Red Bull Dance Your Style yarışmasının qalibi ilə mühasibə (FOTO)

Red Bull Dance Your Style yarışmasının qalibi ilə mühasibə (FOTO)
23:22 5 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Trend Red Bull Dance Your Style yarışmasının qalibi Rayman ilə mühasibəni təqdim edir:

Deyirlər ki, yaradıcı insanlarla görüşəndə sizdə yaranan ilk təəssüratlar çox vacib olur. Və məhz onlar sizin bu sənətkara gələcək münasibətinizi müəyyənləşdirir. Bizim bugünkü müsahibəmizin qəhrəmanı bunun əyani təsdiqidir. 23 yaşlı istedadlı Hip Hop rəqqası Ramil Məmmədli və ya sadəcə RAYMAN daxilindən gələn güclü müsbət enerji və şübhəsiz istedadı ilə ilk görüşdən hamını özünə heyran edir.

Bildiyiniz kimi, avqustun 25-də Heydər Əliyev Mərkəzinin parkında Azərbaycanda ilk dəfə olaraq Red Bull Dance Your Style adlı möhtəşəm bir rəqs müsabiqəsi keçirilmişdir. Təxminən 4000 tamaşaçı tərəfindən canlı izlənilən bu küçə rəqsləri bayramı 16 nəfər ən bacarıqlı Street Style rəqqaslarının parlaq perfomansları ilə yadda qaldı. Yarışmanın münsif heyəti olan tamaşaçılar tərəfindən seçilmiş qalib bizim qəhrəmanımız RAYMAN oldu. Beləliklə, məhz bu istedadlı gənc oktyabr ayının 12-də Fransanın Paris şəhərində keçiriləcək Red Bull Dance Your Style beynəlxalq yarışmada Azərbaycanı təmsil edib, dünyanın ən yaxşı rəqqasları ilə mübarizə aparmaq şansını qazandı. Gəlin, finalçı ilə daha yaxından tanış olaq.

Xoş gördük. Sənə hansı adla müraciət etməyimizi istərdin – Ramil yoxsa RAYMAN?

Salam. Dost-tanış və “rəqs yoldaşlarım” mənə “Rey” deyir. Özüm də bu ləqəbimə tam öyrəşmişəm. Amma evdəkilər, mənim ailəm və yaxınlarım, təbii ki, mənə öz adımla müraciət edir.

Söylə, görək, necəsən? Hisslərini bizimlə bölüş, qalib olmaq necədir?

İndi - əla! (gülür) Amma, sözün düzü, orada özümü bir qədər qeyri-adi hiss edirdim. Bilirsiniz, həyatımda ilk dəfə məni özümə tam aydın olmayan meyarlarla görə qiymətləndirirdilər. Yəni, qərarı münsiflər heyəti verəndə hər şey aydındır, mən qabaqcadan bilirəm, hansı məqamlar nəzərə alınacaq, burada isə... Minlərlə tamaşaçı seçim etməli idi. Onların nəyi bəyənib-bəyənmədiklərini qabaqcadan müəyyənləşdirmək elə də asan iş deyil. Ona görə də çıxışdan əvvəl mən sadəcə rəqs edib, bundan ləzzət almaq və tamaşaçılarla öz enerjimi paylaşmaq qərarını verdim. Deyəsən, alındı! (gülümsəyir)

Rəqs sənin üçün nədir? Necə oldu ki, sən rəqslə məşğul olmağa başladın?

Rəqs sadəcə həyat tərzimdir, onsuz özümü təsəvvür etmirəm. Rəqs edəndə mən özümü sanki başqa bir dünyada hiss edirəm, bütün problemlər unudulur, sadəcə drayv və həzz qalır. Başlanğıca gəldikdə isə, mən uşaqlıqdan musiqi aləminə qovuşmuşam. 7 yaşım tamam olanda ailəmlə birlikdə Rusiyadan qayıdandan sonra mən Rostropoviç adına 21 nömrəli musiqi məktəbinə daxil oldum. Siz inanmayacaqsınız, amma mən o vaxtlar skripka çalırdım!

Doğrudan? Bu axı tam fərqli, klassik musiqi alətidir və onu çalmaq üçün müəyyən hövsələ, səbr və böyük həvəs lazımdır!

Elədir! Və sizə deyim: ilk bir neçə il ərzində seçdiyim alətə marağım, həqiqətən də, böyük və səmimi idi. Lakin 12-13 yaşa çatdıqda daxili aləmimi ifadə etmək üçün daha nəyə isə ehtiyacım olduğunu aydın anladım. Təxminən o vaxtlar mən YouTube-da müxtəlif ölkələrdən olan rəqqasların videolarına baxmağa başladım. Əvvəlcə mən Tektonik (djampstaylinq, Hip Hop və texno üslubların birləşməsi) rəqsi ilə məşğul olmağa başladım. Bu üslub 21-ci əsrin ən müasir rəqs hərəkatlarından biri idi və əvvəllər onunla yalnız Elekro-rəqqaslar məşğul idi. Onların videolarını izləyib, hərəkətlərini təkrar etməyə çalışırdım və daha sonra Bakıda həmfikirləri axtarmağa başladım.

Deməli, belə rəqs etməyi Sən özün oyrənmisən? Sirri aç, sadəcə video izləyib, belə nəticələrə nail olmaq necə mümkündür?

Sizi inandırım ki, mümkündür! Amma bunun üçün tək istedad deyil, həmçinin, böyük həvəs və zəhmət lazımdır. Təbii ki, daha yüksək nəticələri əldə etmək, daim inkişaf etmək, komandalar heyətində çoxlu məşq etmək, özünü sınaya biləcəyin müxtəlif çempionatlarda iştirak etmək lazımdır. Yeri gəlmişkən, fərdi məşqlərə keçirərək, Bakıda özüm kimi, rəqsə heyran olan cavanları axtardım və tapdım, lakin tezliklə Elektro rəqslə məşğul olanlar Bakıdan köçüb gedti. Elə həmin dövrdə Hip Hopla maraqlanan cavanlarla tanış oldum. Bundan sonra getdiyim istiqaməti dəyişdirdim və məhz Hip Hopla məşğul olmağa başladım. Heç də peşman deyiləm!

Zəhmət olmasa, sizin “komyuniti” dediyiniz icmanız haqqında danış. Münasibətləriniz, dəyərləriniz, məqsədləriniz nədir?

Küçə rəqsləri mədəniyyətinin bir hissəsi olmaq bütün dünyaya yayılmış böyük bir ailənin üzvü olmaq deməkdir. Dünyanın dörd bir tərəfindən olan eyni düşüncəli insanlar üçün bir araya gəlib, öz istedadları və enerjilərini bölüşmək üçün əla fürsətdir. Street Style rəqsləri müxtəlif millət və dinlərə aid olan insanların bir ünsiyyət vasitəsidir. Ancaq eyni zamanda, hər bir ölkədə icmanın özünəməxsus xüsusiyyətləri var. Məsələn, çıxış etdiyi yerdən asılı olmayaraq, Azərbaycanın rəqqaslar icması həmişə fərqli və özünəməxsusdur. Bizə xas olan bir başqa energetika var – biz aramızda ona “Rəqs Vaybı” deyirik. Bir önəmli məqam da var: nə olursa olsun hamımız əsas qaydaya əməl edirik: bir-birimizə hörmət edirik.

Red Bull Dance Your Style-ın 1/4 mərhələsində Bboy Button səni irəliyə buraxdı, demək olar ki, öz yerini sənə verdi. Buna münasibətin?

Bəli, elədir ki var. Button rəqs etməyə məndən daha tez başlayıb və öz sahəsində bir peşəkardır. Mənə verdiyi bu şansa görə ona olduqca minnətdaram, ümumiyyətlə, bütün uşaqlara təşəkkür etmək istəyirəm! Hamının məni dəstəklədiyini və qələbəmə sevinməyini daim hiss edirdim. Həqiqətən, hər bir işdə motivasiya olduqca vacibdir!

Bboy Button isə mənim həyatımda çox vacib rol oynayan bir adamdır. Sizə bir əhvalatı danışım, özünüz başa düşəcəksiniz. 1 il bundan əvvəl dənizdə üzən zaman birdən ayağımdakı əzələ qıc olur, mən batmağa başlayıram. Boğularaq, huşumu itirib, su altında gedirəm, bir neçə dəqiqə məni heç kəs görmür, xilas olmağım üçün ümid artıq qalmır. Bu an məni sudan çıxarıb, sahildə mənə ilk yardım göstərən məhz Bboy Button ilə Vesper adlı başqa bir rəqqas oldular... Həmin gün mən klinik ölüm keçirdim... Sonra uzun bir reabilitasiyadan keçdim. Odur ki, mən öz möcüzəvi xilasım üçün dostlarıma borcluyam!

Demək olar ki, bəxtin gətirib: Sən sanki ikinci dəfə həyata gəlmisən ki!

Doğrudan da, həmin gün ikinci doğum günümdür... Əsas məsələ orasındadır ki, mənim üçün hər şey yaxşı başa çatdı – bu cür müsabiqənin qalibi oldum və burada əyləşib, sizinlə söhbət edirəm (gülür).

Sənin rəqslə məşğul olduğun uzun müddət ərzində hansı çətinliklərlə rastlaşmısan? Səncə, Azərbaycanda küçə rəqslərinə münasibət necədir? Sənin seçimini yaxınların dəstəklədimi?

Hazırdakı vəziyyətdən söhbət açsaq, təbii ki, hamımız küçə rəqslərinə münasibətin müsbət tərəfə dəyişməsi və breyk dans, Hip Hopa olan marağın sürətlə artmasınının şahidiyik. Amma 5-6 il bundan əvvəl qat-qat pis idi. Bizim mədəniyyət və fəlsəfəmiz ciddiyə alınmırdı, çox vaxt biz maraqlarımız, rəqslərimiz və geyim tərzimizi müdafiə etməyə məcbur olurduq. O vaxtlar bəziləri bizi hətta lağa qoyurdu, tez-tez toqquşmalarımız da baş verirdi. Amma bu hallar keçmişdə qaldı, zaman bir yerdə dayanmır, hər şey dəyişir və yaxşılaşır.

Bəzi rəqqasların yaxınları stereotiplərinə görə onlara dəstək vermirdi, rəqsin “kişi işi” olmadığını hesab edib, bizim məşğuliyyətimizə müvəqqəti “uşaq hərəkəti” kimi yanaşırdı. Mənim bəxtim burada da gətirdi: şəxsən mənə rəqslər inkişaf etməyə heç vaxt mane olmayıb və yaxınlarım mənə heç bir əngəl törətməyib. Hal-hazırda Maliyyə və Kredit fakültəsində dərs alıram, eyni zamanda marketinq və veb dizaynı öyrənirəm. Müxtəlif sahələrdə iş təcrübəm var: həm barista, həm satış meneceri, həm brend inkişafı üzrə menecer kimi fəaliyyət göstərmişəm. Nə etməyim və hansı yolu seçməyimdən asılı olmayaraq, mənim əsas məqsədlərim özüm kimi qalmaq və daim inkişaf etməkdır. Və, əlbəttə, məşğul olduğum işdən zövq almaq!

Yəni, sən həyatda öz yerini axtarmağa davam edirsən. Deməli, özünü tək rəqsdə deyil, başqa bir sahədə də görməyə hazırsan?

Niyə də yox? Ola bilsin ki, sabah mənim əsas işim rəqslə bağlı olmasın, amma nə olur olsun, mən ömrüm boyu rəqs etməyə davam edəcəm. Buna tam əminəm, elə siz də əmin ola bilərsiniz! (gülümsəyir)

Müsabiqəyə görə çox sag ol. Sən nəinki istedadlı rəqqassan, hətta çox səmimi və olduqca pozitiv bir insansan. Bütün işlərində sənə uğurlar, ən əsası isə, Parisdə Red Bull Dance Your Style yarışmasında qələbə arzulayırıq!

Sizə təşəkkür edirəm. Mənə səs verən bütün tamaşaçılara, mənə dəstək olan dostlarıma dərin minnətdarlığımı bildirmək istəyirəm. Fransada Red Bull Dance Your Style yarışmasında Azərbaycanımızı layiqincə təmsil etmək üçün əlimdən gələni etməyə söz verirəm!

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3114665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR