Şeyxülislam Prezidentə təşəkkür etdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib.

Metbuat.az xəbər verir ki, məktubda deyilir: "Möhtərəm cənab Prezident! Qafqaz bölgəsi dindarlarının arzu və iradəsini ifadə edərək Sizə – Azərbaycan xalqının ləyaqətli oğluna, dövlət rəhbərimizə və dünyanın tanınmış siyasi xadiminə salamlarımı və təşəkkürlərimi ünvanlayıram.

70 illik yubileyim və Şeyxülislam kimi fəaliyyətimin 40 illiyi münasibətilə Zati-aliləriniz tərəfindən dövlətin ən yüksək ali təltifatına – “Heydər Əliyev” ordeninə layiq görülməyim şəxsimə və Azərbaycan dindarlarına olan yüksək hörmət və etimadın göstəricisi, İslam aləmində və dini mərkəzlər tarixində nadir rast gəlinən müstəsna hadisədir. Müstəqil dövlətimizin ali dövlət mükafatını din xadiminə təqdim etməklə Siz, Zati-aliləri, dünya tarixinin ictimai-mənəvi dəyərlər müstəvisində yeni bir səhifə açdınız. Sizin alicənablığınız sayəsində Şeyxülislamın fəaliyyətinə verilən qiymət, eyni zamanda, Azərbaycan dövlətində milli-dini dəyərlərə olan özəl münasibətin, Zati-alilərinizin ölkəmizin hüdudlarından keçib Qafqaz regionuna, İslam dünyasına və beynəlxalq ictimaiyyətə qədər irəliləyən şöhrətinin sübutu və təqdiridir.

Zati-aliləri! Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, iqtisadi qüdrətinin artması istiqamətində misilsiz səyləriniz qürur mənbəyimizdir. Azərbaycandakı din–dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınız, milli-mədəni irsin dirçəlişinə göstərdiyiniz maddi və mənəvi yardım, dini abidələrə dövlət səviyyəsində qayğı və himayə müdrik siyasətin nümunəsi kimi beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Fəxrlə deyə bilərik ki, Azərbaycanın dünya miqyasında mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoq prosesində bugünkü uğurları, aparıcı rolu Sizin siyasi iradə və qlobal təşəbbüslərinizdən qaynaqlanır. Zati-alilərinizin XXI əsrdə bəşəriyyətin mənəvi ehtiyac duyduğu və zamanın tələblərinə cavab verən qlobal ideyaları, müəllifi olduğunuz Bakı prosesi, elan etdiyiniz Multikulturalizm, İslam Həmrəyliyi illəri sayəsində Azərbaycanın adı tarixin səhifələrinə nümunəvi tolerantlıq və bəşəri həmrəylik məkanı kimi yazılır. Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi haqqında Zati-alilərinizin tarixi qərarı beynəlxalq ictimaiyyət, nüfuzlu dini liderlər tərəfindən yüksək dəyərləndirilir. Zati-alilərinizin xeyir-duası ilə Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi Sizin ideyalarınızın təntənəsi olub, Azərbaycanın dünya miqyasında bu istiqamətdə fəaliyyətlərin mərkəzi statusunu bir daha təsdiq etdi.

Zat-aliləri! Məni Azərbaycan dövlətinin ali mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif etməyiniz mənim üçün olduqca böyük fəxarət, qürur mənbəyidir. Ulu Öndərin adını daşıyan ali dövlət mükafatı bütün təltifatlarımın ən uça zirvəsi oldu. Adı və xatirəsi mənim üçün əziz olan qardaşımın adını əbədiləşdirən bu ordenin mənim üçün nə qədər böyük mənalar kəsb etdiyini sözlə ifadə etmək çətindir. Azərbaycan xalqı, Azərbaycan dindarları, Şeyxülislam olaraq şəxsən mən Zati-alilərinizin əməllərində Ulu Öndər Heydər Əliyevin uca mənəviyyat yolunun davamını görməkdən şərəf duyuruq.

Möhtərəm cənab Prezident! Doğum günümdə mənə ünvanladığınız səmimi təbrik məktubunda fəaliyyətimə verdiyiniz dəyərlə fəxr duyur, şəxsimə göstərdiyiniz diqqətə, tutduğum məqama nümayiş etdirdiyiniz ehtirama görə bir daha Sizə dərin təşəkkürlərimi və minnətdarlığımı bildirirəm. Azərbaycan xalqının rifahı, dövlətimizin qüdrətinin artması, ərazi bütövlüyümüzün bərpası naminə misilsiz fəaliyyətinizə Allah-Təaladan uğurlar diləyir, Sizə və gözəl ailənizə ən xoş arzularımı yetirirəm.

Zati-aliləri! Biz, din xadimləri, bütün Azərbaycan xalqı inanırıq ki, Ulu Yaradanın köməyi, Sizin rəhbərliyinizlə Azərbaycan dünya miqyasında daha böyük uğurlara imza atacaqdır və biz Sizin kimi müdrik dövlət rəhbərimizin varlığı ilə hər zamankı kimi iftixar duyacağıq. Uca Allah daima yardımçınız olsun, Lütf və Mərhəmətini Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin!".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR