Avtomobil bazarında qiymətləri kim qaldırır?

Avtomobil bazarında qiymətləri kim qaldırır?
22:57 23 Avqust 2019
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekspertlər sentyabrda bazarın canlanacağını proqnozlaşdırırlar

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Bu ilin iyul ayında Azərbaycanın avtomobil bazarında avtomobillərin orta qiyməti 38 817 manat təşkil edib. Bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov məlumat verib. Onun sözlərinə görə, 2019-cu ilin əvvəlindən avtomobil bazarında qiymətlər 34 faiz artıb: "Qiymət artımı ilin əvvəlində avtomobil idxalına aksiz vergisinin dərəcəsinin artırılması səbəb olub. Eyni zamanda, ötən illə müqayisədə avtomobil bazarında fəallığın azalması müşahidə olunur. Bazarda təklif tələbi əhəmiyyətli dərəcədə üstələyir. Hesab edirəm ki, yaxın aylarda yüksək tələbatla əlaqədar olaraq kiçiklitrajlı avtomobillərin qiymətində azalma gözlənilmir. Böyük ehtimalla, irihəcmli və qiyməti yüksək olan avtomobillər ucuzlaşacaq".
 
N.İbrahimov bildirib ki, 2019-cu ilin iyul ayında iyunla müqayisədə böyükhəcmli avtomobillərin qiyməti 0,99 faiz azalıb, kiçiklitrajlı avtomobillərin qiyməti isə 3,8 faiz artıb: "Avtomobil bazarında dizel mühərrikli avtomobillərə marağın azalması müşahidə olunur. Əksər hallarda müştərilər KIA, "Hyundai", "Toyota" markalarına üstünlük veriblər. Ötən ay bahalı avtomobillərin (əsasən "Land Rover" şirkətinin avtomobilləri) orta qiyməti 400 min manatdan çox olub, az büdcəli avtomobillərin (əsasən 1984-cü il istehsalı olan VAZ) orta qiyməti isə 1800 manat təşkil edib".
Ekspert əlavə edib ki, "Peugeot" markalı avtomobillərin münasib qiymətlərinə (ortalama 16 min manat) baxmayaraq, bu nəqliyyat vasitələri Azərbaycanda kifayət qədər populyar deyil. 
Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?
 
Avtomobil məsələləri üzrə ekspert Eldəniz Cəfərov avtomobil bazarı anlayışının geniş olduğunu və bazardakı qiymət haqqında fikir söyləmək üçün bütün satış platformalarını təhlil etmək lazım olduğunu deyir: "Açığı, keçən həftənin araşdırmasına əsasən bazarda qiymət stabildir. Yəni, ciddi, nəzərəçarpacaq artım yoxdur. Bilirsiniz, avtomobil bazarı geniş anlayışdır, burada yalnız maşın bazarlarında olan qiymət nəzərdə tutulmur. Maşın bazarına gedib ümumi qiymətlərlə maraqlanıb avtomobil bazarı haqqında konkret bir fikir demək düzgün deyil. Günümüzdə maşın alğı-satqısı müxtəlif platformalardan həyata keçirilir. Satış avtomobil salonlarında, maşın bazarlarında, bir də onlayn satış saytlarında elanların yerləşdirilməsi ilə baş tutur. Avtomobil bazarı haqqında danışarkən bu sadaladıqlarımı da kompleks şəklində nəzərə alıb, həm birinci, həm də ikinci əl maşın bazarını araşdırıb, müəyyən təhlillər apardıqdan sonra artım və ya azalma olduğunu deyə bilərik, sırf bazardakı qiymətə yönlənməməliyik. Maşın bazarı elədir ki, insanlar buradan gəlir əldə etmək məqsədi ilə istifadə edir. Yəni, elə şəxslər var ki, artıq müntəzəm olaraq alğı-satqı ilə məşğuldur. Bunlar süni qiymət artımına səbəb olurlar. Amma ümumi bazarda fərdi şəxslər öz maşınlarını normal qiymətə satışa çıxarırlar. Bu istiqamətdə avtomobillərin qiyməti yüksəlməyib. Yeni avtomobillərdə qiymət artımından isə ümumiyyətlə danışa bilmərik. Çünki onların qiymətini rəsmi distribüterlər tənzimləyir. Bu avtomobillərin qiyməti dövlət rüsumları yüksələndə artır. Payızda da yüksəlmə gözlənilir demək olmaz. Birinci əl bazarda yüksəlmə gözlənilmir. Çünki bu ilin sonuna qədər hər hansısa dövlət rüsumunun qalxması haqqında məlumatlı deyilik. Dövlət rüsumunda yüksəlmə olmasa, yeni avtomobillərin qiymətində də artım müşahidə edilməyək. Çünki ölkəyə maşın gətirən şirkətlər də qiymət artımında maraqlı deyillər. Onlar qiymətin rəqabətə uyğun olmasını və məhsulun satılmağını istəyirlər".
 
Qiymətlərdə yüksəlmə müşahidə edilmədiyini deyən ekspert qeyd edir ki, tək-tük adamlar ola bilsin maşın bazarında məhsulu baha qiymətə deyib, süni qiymət artımına səbəb olsunlar: "Lakin onun deməyi ilə deyil, bazar qiymətləri özü tənzimləyir. Həmin satıcı da son məqamda məcbur olaraq bazara uyğun satış edir. Deməzdim ki, azalma var. Hazırda qiymətləri liberal saymaq olar. Son olaraq yenə də qeyd edirəm ki, yeni avtomobil bazarında ən azı ilin sonuna qədər yüksəlmə gözlənilmir. İkinci əl maşın bazarında isə qiymətlər stabildir, kəskin artım müşahidə edilmir".
 
Avtomobil sahəsi üzrə ekspert Eyyub Əliyev bildirir ki, son dönəmlər ikinci əl maşınlara maraq artıb: "Hazırda satış əvvəlki dönəmə nisbətən yaxşıdır. İyun, iyul ayları avtomobil şirkətləri üçün çox yaxşı oldu. Avqust ayı isə həm devalvasiyadan əvvəl, həm də sonra həmişə sönük keçib. Çünki həmin dövrdə insanların başı istirahətə qarışır, çoxu pulunu o istiqamətdə xərcləyir. Amma sentyabrdan mövsümü olaraq bazar yenidən canlanacaq. İkinci əl bazarda bir məsələni müşahidə etmişəm ki, insanlar müəyyən şirkətlərin lizinqdə olan avtomobillərini satmağa çalışırlar. Daha çox nağd pula maşın almaq istəyirlər. Yəni, köhnə olsun, amma nağd olsun deyirlər. Bəziləri aylıq qazanclarının bir hissəsini maşına ödəməkdən beziblər. Demək olar ki, köhnə maşınlara tələbat artıb. Ona görə də ikinci əl bazarda cüzi qiymət yüksəlməsi olub".
 
Ekspertdən dizel mühərrikli avtomobillərə marağın azalma səbəbini də soruşduq. O bildirdi ki, sürücülərin bizim dizeldən ciddi şikayətləri var: "Bizdə avro dizel olmadığı üçün sürücülər narazılıq edir. Amma SOCAR-ın prezidenti bu problemin 2020-ci ildən həll olunacağını qeyd edib. Həmçinin dizel mühərrikli avtomobillərdə problemlər olur və onların ehtiyat hissləri bir qədər baha başa gəlir. Yanacaq baxımdan qənaətcil olsalar da, ehtiyat hissələrinin bahalılığından sürücülər həmin maşınlara üstünlük vermirlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/779980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR