzarəti altında deyil və bu öz növbəsində qeyri-sabit regionda nüvə materiallarının qeyri-qanuni ötürülməsi təhlükəsini artırır”.

Nüvə silahı problemi beynəlxalq siyasətin əsas probleminə çevrilib.

“Avqust ayı bəşəriyyət tarixində ilk dəfə olaraq atom silahının tətbiq olunduğu ay kimi qalıb. Bildiyimiz kimi 6 və 9 avqust Yaponiya şəhərlərinə atom bombası atılıb və bu, dəhşətli hadisə dünya tarixində ləkə kimi qalacaqdır. Lakin təəssüf ki, bəzi dövlətlər bundan nəticə çıxarmaq əvəzinə, əksinə nüvə silahının təkmilləşdirilməsi üzərində baş sındırır, bir-birini onunla təhdid edirlər. Nüvə təhdidi, nüvə diplomatiyası artıq beynəlxalq siyasətin aktual mövzusuna çevrilib ki, biz bunu həm İranın nüvə proqramı ətrafında baş verəngərginlik, eyni zamanda Rusiya və ABŞ arasında müşahidə edilən mübarizə fonunda aşkar surətdə hiss edirik”.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR