​Kirayə qalmağa imkanı olmayan tələbələrin yataqxana problemi – VİDEO – FOTO

Ali məktəblərə qəbul imtahanlarının nəticələrinin açıqlanmasından sonra tələbə adı qazananların bir qisminin sevinci uzun sürmür.

Metbuat.az xəbər verir ki, hər il olduğu kimi bu tədris ilində də ali məktəblərin əksəriyyətinin yataqxana probleminin çözülməmiş qalması, tələbələri kirayə mənzil axtarmaq məcburiyyətində qoyur. Amma bəzi valideynlərin övladları üçün kirayə ev tutmağa imkanı olmadığından onlar aylıq qiyməti 20-60 manat arasında dəyişən mövcud universitet yataqxanalarına müraciət edirlər. Gördükləri mənzərə isə bir o qədər də ürək açan olmur.

Azərbaycan Dillər Universitetinin yataqxanasının bir hissəsində məcburi köçkünlər, bir hissəsində isə tələbələr məskunlaşıb. İçəri daxil olduqda isə qarşılaşılan mənzərə belədir; qaranlıq dəhliz və 200 tələbəyə ayrılmış kiçik bir oxu zalı. Hər biri maksimum 4 nəfər üçün nəzərdə tutulan otaqların isə hamısına bir mətbəx, bir ayaqyolu və bir hamam xidmət göstərir.

Belə mənzərə təkcə Dillər universitetinin deyil, ölkənin əksər universitetlərinin yataqxanalarında da hökm sürür. Götürək elə İqtisad universitetini. Bir vaxtlar tələbələr üçün fəaliyyət göstərən universitetin 5 yataqxanasının hər birində indi məcburi köçkünlər məskunlaşıb. Nəticədə yataqxanaya müraciət edən tələbələr ya yer çatışmazlığından, ya da şəraitsizlikdən məcbur olub kirayə evlərə üz tuturlar.

Natalia Abıyeva – Tələbə: “Mən istəyərdim ki, yataqxanalarda yerlər çox olsun. Çünki bütün tələbələrin təzə kirayə evə imkanı çatmır”.

Tamraz Əliyeva – Tələbə: “Mən öz yaxın ətrafımdan, qohumlarımdan deyə bilərəm ki, onlar bu il universitetə qəbul olublar, lakin 1 aya yaxındır ki, kirayə yer axtarırlar”.

Dövlət Pedoqoji, Aqrar və Tibb Universitetində isə vəziyyət bir qədər fərqlidi. Tibb Universitetinin 6 yataqxanasından cəmi birində məcburi köçkünlər yerləşib, digər 5 yataqxana isə tələbələrin ixtiyarındadır və indiyədək 956 tələbənin yerləşdirilməsi başa çatıb.

Ekspertlər isə bu fikirdədirlər ki, müasir universitetin ondan tələb olunan ehtiyacları ödəyə bilməsi üçün imkanları daha geniş olmalı, müasir informasiya texnologiyaları, yüksək tələblərə cavab verən avadanlıqlarla təchiz olunmalıdır. Bundan başqa, ali təhsil ocaqlarında tələbələrin elmlə rahat şəkildə məşğul olmaları üçün kampus şəraiti formalaşmalıdır.

Elşən Qafarov – Təhsil Üzrə Ekspert: “Hazırda kampus şəraitində fəaliyyətə mane olan ən böyük problemlərdən biri məcburi köçkünlərin Sovet dövründən mövcud olan tələbə yataqxanalarında məskunlaşmasıdır. Lakin dövlətin bugün gördüyü sistemli tədbirlərdən biri də odur ki, məöcburi köçkünlər üçün Bakı və Abşeron ətrafında şəhərciklər salınır və həmin yataqxanalar boşaldılır”.

Ekspertlər deyir ki, istər dövlət, istərsə də, özəl universitetlər tələbələrin təxminən böyük faizinin ödənişli təhsil aldığını və illik ödənişlə yanaşı, ayda azı 200 manat kirayə ödəmək məcburiyyətində qaldığını nəzərə almalı, illərdir həllini tapmayan yataqxana problemini tezliklə çözülməsində maraqlı olmalıdır. Axı, tələbənin sosial problemi, qayğıları artdıqca, bu onun təhsilinə, elm öyrənməsinə də mane olur. (ARB TV)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR