3 əsr haqqı tapdanan həkim - İbn əl-Nəfis

3 əsr haqqı tapdanan həkim -  İbn əl-Nəfis
19:57 13 Avqust 2019
Ölkə mətbuatı
A- A+

1213-1288-ci illər arasında yaşamış orta əsr təbibi İbn əl-Nəfisin tam adı Əbul-Həsən Əlauddin Əli ibn Əbil-Həzm əl-Xalidi əl-Məxzumi əl-Qureyşi ət-Dəməşqidir.

İndiki Suriyanın paytaxtı Dəməşqdə (keçmiş adı Şam) dünyaya gələn İbn əl-Nəfis həkim, anatomiya, fiziologiya, cərrah, oftamologiya, psixologiya, astronomiya və geologiya kimi fərqli elm sahələrində mükəmməl biliyə sahib olub. Bunlarla bərabər sosial və dünyəvi elmlərdə də elmi fəaliyyəti olan İbn Nəfis hafiz, mühəddis (hədisşünas), teoloq, İslam filosofu, qrammer (dilin incəliklərini bilən şəxs) və tarixçi olub. Onun həyatının böyük bir hissəsi isə Misirin paytaxtı Qahirəyə bağlıdır.

Milli.Az faktxeber.com-a istinadən bildirir ki, İbn əl-Nəfis Nurəddin Mahmud Zəngi tərəfindən XII əsrdə Şamda yaradılan "əl-Bimaristan ən-Nuri" xəstəxanada tibb elmini öyrənib. İlk müəllimi Əbdurrahim ibn Əli Əl-Dəhvarın yanında tibb təhsilini tamamlayıb və Misirə köçüb. O, Qahirədəki Nasiri xəstəxanasında işləyərkən bir çox tələbə yetişdirib. Tələbələri arasında ən məşhur olanı İbnul-Kuffdur.

Daha sonra Sultan I Beybarsın şəxsi həkimi olub.

İbn əl-Nəfisin əsərləri arasında ən çox tanınanı "Mucəz"dir. Ən böyük kəşfi isə ağciyər dövranını (kiçik qan dövranı) tapmasıdır. O, müalicədən çox, xəstəliklərin əsas səbəblərini tapmaq üzərində çalışırmış. Ortopediya elminin ilk quru-cularındandır.

Hippokrat qan dövranına görə qara ciyəri "ittiham edirdi" və ürəyi bir damar genişləməsi adlandırırdı. Aristo damarların hava ilə dolu olduğunu, Qalen isə qanın sağ ürəkdən sol ürəyə ara bölmədəki keçidlər vasitəçiliyi ilə keçdiyini irəli sürürdü.

İbn əl-Nəfisin qan dövranı ilə əlaqədar fikirləri isə belədir:

1. Ürək ancaq öz daxilindən keçən damarlar vasitəsi ilə qidalanır. O, bununla tac dövranını ilk tapan elm adamı adını qazanıb.

2. Qan ağciyərləri qidalandırmaq üçün deyil, təmiz hava aparmaq üçün yayılır. Ondan təxminən 4 əsr sonra ingilis Uilyam Harvi (1578-1657) də bu fikri təsdiqləyib.

3. Ağ ciyərə gedən damarla, ağciyərdən dönən damar arasında dövranı tamamlayan əlaqələr mövcuddur. Bundan təxminən 3 əsr sonra italyan həkim Matteo Realdo Kolombo (1515-1559) bunu ilk dəfə özünün tapdığını iddia edib. Amma tarixdə heç nə unudulmur və faktlar itmir.

4. Ağ ciyər damarları əvvəlcədən güman edildiyinin əksinə olaraq hava ilə deyil, qanla doludur.

5. Ağ ciyər arteriyasının divarı ağciyər divarından daha qalındır. Amma son illərə qədər elə hesab edilirdi ki, bu kəşf ispan həkim Mişel Servetə (1511-1553) məxsusdur.

6. Ürək kameraları arasındakı bölmədə keçid yoxdur. Qan dövranını ürək belə tamamlayar: Qanın sol qulaqcığa keçməsi ağciyərlər yolu ilədir. Sağ qulaqcıqdan ağciyərlərə gələn qan burada isindikdən və hava ilə qarışdıqdan sonra ağciyər venaları ilə sol qulaqcığa keçir. Bu, ağciyər dövranının ilk kəşfi idi.

1616-cı ildə Uilyam Harvey Qalen nəzəriyyəsinin səhvlərini tamamilə ortaya qoydu və yeni bir ağ ciyər dövranı nəzəriyyəsini irəli sürdü. Ağ ciyər dövranı sistemi modelinin ilk dəfə Harvey tərəfindən kəşf edildiyi məlumatı 1924-cü ilə qədər dəyişmədən qaldı. 1924-cü ildə Freiburq Tibb Universitetində elm tarixinin çöhrəsini dəyişdirəcək hadisə baş verdi. Muhyiddin Tantavi adlı misirli gənc müsəlman bir həkimə almanca tezis hazırladı. Bu gənc həkimin tezisi bəzi alman professorların diqqətini çəkdi. Çünki tezisdə ilk dəfə kiçik qan dövranının İbn əl-Nəfis adlı müsəlman alim tərəfindən tapıldığından bəhs edilirdi. Professorlar buna heç cür inana bilmirdilər, bunu mümkünsüz hesab edirdilər. Tezisin bir nüsxəsi həmin dövrdə Qahirədə yaşayan alman həkim Mayerhofa göndərilir. Dr.Mayerhof Tantavini təsdiqləməklə qalmayıb, daha sonra yazdığı məqalədə belə bir açıqlamaya da yer verib: "Bəli, ağ ciyər dövranını ilk tapan İbn əl-Nəfisdir. 1553-cü ildə Servet, 1559-cu ildə Kolombo, 1628-ci ildə Harvey qan dövranı haqqında bir kəlmə belə danışmamışdan əsrlər əvvəl İbn əl-Nəfis ağ ciyər dövranını kəşf etmişdi. Bu gün M.Servetin İbn əl-Nəfisdən xəbərdar olduğu və Kolombonun Servetin kitabından məlumat aldığı, hətta İbn əl-Nəfisin kitablarının tərcüməsi ilə məşğul olan şəxslə əlaqədə olduğu anlaşılmaqdadır. Kolombo ürək dövranı mövzusunda əhəmiyyətli təsirləri olan araşdırıcıdır. İtaliya anatomiya məktəbinin digər məşhur müəllimləri hesab edilən Fallopius və Fabrikius da tibb təhsilini İtaliyadakı Padua Universitetində alıblar. Bu universitetdə Şimali Afrika müsəlmanlarının təsirinin çox olduğu də məlumdur."

"Kitabuş-şimi fit-tibb" alimin ən böyük əsəridir. 300 cüz olaraq yazmağı planlaşdırdığı əsərini bitirə bilmədən vəfat edib. Kitabın 80 cüzü Qahirədəki "Bimaristan əl-Mansuri"də saxlanılır. İçində o zamana qədər tibb elminə aid nə qədər məlumat varsa hamısı qeyd edilib.

"Kitab əl-Muhəzzəb fil-kəhl": Göz xəstəliyi haqqın¬da qiymətli bir əsərdir. Bir nüsxəsi Vatikan kitabxanasında saxlanılır.

"Kitab əl-Muxtar fil-əqziyə": Qidalar haqqındadır. Berlin Kitabxanasında saxlanılır.

"Mucəz əl-Qanun": Ən çox tanınan əsəridir. İbn Sinanın məşhur əsəri olan "Qanun"un bir növ xülasəsidir (fiz-yologiya və anatomiya xaric). Əsərin əsilləri Paris, Oxford və Münhen kitabxanalarındadır. Bir çox dilə tər-cümə edilib. Əsərə bir çox şərh, haşiyə və izah yazılıb. "Mucəz" ilk dəfə 1828-ci ildə Kəlküttədə çap edilib.

"Şərhi Təşrih əl-Qanun": Qanunun anatomiya bö¬lümlərinin şərhidir. Hərçənd "Qanun"da insan anatomiyasına dair xüsusi hissə yoxdur, amma mövzuların içində bəzən anatomiyadan bəhs edilib. İbn əl-Nəfis anatomiyaya dair bu qisimləri izah edərək ortaya 300 səhifəlik kitab çıxarıb. Ayrıca bu əsərlə özündən yüzlərlə il sonra ortaya çıxan patologiya anato¬miyasının də təməllərini qoyub.

İbn əl-Nəfisin ayrıca ikisi Hipokratın, biri Huneyn ibn İshakın əsərlərinə olmaqla başqa tibbi şərhləri və İslam Peyğəmbərinin (s) həyatından bəhs edən "Risalətul Kamiliyə fis-sirətin-Nəbəviyyə", hədis elminin prinsiplərini izah edən "Muxtəsər fi elmi usul əl-hədis" kimi tibbdən qeyri əsərləri də var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/777860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR